Saat:02:42
Haqqımızda

Əsl insan – can həkimi və qəssab “həkim”lər

2023-03-23 17:59:00

Əsl insan – can həkimi və qəssab “həkim”lər

Uşaqlıqdan dünya görmüş adamlardan eşitdiyimdir, terapevtə “can həkimi” deyirdilər. Doğrudan da əsl həkimlərə, canımızı etibar etdiyimiz, canımıza yanan həkimlərə yaraşır: CAN HƏKİMİ!

Gerçəkdə əsl həkimlərdən – can həkimlərindən hər çağ yarımışam. Necə dana bilərəm, son 30 ilin yaşamıma görə göydə Allaha, yerdə həkimlərə borcluyam. Belə demək mümkünsə, həkimlərin Allahın İRADƏsi ilə ölümün əlindən qurtarması sonucunda 30 ildir artıq yaşayıram. Allah qarşıma hər çağ əsl həkimlər çıxarıb. 30 il qabaq Ağdərə bölgəsindən qospitalizasiya olunanda da, sonra da. Ad çəkməsəm olmaz, amma onların əsl adı elə CAN HƏKİMİdir!

Mənim can həkimim “Azərsutikinti” xəstəxanasının şöbə müdiri, ali dərəcəli həkim Xaqani Quliyevin indi hansı tibb müəssisəsində çalışdığını bilmirəm, heç soruşmuram da. Ha çağ bağlantı qursam, gileylənir, niyə gəlmirsən müayinəyə? Elə ortalıq 25 il qabaq olduğu kimi. Ölümdən qurtardığına görə qohumlarımın “hörmətini” rədd etmişdi ki, hörmətiniz ən azı hər üç aydan bir xəstənizi müayinəmə gətirməkdir.

Ötən ilin sentyabrın ilk günlərində daha bir can həkimini, həyatımın qurtarıcısını Allah mənə göndərdi: TƏBİB-in “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası”nın 6 saylı bölməsinin həkimi İradə xanım İsmayılova! Bu can həkimimin - xilaskarımın adını bir ay qabaq məktubla bildiriblər.

Belə ki, 6 aylıq şikayətlərimə cavab olaraq TƏBİB 28.02.2023 tarixli məktubla əsl həkim heyətinin və qəssab “həkim”lərin kimliyini açıqlayıb. 24-cü Polis Şöbəsinə çağırılan həkimlərin “xəstədə gözlə görünən xəsarət müəyyən etməməsi” bildirilən məktubda ən son çağırılan ƏSL HƏKİM İRADƏ xanım İSMAYILOVAnın “Döş qəfəsinin əzilməsi. Alnın sıyrılmış yarası. Essensial hipertenziya.” diaqnozunu qoyması vurğulanıb. Sual doğur, ilk çağırılanlar qan içində çabalayan xəstəyə hansı gözlə baxıblar ki, heç bir xəsarət izi görməyiblər? Amma bir gün sonra gələn əsl həkim hətta döş qəfəsinin əzilməsini də görüb! ? Və qospitalizasiya etmək istəyinə polisin yol vermədiyini izahatında vurğulayıb. Digər ilk gələn “həkim” heç bir müayinə aparmadan necə vicdansızcasına yalanla yardım etdiklərini saxtalaşdırıblar? Bəs vicdan, həkim andı? Yoxsa qəssab haqqı vicdandan da üstündür?

1993-cü ilin sentyabrında Qubadlı işğal olunanda Əvəz adlı müəllim yaralı durumda girov götürülmüşdü. Həkim onu əməliyyat otağında əməliyyat edəndə yaraqlı quldurlar otağa girib həkimə “türkü əməliyyat edirsən?” deyə yaralını öldürmək istəyəndə, həkim otağında qərarı həkimin verdiyi etirazı ilə istəklərinə nail ola bilməyiblər. Əsl həkimin milliyyəti olmur, belə də deyiblər. Həmin erməni həkimin peşəsinə, andına sadiqliyi həmin Azərbaycan türkü mülki girovun həyatını xilas edib. Bizim “milli” həkimlər isə vicdanını qoyub, polisin yardıma qadağa göstərişinə əməl edirlər. Belələrinə həkim adı haramdır, olsa-olsa qəssab olarlar.

Əsl həkim, can həkimi İradə xanım İsmayılova kimi olar. Sonadək vuruşub, axırı, polis maşınında da olsa, rentgen müayinəsinə aparılmağıma nail olub. Sonrası... Hələ də prokurorluq cinayəti rüşvətlə ört-basdır edir. Mənimsə canıma qəsddən qazandığım CAN HƏKİMİ oldu.

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR