Ermənistanla bağlanacaq sülh müqaviləsində mütləq BU TƏLƏB QEYD OLUNMALIDIR

2022-12-29 11:43:00

Ermənistanla bağlanacaq sülh müqaviləsində mütləq BU TƏLƏB QEYD OLUNMALIDIR

Natiq Cəfərli: "Müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqqlar da Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək"

"Son 35 ildə Ermənistan ərazisindən zorla qovulmuş türklərinin indiki Ermənistan ərazisinə, öz tarixi yaşam məkanlarına qayıtması vacib hədəflərdən biri olmalıdır. Bu, həm də Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən dəyərdir) gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib. 

Politoloqun fikrincə, Ermənistanla bağlanacaq sülh müqaviləsində mütləq bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ mütləq qeyd edilməlidir: "Paralel olaraq müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqqlar da Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək. Yəni, burada "güzgü prinsipi" ilə müqavilələr imzalanmalıdır. Məntiqlə, buna Ermənistan da razı olmalıdır, əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər".

Gələcəyə gəlincə, REAL-ın icra katibi hesab edir ki, Azərbaycan əhalisi yaxın 30-50 ildə demokrafik olaraq Cənubi Qafqazın dominant toplumu olacaq: "Bu məsələni də kafamızın bir kənarına yazıb strateji və taktiki addımlarımızı bu proeksiyaya görə düşünməliyik. Əgər kimsə sual verəcəksə ki, bəs erməni əsilli azərbaycanlılar Bakıya, Sumqayıta, Gəncəyə və s. qayıtmaq istəsələr nə olacaq? Gəlmək istəyənlər gəlsinlər, amma bir məsələ də var: Azərbaycanın şəhər və rayonlarından köçən erməni əsilli azərbaycanlıların bir çoxu Avropaya, ABŞ-a, Rusiyaya köçüblər, onların bölgəyə geri qayıtması çətin məsələdir. Amma Ermənistandan son 35 ildə qovulan 250 minə yaxın türklərin böyük əksəriyyəti elə burada, Azərbaycan ərazisində, Cənubi Qafqazda yerləşiblər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.159405