ƏSGƏRLİYƏ GETMƏK ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT ETDİ - İsmayıllı sakini hərbi xidmətə yararsız olmadığını iddia edir
İsmayıllı şəhəri, Həcər küçəsi, ev 2-də yaşayan İbrahimov Taleh Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, Taleh İbrahimov Saleh oğlu, hərbi xidmətə çağırış zamanı mənə qoyulan tibbi diaqnoza etirazım var. Bu səbəbdən, aidiyyəti qurumlardan aşağıda göstərilən səbəblərə görə tibbi diaqnozumun yenidən nəzərdən keçirilməsini və hərbi xidmətə yararlı olub-olmadığımın obyektiv şəkildə qiymətləndirilməsini tələb və xahiş edirəm.
Bildirim ki, evliyəm və iki övladım var.
33 yaşımda hərbi xidmətə gedib, borcumu yerinə yetirmək istəyirəm. Mənə verilmiş olan “yararsızlıq”la bağlı diaqnozun əsassız olduğunu düşünürəm. İndiyə qədər səhhətimlə bağlı heç bir ciddi problem yaşamamışam və mənim belə bir xəstəliyim yoxdur. Adını çəkməyə çəkindiyim diaqnoz həqiqətən də məndə yoxdur. Həmin diaqnozun hansı əsasla yazıldığını dəqiq bilirəm, amma bu barədə rəsmi şəkildə sübut təqdim edə bilmədiyim üçün məsələni açıq şəkildə bildirməkdə çətinlik çəkirəm. Daha dəqiqi, valideynlərimi məsuliyyət altına salmamaq üçün də bu barədə danışmaq istəmirəm.
Cənab Prezident!
Tibbi müayinənin yenidən aparılması üçün yalnız həkimlərin deyil, dövlət qurumlarının nümayəndələrinin də iştirakını təmin etməyinizi xahiş edirəm. Bu, müayinənin obyektiv və ədalətli aparılmasına şərait yaradacaq. İndiyədək mənə tətbiq edilmiş köhnə diaqnozlara əsaslanmadan, şəxsi vəziyyətimin nəzərə alınması ilə yenidən müayinə keçirilməsini istəyirəm. Xahiş edirəm ki, həkimlər yalnız sənədləri köçürməklə deyil, məni şəxsən yoxlayaraq obyektiv rəy bildirsinlər.
Əgər sağlam olduğum tam təsdiqlənərsə, hərbi xidmətə yararlı hesab edilməyimə şərait yaradılmasını tələb edirəm.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:
Maddə 25: Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Heç kəs ayrı-seçkiliyə məruz qala bilməz.
Maddə 41: Hər bir vətəndaşın sağlamlığının qorunması dövlətin təminatındadır və hər kəsin tibbi yardım almaq hüququ vardır.
Maddə 76: Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş qaydada hərbi xidmət keçmək vəzifəsi vardır.
Bu əsaslarla müraciətimin ədalətli şəkildə nəzərdən keçirilməsini və mənə geri dönüş edilməsini xahiş edirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.