Ermənistanla sərhəddə növbəti demilitasiyanın anonsu verildi
Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinq zamanı bildirib.
“Deməliyəm ki, bəzi məsələlərdə biz, bəzi məsələlərdə isə Azərbaycan tərəfi tələsir, lakin proses davam edir və düşünürəm ki, yaxın vaxtlarda sərhədin hansısa hissəsini delimitasiya edəcəyik”, - Simonyan qeyd edib.
Vaxt qrafikinə gəlincə, MM sədri prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini vurğulayıb.
Xatırlatma: 2024-cü ilin iyununda Ermənistan və Azərbaycan delimitasiyanın birinci mərhələsinin başa çatdığını elan edib. Bu birinci mərhələdə sərhədin 12,6 kilometrlik hissəsi delimitasiya edilib.
2025-ci ilin yanvarında Ermənistan və Azərbaycan delimitasiya komissiyaları Ermənistan Respublikası, Azərbaycan Respublikası və Gürcüstan sərhədlərinin kəsişməsindən başlayaraq cənuba, şimaldan cənuba Ermənistan Respublikası və Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər şimal hissəsində delimitasiya işlərinin davam etdirilməsi barədə razılığa gəliblər.
Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda əldə olunan və Ermənistanla ABŞ-ın birgə işlədiyi razılaşma olan TRIPP yolu üçün nəzərdə tutulan hissələrdə tərəflərin delimitasiya işləri apara biləcəyini istisna etməyib.
Yenisabah.az
