Əsas vəzifə Xankəndi, Xocalıya qayıdışdır - “Dəmir yumruq”la alınan QİSAS

2022-08-04 14:22:00

Əsas vəzifə Xankəndi, Xocalıya qayıdışdır - “Dəmir yumruq”la alınan QİSAS

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, erməni terrorçuları Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq “Qisas” cavab əməliyyatına başlayıb. Əməliyyat nəticəsində terrorçu dəstələr ağır itkilər verib, eyni zamanda Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürülüb. Dia.az xəbər verir ki, ermənilərin təxribatı və “Qisas” əməliyyatı haqqında Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov rəsmi İrəvanın imza atdığı üçtərəfli 10 noyabr bəyannaməsinə əməl etmədiyini vurğulayıb.

Komitə sədri bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imza atdığı sənədə əsasən, Qarabağda mövcud olan qanunsuz silahlı birləşmələr oradan çıxarılmalıdır, lakin indiyədək bu tələbə əməl olunmayıb.

“Bu günə qədər həmin birləşmələr çıxarılmayıb. Hətta indiyə qədər ordumuza, Azərbaycana qarşı terrorla məşğuldurlar. Ermənilərin təxribatları nəticəsində ötən gün şəhid verdik. Bizim səbir kasamız var. Dəfələrlə Ermənistan tərəfinə çatdırılıb ki, səbrimizlə oynamaq olmaz. Ölkə başçısı, Müdafiə Nazirliyi bunu qətiyyətlə bildirib. Ermənilər xəbərdarlıqlardan dərs çıxarmadılar. Ona görə, Ermənistanın dərsini belə vermək lazımdır. Hesab edirəm ki, mütləq qanunsuz silahlı birləşmələr oradan çıxarılmalıdır. Bu, bəyannamənin tələbidir. Qarabağ Azərbaycan ərazisidir. Ermənistan bunu dərk etməli, eyforiyadan çıxmalıdır. Tarixən də belə olub, beynəlxalq hüquqa uyğundur, bütün dünya bilir ki, Qarabağ Azərbaycanındır”.

Komitə sədrinin sözlərinə görə, Ermənistan qanunsuz silahlı birləşmələri Qarabağ ərazisindən çıxarmayacaqsa, təxribatla məşğul olacaqsa, onların cavabı veriləcək:

““Dəmir yumruq” yerindədir. Bir daha belə təxribatlar baş verəcəksə, zərbə daha güclü olacaq. Tələbimiz odur ki, zir-zibillərinizi ordan çıxarın. Bəyannamədə göstərilən müddəalara, imza atdığınız, üzərinizə götürdüyün məsələlərə əməl etməyəcəksinizsə, biz özümüz haqqı bərpa edəcəyik. Necə ki, BMT-nin 4 qətnaməsinə əməl edilmədi, biz özümüz ədaləti bərpa etdik. Eləcə də qanunsuz erməni silahlı birləşmələrini öz gücümüzlə torpaqlarımızdan çıxaracağıq”.

Deputat Hikmət Babaoğlu isə vurğulayıb ki, Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir:

“Azərbaycanın hər bir əsgəri dəyərlidir və əsla heç bir əsgərimizin qanı yerdə qalmayacaq. Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən silahlı quldurlar eyni aqibəti yaşayacaq.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə Azərbaycanı “3 avqust əməliyyatı”na təşviq edən erməni təxribatı olub. Terrorçu Ermənistan dövləti bu günə qədər 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik bəyannamənin 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışıb. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur. Bu özlüyündə siyasi-diplomatik təxribatdır. Bəyannamədə Rusiya sülhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər”.

Hikmət Babaoğlunun fikrincə, Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin:

“Elə 3 avqustda həyata keçirilən “Qisas” əməliyyatı da buna xidmət edirdi. Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndində, Xocalıda, Ağdərədə, Əskəranda və digər ərazilərdə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur. Azərbaycan öz ərazisində bütün hüquqlarını tətbiq edib, başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. 44 günlük müharibənin dərsini düşmən unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdırlar”.

Deputat Arzu Nağıyev qeyd edib ki, Azərbaycan ərazilərində qalan qanunsuz silahlı birləşmələr təxribat mənbəyidir:

“Təəssüf ki, sülhməramlılar bu prosesin qarşısını almadılar. Nəticədə ordumuzun əsgəri şəhid oldu. Təxribatları önləmək üçün anti-terror əməliyyatları keçirilir. Bu, təxribatın qarşısını almaq, 10 noyabr bəyanatına uyğun Laçın dəhlizinin boşaldılması, sülhməramlı qüvvələrin məhz yeni çəkilən yola köçürülməsi ilə əlaqədardır. Əsas məqam odur ki, bu gün Ermənistan və qanunsuz silahlı birləşmələrin qarşısı alınmalıdır. Terror dəstələri, qanunsuz silahlı qüvvələrə qarşı heç bir beynəlxalq normaları pozmadan antiterror əməliyyatı keçirmək Azərbaycanın haqqıdır. Buna görə də həmin əməliyyatlar nəticəsində daim Ermənistan və separatçı qüvvələr tərəfindən Azərbaycan mövqelərini atəşə tutan, təxribat törədən həmin kontingentə qarşı tamamilə qanuni əməliyyatlar keçirilir”.

Arzu Nağıyev “Qisas” əməliyyatından sonra Ermənistan və qondarma qurum rəhbərliyinin müxtəlif absurd bəyanatlar verdiyini xatırladıb:

“10 noyabr sazişində Laçın dəhlizinin köçürülməsi ilə bağlı məsələ gündəmə gətirilir. Guya bu layihə 3 il müddətinə edilməli idi. Bütün bunlar absurd sözlərdir. Hər hansı fakta, arqumentə söykənməyib. Sadəcə onların fikri status-kvonu saxlamaq, vaxtı uzadaraq, sülh sazişinin imzalanmasından qaçmaqdır. Burada həm də demarkasiya və delimitasiyadan söhbət gedir.

Əsas məqam odur ki, terror qruplaşmaları, Ermənistanın qanunsuz birləşmələri ərazilərimizdə olduqca, daim təxribatlara əl atacaqlar. Azərbaycan tərəfi ən ciddi “Qisas” əməliyyatını yüksək səviyyədə keçirib. Bundan sonra da belə olacaq. Hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bu sülhməramlılar üçün də belədir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000112