Ət bahalaşır, “leş mafiyası” hərəkətə keçir: “Saat 6-dan sonra AQTA dincəlməyə gedir, leşçilər işə başlayır”

2022-11-29 21:00:00

Ət bahalaşır, “leş mafiyası” hərəkətə keçir: “Saat 6-dan sonra AQTA dincəlməyə gedir, leşçilər işə başlayır”

Son vaxtlar dana ətinin qiymətində bahalaşma müşahidə edilir.İndi ət satışı məntəqələrində dana ətinin bir kiloqramında 1 manat, 1.50 qəpik artım var. Bəzi yerlərdə bu artım 2 manat həddinə çatıb. Dekabrın sonu və yanvar ayının əvvəlində ətin yenidən bahalaşacağı isə istisna edilmir.

 

Bu artım ölkədə bir çox sahəyə təsir edir. Son ildə unun və çörəyin, bir çox ərzaq məhsullarının qiymətinin bahalaşması ilə restoran və kafelərdə də menyunun qiyməti artmışdı. Yenidən menyuya müdaxilə edə bilməyən sahibkarlar ətin tərkibinə, keyfiyyətinə müdaxilə edirlər. Qida mütəxəssisləri bəzi restoranlarda məişəti məlum olmayan ətlərin verildiyini qeyd edirlər. Dəfələrlə ölkəmizdə kafe və restoranlarda leş ətləri aşkarlanıb.

 

Bu bahalaşma “leş mafiyası”nı gücləndirəcəkmi? Mənşəyi məum olmayan ətlərdən dönərxanalarda istifadə olunurmu?

 

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib ki, bahalaşma bu məsələyə təsir edir:

“Əlbəttə, bahalaşma olduqda bu məsələlər daha da şiddətlənir. Artıq 25 ildir “Azad İstehlakçılar” İctimai Birliyi “leş mafiyası”nı təqib edir, lakin biz onun axırına çıxa bilməmişik. Burada “Azad İstehlakçılar” İctimai Birliyinin, onun rayon şöbələrinin böyük günahı var. Mundar olmuş əti kəsən, gətirən, bütün bu işlər onuları gözü qarşısında, qonşuluğunda baş verir.

 

AİİB özünü böyük günahkar hesab edir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görübdür. Onlar bunu ifşa edən zaman ətləri ekspertizaya verirlər, həbslər həyata keçirirlər. Təəssüflər olsun ki, bu işə məhkəmələr ayrı cür baxır, yəni bir müddətdən sonra onlara bəraət verib buraxırlar. “Leş mafiyası” sanki məhkəmələrdə özlərinə dayaq tapıblar. Ona görə də bu problem ölkədən qurtarmır. Çünki yaxşı ictimai nəzarət yoxdur. Bunlar bələdiyyələrin, sahə müvəkkillərinin, axundların gözləri qarşısında baş verir. Biz dəfələrlə din xadimləri ilə görüşmüşük. Bir sözlə, bu məsələ ölkədə yığışmır”.

 

Sədr hesab edir ki, bu cür halların yaranmasına səbəblərdən biri də qanunvericilikdə bütün ətlərin satılmasına verilən icazədir:

 

“Qanunvericilikdə hər bir ətin satımasına icazənin olması da ciddi məsələlərdən biridir. Yəni heç bir məhdudiyyət yoxdur və hər bir ət Azərbaycanda satıla bilər. Təsadüfi deyil ki, 6 il öncə kənd təsərrüfatı nazirliyinin idarə rəisi çıxış etdi və dedi ki, istənilən ətin üzərnə nə əti olduğunu qeyd etmək şərtilə satmaq olar.

 

“Azad İstehlakçılar” İctimai Birliyi isə bununla qəti razı deyil. Mütləq müəyyən qaydalar, nəsə sənəd qəbul olunmalıdır. Azərbaycanda ənənəvi olmayan ətlər yeyilməməlidir. Təəssüflər olsun ki, bu davam edir və bu cür ətlər bazara çıxarılır. Şübhəsiz ki, bunlar dönərxanalarda son nöqtələrini tapır. Bu ətlər hətta restoranlara, uşaq bağçasından tutmuş dönərxanalara da gedə bilər. Bəlkə də biz hamımız bundan yemişik. Bunu nəzəri cəhətdən deyirəm, ona görə belə deyirəm ki, bu vaxta kimi xeyli sayda “leş mafiyası” ifşa olunub, heç kim soruşmur ki, sən bu əti hara aparırdın. Tuturlar, cərimə qoyurlar, xüsusilə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yalnız cərimə edir. Demir ki, bunu hara aparırdın. Tələb olmasa, təklif də olmaz. Təəssüf ki, ətin son nöqtəsi tapılmayıb”.

 

Eyyub Hüseynov dövlət orqanlarının kompleks tədbir görməməsindən narahatdır:

 

“İllər öncə mənə 4-cü mikrorayonda leş ətlərin topdansatış yerinin oması barədə xəbər gəldi. İşi gecə görürlər. Mən tanınmamaq üçün xüsusi geyim geyinib gecə saat 3-də getdim. Doğrudan şahidi oldum və aidiyyəti dövlət orqanlarına məlumat verdim. Dövlət orqanlarının bu işin həllinə kompleks yanaşması yoxdur.

 

Düşünürəm ki, Daxili İşlər Nazirliyinə bu cür ətlərin təqib olunması üçün xüsusi icazələr verilməlidir və onlar daha fəal çalışmalıdır. Ölkədə cəld reaksiya mexanizmi yoxdur. Əgər biri görərsə ki, eşşək əti satılır, hara zəng eləsə belə, heç bir dövlət qurumunun ona müdaxilə eləmək icazəsi yoxdur. Axşam saat 6-dan sonra AQTA-nin işçiləri dincəlməyə gedir, leşçilərsə o saatdan sonra işə başlayırlar. Bu, anormal haldır. Ona görə də əhali diqqətli olmalıdır. AQTA-nın laboratoriyaları əti analiz edib, hansı heyvana məxsus olmasını müəyyən edə bilir.

 

Ona görə insanlar şübhəli ət gördükdə mütləq AQTA-nın “1003” qaynar telefon xəttinə zəng edib, vəziyyəti deməlidirlər. Nə qədər ki, ölkədə heyvanların identifikasiyası məsələsi həyata keçirilməyib, biz bununla həmişə rastlaşacağıq. Bundan sonra hər bir heyvanın izlənmə prosesi olacaq, nə vaxt doğulub, hansı baytarlıq dərmanları vurulub, harada ölüb və digər məsələlər hamısı haqqında məlumat olacaqdır.

 

Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilərsə, bazarlarda, marketlərdə ətlər paketlənib, üzərinə buraxılma tarixi, son yararlılıq tarixi yazılarsa, onda inana bilərik. Ölkədə cəmi bir ət müəssisə var ki, o, əti paketləyir və üstünə yararlılıq müddətini və digər qeydləri edir.

 

Bir il bundan öncə Qida Təhlükəsizliyi Agentliyinin rəis müavini mənimlə söhbət etdi, bu işləri düzəldəcəklər. Lakin ölkədəki heyvanların 0,5 faizinin identifikasiyası yerinə yetirilib. AQTA gərək bu məsələləri həll eləsin, çünki bu, onların qarşısında duran məsələlərdən biridir. Təəssüf ki, AQTA yalnız ərzaq mallarının təhlükəsizliyini təmin edir, bu cür murdar ət məsələsi kənarda qalıb. Murdar ət təhlükəli olmaya bilər, lakin o, yeyiləcək ət deyil. Keyfiyyət məsələsi həll olmur, bu da bizi narahat edir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154840