Saat:00:05
Haqqımızda

Əsgər Namiq Abbasovu Fəxri Xiyabana buraxmadı, o isə...

2024-03-28 20:52:16

Əsgər Namiq Abbasovu Fəxri Xiyabana buraxmadı, o isə...

2004-cü ildə Lider Müstəqil Televiziyasının Mərkəzi Asiya Respublikaları üzrə müxbir postunun rəhbəri idim. Namiq Abbasov səfir səlahiyyətində Özbəkistana gəldi. Onunla ilk görüşüm Daşkəndin "İnterkontinental" hotelindəki beynəlxalq tədbirlərdən birində oldu. Kofe fasiləsi zamanı yaxınlaşıb özümü təqdim elədim. O vaxta kimi Namiq Abbasovu Milli Təhlükəsizlik naziri olanda bircə dəfə yaxından görmüşdüm. Fəxri Xiyabanda mərhum prezidentimiz Heydər Əliyevin dəfn mərasimi idi. Cənazəsi Fəxri Xiyabana gətirilirdi. Biz jurnalistlər qapıdan keçmək istəyəndə əsgərlərdən biri Namiq Abbasovu tanımadığından ona yol vermədi. O da dayanıb növbə gözləmək istədi. Mən əsgərə dedim ki, o, nazirdir. Namiq Abbasov özünü xalqdan seçməmək üçün dəfn mərasiminə də xalqın içərisindən keçib gedirdi...

Bunu tanınmış jurnalist Aida Eyvazova sosial şəbəkədə bildirib.

"Daşkənddə o böyük kişi ilə üz-üzə söhbət edirdim. Sevindi. Dedi, bu nə gözəl bir işdir ki, Vətəndən buraya bir xanımı jurnalist kimi işləməyə göndəriblər. İlk tanışlığımızdan sonra isə bildirdi ki, video materialları hazırlayanda mətni həmişə ona göstərim. Daşkənddəki səfirliyimizdə cənab səfir Namiq Abbasov həm də mənim redaktorum idi. Hər dəfə səfirliyə aid olan mətnləri oxuyandan sonra, deyirdi ki, elə yazmısan, redaktəyə ehtiyac qalmır. İndi Namiq Abbasovun xətti ilə düzəliş olunan vərəqlər də mənim arxivimdədir", - deyə A.Eyvazova bildirib.

2006-cı ildən AzTV-nin müxbir postunun rəhbəri işlədiyini vurğulayan jurnalist Namiq Abbasovla hər görüşünün bir təcrübə, həyat məktəbi olduğunu qeyd edib:

"Vətənimizin böyük oğlu haqqında deyiləcək o qədər xoş xatirələr var ki... Elə bir ab-hava yaratmışdı ki, bütün kollektiv, eləcə də soydaşlarımız səfirliyi öz evləri bilirdilər. Hər kəsi dinləyər, hər kəsə yardım etməyə çalışardı. Burada bizim dövlət bayramları xüsusi şövq ilə keçərdi. Namiq Abbasov öz davranışı, xarakteri ilə Özbəkistandakı hər bir azərbaycanlı və onu tanıyan özbəklər tərəfindən hörmətlə xatırlanır. Onun Vətən sevgisi və eşqi dilində deyildi, əməllərində idi. O, nazir olarkən, bu vətəni böyük-böyük dövlətlərin şərindən, bəd niyyətlərindən qorudu...

Daşkənddəki kiçik kollektivin atası oldu. Həyat yoldaşı Fəridə xanım isə hər birimizin anası və bacısı oldu. Bayramlarımızda Fəridə xanım də Heydər Əliyev adına Mədəni Mərkəzə gələr, bizimlə birlikdə bayram hazırlıqları görürdü. Yeməklərin reseptini də özü verirdi. Ərzaqlar onun dediyi miqdarda alınırdı... Bir də ki kollektivi birlikdə toplayıb şəhər ətrafına dincəlməyə aparardı. O günlərdən elə xoş xatirələrimiz qalıb ki...

Biz ondan çox şey öyrəndik. İş yerində bir-birinə hörmət, işlədiyin idarənin malına, əmlakına zərər vurmamaq, hətta elektirik enerjisinə və suya belə qənaət etmək... Bu onun prinsipi idi. Deyirdi ki, dövlətin bir damcı suyunu, işığını belə israf etmək olmaz.

Bir də ki gözəl bir sözü vardı: bu dünyanın nə var dövləti, nə də savaşları bir körpənin göz yaşına dəyməz. Elə adamlar var ki, vəzifə üçün, mənsəb üçün dava edir, ev yıxırlar. Bu dünyada əbədi qalan təmiz ad və şərəfdir".

Tanınmış jurnalist qeyd edib ki, Özbəkistandan qayıdıb gələndən sonra da Namiq Abbasov və həyat yoldaşı ilə əlaqələri kəsilməyib:

"Sonralar Fəridə xanım Namiq müəllimin səhhətinə görə qonaq qəbul etmədiyini bildirdi. Bayramdan-bayrama telefonla danışıb, hal-əhval tuturdum.

Dünyadan bir gözəl insan, Vətən oğlu Tanrı dərgahına qayıtdı. Hamımız gedəcəyik. Ancaq kim Tanrı dərgahına uçarsa, xoş onun halına...". \\Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR