Əsgər Ağazadəyə hökm oxunması qəsdən yubadılır? - 4 dəfə təxirə salınıb...

2022-08-26 13:06:00

Əsgər Ağazadəyə hökm oxunması qəsdən yubadılır? - 4 dəfə təxirə salınıb...

İctimai fəal Sənay Qəhrəmanlıya (Yağmur) qarşı cinsi təcavüz ittihamı üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı azyaşlıya qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib. Məhkəmədə zərərçəkmiş və müdafiə tərəfin vəkilləri çıxış edib. Yalnız təqsirləndirilən Əsgər Ağazadə son sözünü deməyib. Onun bu çıxışından sonra hökm elan olunmalıdır.

Hurriyyet.az “Meydan TV”yə istinadən xəbər verir ki, avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Əsgər Ağazadə son sözə hazırlaşmaq üçün vaxt istəyib.

Ona 1 həftə vaxt verilib. Avqustun 17-ə təyin edilən məhkəmə iclası da baş tutmayıb. Təqsirləndirilən şəxsin üç vəkilindən ikisi məhkəməyə gəlməyib. Əsgər Ağazadə isə bildirib ki, məhkəmənin bütün vəkillərinin iştirakıyla keçirilməsini istəyir. Bu səbəbdən məhkəmə prosesi yenidən təxirə salınıb.

Sənay Yağmurun anası və məhkəmədə nümayəndəsi Zümrüd Yağmur iclasın təxirə salınmasına etiraz edib. O, məhkəmənin məqsədli şəkildə yubadıldığını bildirib.

Zərərçəkmiş tərəf məhkəmə prosesinə sədrlik edən hakim Novruz Kərimovu qarşı tərəfin mənafeyindən çıxış etməkdə günahlandırıb.

Hakim isə öz növbəsində son vaxtlar Zümrüd Yağmur və başqa ictimai fəalların keçirdikləri etiraz aksiyalarında adının hallanması, Sənay Yağmurun işi üzrə məhkəmə prosesinə aid karikaturada əks olunmasından narazılığını ifadə edib.

Növbəti məhkəmə iclası avqustun 24-də keçirilib və bu dəfə də təxirə salınıb. Növbəti məhkəmə prosesi sentyabrın 2-nə təyin edilib.

Zümrüd Yağmur eyni gündə özünün də başqa bir ittihamla digər məhkəməyə çağırıldığını deyib:

“Sənayın işi yanvar ayından bəri hər həftənin 3-cü gününə təyin olunub. Çünki hər hakimin bəlli günü var və Novruz Kərimovun günü də 3-cü gündür. Bilirsiz ki, Sürəyya Ağayeva məni xüsusi ittiham qaydasında şikayət edib və keçən dəfə Abşeron rayon məhkəməsi məhkəmə iclasını ayın 24-nə, eyni günə və təxminən eyni saata təyin etmişdi. Biz həmin gün Abşeron rayon məhkəməsini təxirə saldıq. Avqustun 24-də Novruz Kərimov qəribə bir şəkildə iclası sentyabrın 2-sinə, həftənin 5-ci gününə təyin etdi. Düşündüm ki, bu nəsə oyundur və yəqin, Abşeron rayon məhkəməsi də elə ayın 2-sinə təyin edər. Səhər bildiriş gəldi. Nə olsa yaxşıdır? Abşeronda da məhkəmə ayın 2-nə təyin olunub.

Biz bu dəfə də təxirə salmaq istəyəndə, yəqin ki, qəbul etməyəcəklər. Guya məhkəmədən yayınmaq adı ilə məni polislə iclasa gətirməni “təmin” edib, həbsim üçün zəmin yaratmağa planlanmış ucuz oyun qurublar.

Novruz Kərimov bu 8 ayda öz günündə təyin etdiyi məhkəmənin vaxtını niyə birdən-birə dəyişdi? Və ən başlıcası, məhkəməni ayın 2-nə təyin etsə də, saat hələ də təyin edilməyib. Yəqin Abşeron rayon məhkəməsinin saatına uyğun olsun deyə gözləyiblər və Abşeronda saat 11-ə təyin edilibsə, bunlar da saat 12-yə filan təyin edər”.

Qeyd edək ki, Sənay Yağmura qarşı təcavüz ittihamıyla cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur. O, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu söyləyir. Əsgər Ağazadə məhkəmədə verdiyi ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib. Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edib ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.

Zərəçəkmişin anası Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. O, Əsgər Ağazadənin məsuliyyətdən yayınmaq üçün yalan danışdığını düşünür. Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan da narazı qalıb. O hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə uzun müddət məsuliyyətə cəlb edilməyib. Təxminən bir il sonra məsələ ictimailəşib və işi Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057683