Saat:05:20
Haqqımızda

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

2024-03-28 09:47:06

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

“Ermənistanda Qazax rayonunun hələ də işğal altında olan 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri verilməsi ilə bağlı müzakirələr davam edir”.

Hurriyyet.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib.

Ekspert müzakirələri səbəbsiz saymır:

“Baş nazir Nikol Paşinyan bu kəndlərə gedib əhali ilə görüşündə açıq mətnlə bildirmişdi ki, “bizim olmayanı geri verməliyik”. İlkin olaraq 4 kəndin boşaldılıb təhvil verilməsindən söhbət gedirdi və Paşinyan kəndlilərə də açıq söylədi ki, əgər bu addımı atmasaq, müharibə başlaya bilər. Çünki bu ərazilər Paşinyanın tez-tez təkrar etdiyi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil deyil. Yəni bu ərazilərin Azərbaycanın olduğu qəbul edilməlidir. Paşinyanın bu görüşündən sonra Ermənistan cəmiyyəti demək olar ki, bütün seqmentlərdə və bütün səviyyələrdə həmin kəndlərin qaytarılması ilə bağlı müzakirələrə başladı. Paşinyan hakimiyyətinə qarşı olan qüvvələr bu gəlişmələrdən öz xeyirləri üçün istifadə etməyə başlayıblar. Bu səbəbdən Paşinyan hökumətin qapalı iclasını keçirdi və oradan sızan məlumatlara görə, mümkün müharibə ssenarisində Ermənistan daha ağır duruma düşəcəyini anlayaraq kəndlərin boşaldılmasını və ordunun mövqelərini dəyişdirməyi planlaşdırır”.

Qafar Çaxmaqlı Paşinyanın təkliflərinə qarşı çıxan qüvvələr arasında ordu rəhbərliyinin də olduğunu vurğulayıb:

“Ermənistan mətbuatının yazdıqlarına görə, Baş Qərargah rəisi Asryan buna etiraz edib və Paşinyanın ordunu razı salmaq kimi bir problemi yaranıb. Ermənistan cəmiyyəti irqçi düşüncədən və şovinist əhval-ruhiyyədən azad olmadığına görə, məsələnin revanşist meydana da daşınması gözlənilən idi və son günlər Ermənistanda bilinən, bilinməyən terrorçu qruplaşmalar daha fəal pozisiyada görünməkdədirlər. VOMA, Yerkrapa, Sasna Tser və başqa hərbi-könüllü qruplaşmalar dərhal mövqelərini bildirdilər. Onlar Azərbaycanın bu kəndlərinin təhvil verilməsinə qarşı çıxırlar. Parlament və küçə müxalifətinin də dəstəklədiyi bu dəstələr bölgəyə “döyüşçülərini” göndərməyə və Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq prosesinə başladılar. “Döyüş qardaşlığı” adlı qrup Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara və digər kəndlərinə girəcəyini, ərazinin Azərbaycana geri qaytarılmasına imkan verməyəcəklərini keçən ay bəyan etmişdi. “Döyüş qardaşlığı” adlı silahlı dəstənin qurucu üzvlərindən olan Hrant Ter-Abrahamyan bir müsahibəsində deyir ki, bu dəstə bir ildən artıqdır Bağanis və Yuxarı Əskipara kəndlərində hazırlıq işlərinə başlayıb. “Biz orada döyüş taktikası və digər hərbi əməliyyatları yerli özünüidarə orqanları ilə birlikdə etmişik. Biz Noyemberyan icma rəhbəri ilə sənəd imzalamışıq. Bütün məsuliyyəti öz üzərimizə götürmüşük və yerli əhali ilə qarşılıqlı anlaşmalarımız da var. Bu qrupun üzvləri 44 günlük savaşda yer alan adamlardır və İrəvanda ayrıca hərbi hazırlıq düşərgəsində təlim keçməkdədirlər”. Eyni zamanda VOMA adlı silahlı qrupun rəhbəri Vova Vartanov da etiraf edir ki, Azərbaycanla sərhədin bəzi hissələrində VOMA hərbi təlimlər keçirib və bundan Ermənistan hakimiyyətinin xəbəri olub”.

Ekspert qeyd edib ki, Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı dəstə hakimiyyət qüvvələri tərəfindən saxlanıldıqdan sonra gərginlik artmağa başlayıb:

“Məlum olub ki, Nor-Nork polis şöbəsində saxlanılanları azad etmək tələbi ilə iğtişaş törədənlər yalnız “Döyüş qardaşlığı” təşkilatının üzvləri deyil. Onlar daha radikal qanadlardan biri olan və keçmiş terroristlərin də yer aldığı “Milli Demokratiya Qütbü” adlı ultraradikal birliyin üzvləridir. “Milli Demokratik Qütb”ün rəhbərləri ənəvəvi erməni terrorçularıdır. Onların bəziləri ASALA üzvləri olaraq bilinməkdədir. Həmin şəxslərdən biri Jirayr Sefilyandır. Buradan belə çıxır ki, Azərbaycan ordusu kəndləri xoşla qaytarmasa, yalnız Ermənistan ordusuna qarşı deyil, burada lövbər salıb təlim keçmiş erməni qeyri-qanuni silahlı birləşmələri ilə də onun işi olacaq. Paşinyan Ermənistan cəmiyyətində özünü “təmizə çıxarmaq” üçün Azərbaycan ordusunun əməliyyat keçirməsinə də gedə bilər və hətta qapalı görüşdə bu, bir variant kimi müzakirə edilib”.

Professor bildirib ki, 4 kənd ilkin olaraq boşaldılmalıdır:

“Bundan sonra Ermənistanın digər qayğıları başlayacaq. Məlumdur ki, kəndlərin və bu ətrafdakı ərazilərin Azərbaycana keçməsi ilə İcevan- Noyemberyan-Gürcüstan magistral yolu da Azərbaycanın nəzarətinə keçəcək. Buradan Ermənistana gələn qaz xətti də bizim nəzarətimizdə olacaq. Ermənistanın yeni yol və qaz xətti çəkməsi üçün ən azı 2 il lazımdır. Ermənistanda ondan da qorxurlar ki, Kərki kəndi Azərbaycana keçərsə, buradan keçən, İrəvandan Zəngəzura gedən yol da kəsilmiş olacaq. Bunların olmaması üçün demarkasiya prosesində kəndlərin dəyişdirilməsi məsələsini ortaya ata bilərlər. Gədəbəy ərazisində olan erməni anklavının – Başkəndin bu kəndlərlə dəyişdirilməsindən danışırlar, bu isə qətiyyən qəbul edilə bilməz! Başkəndlə buradakı kəndlərin strateji önəmi eyni deyil. Bu işi pozmaq üçün ermənilərin sərhədlərimizdə təxribatları davam etdirəcəklərini düşünürəm. Həm də erməni cəmiyyətindəki anti-Paşinyan hərəkatı aprelin 5-də Brüsseldə Leyen-Paşinyan-Blinken görüşünün baş tutmaması üçün fəaliyyətə keçəcək. Ruspərəst qüvvələr də fəallaşıblar. Ermənistanda xaos, qiyam və qeyri-sabit günlər başlaya bilər. Amma bütün bunlar 4 Azərbaycan kəndinin boşaldılmasını təxirə sala bilməz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR