"Ermənistanla sülh bağlanarsa Fransa-Azərbaycan münasibətlərinin normallaşması üçün uyğun zəmin yaranar" - SİYASİ ŞƏRHÇİ

"Sülh müqaviləsi gecikdirildikcə Fransanın Ermənistana hərbi dəstəyi də artmaqda davam edəcək və digər ölkələr də bu prosesə qoşulacaqlar"
""Haraparak" qəzeti yazır ki, Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan dünən Samvel Şahramanyanla görüşərək, Paşinyanın mesajını çatdırıb: "Paşinyan mesajında açıq şəkildə Şahmaryana çatdırıb ki, getsin, özünə iş tapsın. İşləsin, şəxsi həyatını yaşasın. Qarabağ məsələsinin ona heç bir aidiyyatı yoxdur. İrəvan hökuməti köçən ermənilərin problemlərini Şahmaryansız da həll edir. Ona ehtiyac yoxdur". Paşinyan Azərbaycanın birgünlük antiterror əməliyyatından əvvəl də Şahramanyana çatdırıb ki, Bakının bütün tələblərini qəbul etmək lazımdır. İndi də, o, Şahramanyana verdiyi cavabla ölkəsinin qondarma "Artsax" ideyasına himayədarlıq etməyəcəyini bildirib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, bununla da Azərbaycana qarşı mühacir "Artsax" hökuməti avantürasından istifadə etmək arzusunun üstündən birdəfəlik xətt çəkilib: "İndi gündəmdə olan sual budur ki, "Artsax" avantürasını yaxına buraxmayan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanla niyə sülh müqaviləsi imzalanmır? Bu sülh müqaviləsi gecikdirildikcə Fransanın Ermənistana hərbi dəstəyi də artmaqda davam edəcək və digər ölkələr də bu prosesə qoşulacaqlar. Artıq Fransa ilə Ermənistan arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsinə əsasən bu ölkəyə hava hücumundan müdafiə sistemləri veriləcək".
Fuad Qəhrəmanlının qənaətincə, Ermənistanla sülh bağlanarsa Fransa ilə Azərbaycanın münasibətlərinin normallaşması üçün uyğun zəmin yaranar.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
