Saat:10:51
Haqqımızda

ƏSƏRLİ ELM - EIMLİ ƏSƏR - Sərdar Cəlaloğlu yazır

2022-06-07 12:58:00

ƏSƏRLİ ELM - EIMLİ ƏSƏR - Sərdar Cəlaloğlu yazır

 

“Elmsiz əsər, əsərsiz elm ola bilməz”

Mark Pollian Virtuvin

Məlumdur ki, Naxçıvan memarlıq məktəbi Azərbaycan maddi-mədəniyyət tarixində, Azərbaycan memarlıq mədəniyyəti isə dünya memarlıq tarixində çox yüksək yerlərdən birini tutur. Bu gün memarlıq mədəniyyətimizə çox sayda əsərlər həsr olunsa da, hələ də bu sahədə öyrənilməsini gözləyən çoxlu məsələlər vardır. Buna görə də memarlığımıza həsr olunmuş hər bir əsər milli mədəniyyətimizin öyrənilməsi və tanıdılmasında ciddi xidmət kimi qiymətləndirilməlidir. Bu baxımdan, Naxçıvan Dövlət Universiteti Melorasiya və Geodeziya Mühəndisliyi kaferdarasının əməkdaşları - memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyevin, Baxşəli Mazanovun və Heydər Əsədovun “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstrukiyalarının hesablanması” adlı monoqrafiyaları, məncə, Azərbaycan memarşünaslıq elmində ciddi töhfə kimi dəyərləndirilməlidir.

Hər bir memarlıq əsəri fəlsəfənin köməyi ilə, həndəsə (forma), riyaziyyat (ölcü) və inşaatın (material və texnika) sintez edilməsindən meydana çıxır. Əsərin fəlsəfəsi onun təyinatı ilə bağlıdır. Buna görə memarlıqda hərbi, siyasi, mədəni, sosial təyinatlı əsərlər həm fomasına, həm ölçülərinə, həm də inşaat texnikasına görə bir-birindən fərqlənir.

Memarlıq əsərlərinin elmi təhlili də hər şeydən əvvəl, konkret əsərin fəlsəfəsini (təyinatı, təyinatına uyğun quruluşu və estetikası ilə təqdimatı) təyin etməyi, sonra onun forması, ölçülənməsi və inşa texnikası və texnologiyasını qanunauyğunlqlarını aşkarlamaq vəzifəsini yerinə yetirməlidir.

Müəlliflər öz monoqrafiyalarında eramızdan əvvəl I yüzillikdə yaşamış memarlıq nəzəriyyəçisi Mark Pollian Virtuvinin memarlıq nəzəriyyəsindən istifadə edərək, bu gözəl əsəri ortaya çıxarmışlar. Virtuvinin “Elmsiz əsər, əsərsiz elm ola bilməz” deyimi  monoqrafiyanın leytmotivini təşkil edir.

Monoqrafiya ilə tanış olduqda aydın görünür ki, müəlliflər qarşılarına qoyduqları vəzifəni layiqincə yerinə yetirə biliblər.

Məncə, bu əsərin əsas əhəmiyyətini aşağıdakılar kimi sıralamaq olar:

1. Azərbaycan memarlıq sənətinin türklərin tarixi yaşam təcrübəsi  ilə əlaqələrinin aşkarlanması. Monoqrafiyada Azərbaycan memarlığının qaynaqlarının Azərbaycan xalqının məişət mədəniyyətində axtarılması, əslində, xalqımızın bu sənətin həmyaradıcılarından biri olduğunu sübut edir. Bu əsərin əsas məziyyəti Azərbaycan memarlığının ümumtürk dünyagörüşünün - yaşam fəlsəfəsinin məhsulu olmasını sübut etməsidir. Belə ki, monoqrafiyada tədqiq olunan memarlıq əsərlərinin  qədim türk çadır konstruksiyaları əsasında yaradıldığı təkzibedilməz çoxsaylı faktlarla sübut olunur. Bu sonuncu isə, əslində, ibtidai yaşayış yerlərinin - mağaraların təbii konstriksiyasını özündə əks etdirdiyindən, aydın olur ki, Azərbaycan memarlığı öz kökünü təbiətdən almaqla, insanlıq tarixinin ən qədim sənətlərindn biri kimi çıxış edir.
2. Azərbaycan memarlığının dünya memarlıq təcrübəsi ilə qarşılıqlı  təsirlərini sübut etmək. Məlumdur ki, insanlıq mədəni dövrə qədəm qoyduqda və dünya qlobalizasiyaya başladığı ilk gündən mədəniyyətlər qarşılıqlı faydalılıq prinsipi ilə zənginləşməyə başlamışdır. Bu əlaqələr bir-birinə əks iki istiqamətdə inkişaf etmişdir. Bir tərəfdən Azərbaycan memarlığı dünya memarlığına töhvələr vermiş, digər tərəfdən dünya memarlığından bəhrələnərək zənginləşmişdir. Əsərdə müəlliflər Misir memarlığı və Kemah türbəsi ilə bəzi analogiyalar aparmaqla, Naxçıvan memarlıq məktəbinin dünyada aparıcı məktəblərdən biri olduğunu sübut etmişlər.

3. Azərbaycan memarlıq sənətinin təbii konstruksiyalarla əlaqələrinin təyin edilməsi. Bir çox elmlər üçün xarakterik olan antropoloji paralellər bu monoqrafiyada da istifadə edilib. Yəni təbii quruluşlarla insan əlindən çıxan konstruksiyalar arasında paralellik tədqiq olunub və maraqlı nəticələr alınıb. Müəlliflər Möminə Xatun türbəsi ilə insan bədəninin döş qəfəsinin quruluşu və bu abidədəki ornamentlərlə ibliz qabığının quruluşu arasında əlaqəni müəyyən etməklə, çox ciddi elmi nəticələrə gəlib çıxıblar.

Haşiyə: Fikrimcə, insan kəlləsinin quruluşu ilə qübbə və tağ quruluşlar arasında paralellik aparmaq da sübutetmə baxımından daha uğurlu olardı. Bundan başqa, vaxtilə Xudu Məmmədovun Azərbaycan xalçalarındakı naxışlarla maddələrin kristal quruluşları arasında oxşarlığı kəşf etməsinə uyğun, memarlıq abidələrində kristal quruluşlar, eləcə də canlıların - bitki və heyvanların hüceyrə quruluşları, həmçinin fəzada ulduz assosiasiyalarının düzülüş formaları arasında anologiyaların müəyyən edilməsi əsərin elmi yükünü daha da artırardı.

4. Elmi tədqiqatin “Qızıl orta” prinsipi əsasında aparılması. Əsərdə müəlliflər Virtuvinin belə bir fikrini diskurs edirlər: “Heç bir məbəd, onun hissələri ortaq ölçülük və mütənasiblik olmadan - düzgün qamətə malik olan insan bədəninin formasına malik olmadan, düzgün kompozisiyaya malik ola bilməz”. Vituvinin  qeyd etdiyi “ortaq ölçülük və mütənasiblik” ifadəsi elmdə “qızıl orta” və ya başqa cür qızıl mütənasiblik, hüdudu və orta münasibətə bölmə və ya harmonik bölmə adlanır. “Qızıl orta” - hissə ilə tam arasında yaxşı münasibəti ifadə edir, hansı ki, hissələrin öz aralarındakı nisbəti və hər bir hissənin tama nisbətinə bərabərdir. Belə münasibət təbiətdən aşkarlanmış, sonra elm və incənətə tətbiq edilmişdir. Xüsusən, “qızıl orta” arxitekturada proporsiyalaşmaya və müxtəlif sistemlərə əsaslanır. Fransız keşişi Luki Pacoli bunu “İlahi proporsiya” adlandırmışdır. Qeyd etmək lazımdır ki, “qızıl orta” prinsipi qədim Mesopotamiya, Misir və antik Yunan memarlığında nəzərə alınmışdır. Təbii ki, Azərbaycan memarlıq əsərlərində də bu nisbətin rəhbər götürülməsi “qızıl orta” prinsipinin Azərbaycan memarlarına məlum olmasından və milli memarlığımızın dünya memarlıq irsi və təbiətlə sıx əlaqədə meydana çıxdığını bir daha sübut edir.

5. Memarlıq abidələrinin bəzədilməsi və sakramentallığı. Villi Durant “Mədəniyyətin təməlləri” adlı kitabında yazır: “Memarlıq sadəcə “bina” demək deyil, həm də “gözəl bina” deməkdir. İbtidai bir qadının, ya da kişinin yaşadıqları yerin istifadəyə yaradığı qədər gözəl olması haqda düşündükləri zaman memarlıq yarandı. Ehtimal ki, bir obyektə gözəllik və əsalət verilməsi, əvəllər evlərdən çox məzar daşlarına verilmişdir”. Məhz buna görədir ki, ölülər üzərində ucaldılmış memarlıq abidələri - türbələr yaşayış binalarından daha möhtəşəm və daha gözəl və əsalətlidir. Əsərdə müəlliflər türbələrdəki ornamentlərin qurluşu və sadə ornamentlərdən mürəkkəb ornamentlərə keçidin qanunauyğunluqlarını müəyyən ediblər ki, bu da əsərin elmi yükünü xeyli dərəcədə artırmışdır. Memarlıq əsərlərində həndəsi ornamentlərin istifadəsinin iki səbəbi vardır:

Birincisi, Antik Yunan memarlığından fərqli olaraq islam mədəniyyətində insan füqurlarının yaradılması qadağan edildiyindən, memarlıq abidələri fəza füqurları ilə (insan və heyvan, o cümlədən mifik canlı heykəlləri ilə) yox, daha çox səthi füqurlarla - planimetrik həndəsi füqurlarla bəzədilmişdir. Əsərdə bu məsələ geniş və hərtərəfli tədqiq olunmuşdur.

İkincisi, həndəsi fiqurların, o cümlədən rəqəmlərin simvolik və sakremental mənalarının olması, onlardan konkret memarlıq əsərinə fəlsəfi məna vermək üçün istifadə edilməsi.

Memarlıqda kvadrat bölünmədən qübbələrin alınmasına doğru aparılan əməliyyatda ciddi əhəmiyyət kəsb edir, hansı ki, haqqında söz açılan kitabda müəlliflər məhz kvadrat bölünmədən digər həndəsi ornamentlərin necə yaradılması, yəni kvadrat bölünmədən qübbəyə keçidin yolu aydın, elmi şəkildə təsvir edilir.

Haşiyə: Əsərdə memarlıq ornamentlərinin sakramentallığı ilə bağlı məsələ geniş tədqiqata cəlb olunmamışdır. Əslində, memarlıq abidələrinin bəzədilməsində istifadə edilən ornamentlər paralel olaraq estetik təlabati ödəməklə yanaşı, həm də özündə simvolik məna ifadə etməklə əsərə sakramentallıq qazandırmışdır.

Memarlıq abidələrində dekor kimi istifadə edilən ornamentlər, həndəsi füqurlar, o cümlədən ədədi nisbətlər sakramental-mistik məna ifadə edir ki, bu da hər bir abidənin fəlsəfəsinin dərk edilməsində mühüm rol oynayır. Bu baxımdan, hər bir memarlıq əsərində tətbiq edilən həndəsi ornamentlər həm də əsərə mistik məna vermiş olur. Heç də təsadüfi deyil ki, belə əsərlər yarandıqdan az müddət sonra daha çox ziyarət yerlərinə çevrilmişdir. Fransız alimi Rene Qenon “Müqəddəs elmin simvolları” adlı əsərində yazir: “Simvolika həqiqi ali nizamın, dinin və metafizik anın öyrənilməsində (paralel olaraq həm də bu nizamın ifadə edilməsində - S.C), yəni müasir şüurun inkar etdiyi və laqeyd qaldığı nə varsa ən yaxşı üsuldur... Burada hər şeydən əvvəl arxitektura sənətinin simvolik və inisiativ dəyəri ilə bağlı qeyd etmək lazımdır ki, ənənəvi normalara ciddi şəkildə riayət etməklə tikilmiş istənilən bina öz strukturunda və onun onu təşkil edən müxtəlif hissələrin yerləşməsində “kosmik məna”dır. Bu sonuncunu ikili mənada anlamaq olar: makrokosmosla (Allahın və təbiətin yaratdığı) mikrokosmosun (insanın) analoji nisbəti, yəni onun eyni zamanda yaradılışa və insana aid olması... Təbii olaraq, bu hər şeydən əvvəl sözün ən dar çərçivəsində “sakral” təyinatı olan bütün məbədlər və başqa binalar üçün keçərlidir: bundan da artıq, həm də adi insan mənzili üçün belədir...”.

Müəlliflərin qəbirüstü memarlıq əsərinin – türbələrin elmi tədqiqata cəlb etdiyini nəzərə alıb, bu əsərin “sakral” mənasından çıxış edib əsərin həm konstruksiyasının, həm də naxışlanmasının sakral mənasını açmaq lazım gəlir. Rene Qenon bura kvadrat doğranmadan əmələ gələn strukturları, az-çox dərəcədə polusferik qübbə və ya tağla tacqoymanı aid edir, hansı ki, hər iki üsul Azərbaycan memarlığında da əsas memarlıq strukturları kimi çıxış edir. Bu strukturlardan kvadrat (səthin simvolu kimi) - yeri, sufli dərəcəni, bəşəriliyi, qübbə və ya tağ - yerin üzərində bərqərar olmuş  göyü, səmanı, aliliyi, ilahiliyi simvolizə edir. Hətta qədim Çində imperatorların geyimləri də bu simvolik bölgüyə uyğun hazırlanmışdır. Paltarın yuxarısı qübbə, aşağısı kvadrat. Abidələrə baxış bucağı da məhz bu simvolik mənaları aşkarlamağa imkan verir. Belə ki, abidəyə aşağıdan-yuxarı baxmaq yerlə-göyün vəhdətini özündə ifadə edir. Bu prinsip bəzi düzbucaqlı binalara sferik hissələrin əlavə edilməsi ilə möhtəşəm arxitektura abidələrinin yaradılmasında da özünü ifadə edir. Bəzi abidələrdə qübbə ilə kadratın arasında sütun ucaldılır (Mömünəxatın türbəsinin sərdabə olan hissəsində də belədir), hansı ki, özündə yerlə-göyün əlaqələndirilməsini ifadə edir. Bu, bəzən “dünya oxu” kimi də yozulur. Memarlıq abidələrinin qapılarının alçaq və dar olması da (abidənin ümümi proporsiyasına münasibətdə) ciddi simvolik məna ifadə edir. Belə ki, “dar və alçaq qapı” kosmosdan kosmosüstü sferaya keçidi ibtidaidən aliyə, aşağıdan-yuxarıya keçidi simvolizə edir, hansı ki, ibtidai insanın məskunlaşdığı təbii memarlıq nümunəsi kimi mağaralarında dar və alçaq girəcəklərinin olması məhz bu cür simvolizə edilmişdir. Mattanın İncilinin 7-ci fəslinin 13-14, 21-23, Lukanın İncilinin 13-cü fəsilinin 22-30-cu sətirlərindəki «dar qapı və geniş qapı“ anlayışı da məhz bu mənada işlənmişdir. Həmin hissədə deyilir: Dar qapıdan girin, çünki həlaka (fani həyata, ölümlü həyata –S.C) aparan qapı genişdir və yol enlidir; və ondan girənlər çoxdur... çünki həyata (əbədi həyata, axirətə - S.C.) aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır”.

Müəlliflər monoqrafiyada həndəsi ornamentlərdən birindən digərinə keçidin mexanizmini açmağa cəhd edirlər. R.Qenon yazır: ““Kosmik modeli özündə təcəssüm etdirən bina, istinasız olaraq bu iki hissəyə əsaslanan, onun strukturalarının məcmusu üç aləmin "qarşılıqlı" üst-üstə qoyulması, “ara aləmə” xas elementin olmaması ucbatndan mənasız olardı. Həqiqətdə isə, həmçinin belə bir element mövcuddur, belə ki, qübbə və ya dairəvi tağ bilavasitə kvadrat əsasa otura bilməz: elə etmək lazımdır ki, birindən digərinə keçid - aralıq forma mümkün olsun, hansı ki, öz növbəsində kvadratla dairəvi forma arasında  vasitəsi olsun, bu forma hamı tərəfindən səkkizgüşəli forma kimi qəbul edilmişdir. Həndəsi nöqteyi-nəzərindən bu səkkizgüşəli forma real olaraq dairəyə daha yaxındır, nəinki kvadrata, çünkü düzgün çoxgüşəli tərəflərinin sayı artdıqca daha çox dairəyə yaxınlaşır”.

Naxçıvan memarlıq məktəbində kvadratdan qübbəyə dogru fiqurların inkişafı özünə məxsus üsulla aparılmışdır ki, monoqrafiya müəllifləri də məhz bu üsulu kəşf etməyə müvəffəq olmuşlar. Qeyd etmək lazımdır ki, Çin memarlığında qübbə səkkiz sütün üzərində dayanır, hansı ki, həmin səkkiz sütün səkkiz güşəli ilə analogiya təşkil edir.

Azərbaycan memarlıq məktəbində ”təməl daşının”, yəni binanın damının forması da eynilə sakramental məna daşıyan və qübbə ilə paralel istifadə edilən həndəsi forma-piramida şəklindədir. Əsasını özülün çoxüzlülüyündən götürən və vahid bir zirvəyə qalxan piramida özündə yaradılış ierarxiyanı simvolizə edir. Hind memarşünası Kumarasavamiyə görə, piramidanın zirvəsi günəşi,  dörd üzü isə işığın dörd tərəfini özündə simvolizə edir. Nəzərə alsaq ki, İslam dinində Allah günəşə, Onun nuru günəşin işığına bənzədildiyindən, aydın olur ki, piramida Allahın öz nurundan dörd mütləq varlıq yaratmasını simvolizə edir.

İslam simvolikasında “bucaq” da xüsusi əhəmiyyət kəsb edir, hansı ki, memarlıq sənətində həndəsi ornamentlərin yaradılmasında bucaqdan da geniş istifadə edilmişdir. Möminə xatun türbəsinin medalyonlarındakı naxışlar da məhz bucaqlardan istifadə etməklə yaradılmışdır. Bu da bucağın simvolikasından çıxış edərək medalyonların simvolik mənalarını aşkarlamağa imkan verir.

Digər bir məsələ Azərbaycan memarlığında hərflərdən istifadə etməklə ornamentlər yaradılmasıdır. Məlumdur ki, islam aləmində “Elmül-huruf” hərflər haqqında elm mövcud olmuşdur. Ərəb alimi Seyid Mohiddin “Əl-Futuxatul-Məkkə” əsərində kainata simvolizə olunmuş “ilahi qələmlə” yazılmış kitab kimi baxır. Eyni baxışlar xristian dünyasında Qaliley tərəfindən də irəli sürülmüşdür. Qalileyə görə bu dünya həndəsi füqur və rəqəmlərlə yazılmış bir kitabdır.

İslam ezoterizmində “hərflər haqqında elm” “kosmoloji” elm hesab edilən astrologiya ilə sıx əlaqədə götürülür. Makrokosmosla mikrokosmosun struktur analogiyasına görə “Elmül-Hüruf” həm də insan bədəninin ayrı-ayrı orqanları hərflərlə uyğunlaşdırılmışdır. Beləliklə, memarlıqda ornamentlərdə istifadə olunan hərflər paralel olaraq kosmos və insanı paralel simvollaşdırmaq imkanı verməklə memarlıq əsərlərinin fəlsəfəsinin ifadə edilməsində geniş istifadə olunmuşdur. Hərflər bir tərəfdən kosmoqoniya-dünyanın yaradılışı və formalaşmasını, sufli dərəcədən ad və sayların mənasını ifadə edir.

“Elmul-Hüruf” həm də əlkimya ilə uyğunluq təşkil edir, hansı ki, memarlıq sənətinin tərkib hissəsi olan inşaat və texnologiya məhz əlkimyaya istinad edir. Beləliklə, memarlıq əsərlərinin bəzəyi ilə tikinti texnologiyası və struktur kompozisiyası vəhdətə gətirilmiş olur ki, bu da hər bir memarlıq əsərindən paralel olaraq kosmoqoniya, astrologiya və əlkimya kimi elmlərə xas biliklər əldə etməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, Möminə xatun türbəsində ərəb qrafikasından istifadə etməkə naxışlar yaradılmışdır ki, bu da həmin naxışların sakramental məna ifadə etdiyini sübut edir.

Bu əsər orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanmasına həsr olunub. Əgər memarlıq əsərlərinin həndəsi füqur və strukturlarının və bu abidələr üzərində hərflərdən düzəldilmiş ornamentlərin simvolik mənalarının olduğunu qəbul etsək, onda aydın olacaq ki, bu əsərlərin konstruksiyalarının hesablanmasından əldə edilən rəqəmlərin də simvolik mənası vardır və ya əksinə rəqəmlərin simvolik mənası əsasında onlardan ornamentlər və ölçülər müəyyən edilmişdir.

(Ardı var)

Sərdar CƏLALOĞLU

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR