“Ermənistanın yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır…”

2022-05-25 10:55:00

“Ermənistanın yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır…”

İndi Ermənistan ictimai-siyasi fikri yalnız bir suala cavab axtarır: görəsən, bizə ilk növbədə təhlükəsizlik lazımdır, yoxsa güclü iqtisadiyyat? Qeyri-sabitliyin hökm sürdüyü, mitinqlər dalğasının səngimədiyi, hakimiyyət dəyişikliyinə nail olmaq üçün müxalifətin hər gün insanları küçələrə səslədiyi Ermənistanın 30 illik müstəqilliyi dövründə hələ də bu suala cavab tapmaq mümkün olmayıb. Amma qonşuların təcrübəsindən yararlanmaq olar.

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan da eyni vəziyyətlə üzləşmişdi. Müharibədən dərin yaralar alan, sabitliyin olmadığı bir ölkədə üstəlik ağır humanitar böhran da yaşanırdı. Vətəndaş qarşıdurması, müxalifətin ağılsız addımları ölkəni müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Amma Azərbaycanın indiki Ermənistandan fərqləndirən əsas amil burada ölkəni və xalqı öz ardınca aparan qüvvənin olması idi. Ulu öndər Heydər Əliyev vətəndaş müharibəsində çabalayan, çoxsaylı silahlı qruplaşmaların əlində can verən, bir sözlə, intihar həddində olan Azərbaycanı ölümün cəngindən məharətlə almışdı və elə o vaxt da müstəqil ölkənin bir nömrəli inkişaf strategiyasının reallaşdırılması üçün ən vacib şərti müəyyənlədirmişdi: sabitlik. Ancaq seçim yalnız bu deyildi. Bir müddət sonra “Əsrin müqaviləsi” imzalandı, yeni neft strategiyası ölkənin iqtisadi güclənməsinə fokuslandı.

Burada iki mühüm məqam var: birincisi, Azərbaycanın müstəqillik dövrü qanlı müharibə və qırğınlarla müşayiət olunsa da, o, təcrübəli liderin sayəsində böhrandan çıxa bildi və təhlükəsizliyin əsas qarantı olan sabitlik iqtisadi inkişafa uğurla transformasiya edildi. İndi Ermənistanda bunu edə biləcək siyasi fiqur yoxdur. Amma qonşularla əməkdaşlıq çərçivəsində böhrandan çıxmaq olar. Azərbaycana daha çox qulaq asmaq lazımdır.

Sonuncu Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan etdi ki, “Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplərlə bağlı razılığa gəlinib”. Prezident İlham Əliyev də Türkiyə Prezidenti ilə telefon danışığında Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirdi. Deməli, artıq Avropa İttifaqı da Azərbaycan Prezidentinin Naxçıvanla nəqliyyat əlaqəsinə dair israrla 10 noyabr bəyanatına daxil etdirdiyi müddəanın regional inkişafın əsas komponenti olduğunu qəbul edir və bu məsələdə Azərbaycanla eyni mövqeni bölüşür. Nəhayət ki, Nikol Paşinyana Brüsseldə başa salıblar ki, ölkənin iqtisadi maraqlarını mənasız siyasi oyunlara qurban vermək olmaz. Bu isə Ermənistanın tərəddüdlərinə son qoyub. Bəzən rəsmi İrəvan birinci mənbədən aldığı siqnalları gec qəbul edir, ta ki, əsil reallığı ona başqaları pıçıldayana qədər.

Zəngəzur dəhlizi Azərbaycan üçün çox önəmlidir. Bu, aydındır. Çünki bu dəhliz təkcə Naxçıvanı Azərbaycana yox, Türkiyəni də türk dünyasına bağlayacaq. Bu dəhliz regionun flaqmanı olan Azərbaycana həm iqtisadi, həm də siyasi üstünlük qazandıracaq. Naxçıvana təyyarə uçuşları azalacaq, muxtar respublika nəqliyyat qovşağına çevriləcək, beynəlxalq yükdaşımaların həcmi artacaq. Ən əsası da infrastruktur layihələrinin icrası baxımından regionun mənzərəsi xeyli dəyişəcək.

Rusiyadan gələn yüklər də bu dəhlizlə kəsintisiz Ermənistana, İrana və Türkiyəyə çatdırılacaq. Türkiyə də bu xətt vasitəsilə Orta Asiyaya, Rusiyaya dəmiryolu çıxışı əldə edəcək.

Azərbaycan tərəfi artıq Ermənistan sərhədinə uzanan dəmir yolunun tikintisini bu ilin sonuna qədər başa çatdıracaq. İşlərin artıq 60 faizi görülüb. Ermənistan isə Mehri regionunda yolun keçəcəyi yerin coğrafi koordinatlarını hazırlamalı, dəmir yolunun tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmanı tezliklə həyata keçirməlidir. Ermənistan Zəngəzur dəhlizinə qoşulsa onun ÜDM-nin həcmi 35-40 faiz arta bilər. Nəqliyyat xərcləri bir o qədər azala bilər və ixrac potensialı 2 dəfə artar. İndi Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasını Ermənistan dövlətçiliyinə təhlükə görənlərin səhv yolla getdiyini göstərmək üçün tarixi şans qazanıb. Ola bilməz ki, hamı ona pis məsləhət versin. Əgər Rusiya, İran, Türkiyə və hətta Avropa İttifaqı da bu dəhlizin əhəmiyyəti və iqtisadi səmərəsi ilə bağlı eyni mövqeni bölüşürlərsə deməli, Azərbaycan haqlıdır - Zəngəzur dəhlizi açılmalıdır. Bundan həm də Ermənistan yararlanacaq. Rəsmi İrəvanın 30 ildir davam etdirdiyi blokada siyasəti onun özünün izolyasiyasına səbəb olmadan yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır.

Ermənistan nəhayət ki, 30 ildən sonra əsil müstəqilliyini əldə etməyə çox yaxındır. Bu, qonşularla sıx əməkdaşlıq şəraitində yaşamaq, Azərbaycanla sərhəd mübahisələrini sahmana salıb, işğalçı və revanşist meyillərdən əl çəkmək, sülh müqaviləsini imzalayıb çürük ideoloji tabuları yıxmaq sayəsində mümkündür. Çünki 30 illik təcrübə işə yaramadı və köhnə müttəfiq indi o qədər də güclü və cəlbedici görünmür.Qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya