Saat:12:49
Haqqımızda

Ermənistanın təxribatları AZƏRBAYCANI YENİ SAVAŞA SÖVQ EDİR

2022-11-29 11:22:00

Ermənistanın təxribatları AZƏRBAYCANI YENİ SAVAŞA SÖVQ EDİR

Məhəmməd Əsədullazadə: "Ermənistan sülhə hazır deyil və bu səbəbdən də Brüssel görüşünə ehtiyac yoxdur"

Elxan Şahinoğlu: "Nə Emmanuel Makronun, nə də Vladimir Putinin fəallığının bizə faydası var"

Asif Nərimanlı: "Kremlin məqsədi qondarma "dqr"-in mövcudluğunu saxlamaq, bunun üzərindən isə bölgədə varlığını davam etdirməkdir"

Bugünlərdə ADA Universitetində baş tutan "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabrda Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla nəzərdə tutulan görüşün keçirilməyəcəyini qeyd edib. Ölkə başçısı buna səbəb kimi Ermənistan tərəfinin görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirak tələbini irəli sürməsini göstərib.

Prezident onu da əlavə edib ki, Praqa görüşündən bir həftədən də az sonra Fransa prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid edib və bizi törətmədiyimiz işlərdə ittiham edib: "Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır. Qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil. Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik".

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Müdafiə Nazirliyi haqlı olaraq Rusiya sülhməramlı kontingentinin komandanlığına etiraz edərək, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinin yolverilməz olduğunu bəyan edib: "Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında "Mardakert" və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR".

"Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Brüssel görüşünə ehtiyac yoxdur, çünki belə bir görüş Ermənistana vaxt qazandırır: "Azərbaycan və Ermənistan liderlərinin dekabrın 7-də Brüsseldə yenidən bir araya gəlməsi planlaşdırılmışdı. Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək bu görüşün İrəvanın qeyri-konstruktiv mövqeyinin nəticəsində baş tutması gözlənilmir. Ümumiyyətlə, Ermənistan sülhə hazır deyil və bu səbəbdən də Brüssel görüşünə ehtiyac yoxdur. Belə bir görüş sadəcə Ermənistana vaxt qazandırır. Brüssel Ermənistana təzyiq etməyəcəksə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayacaq".

Prezident İlham Əliyevin Brüssel görüşündə Makronun iştirakını qəbul etməməsinin həm də Parisin vasitəçiliyindən imtina anlamına gəldiyini vurğulayan Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, bu, uğurlu siyasi gedişdir: "Göründüyü kimi, Brüssel formatı məhz Nikol Paşinyanın mövqeyinə görə fiaskoya uğrayıb. Düşünürəm ki, ABŞ aktivlik edərək prosesləri müsbət istiqamətə doğru yönəldə bilər. Lakin mövcud vəziyyətdə Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər gözlənilmir. Odur ki, Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara start verməlidir".

"Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Makron isə tam tərs mövqedən çıxış edir, ona görə də Paşinyan onun Mişelin yanında oturması tələbini irəli sürür"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) əli üzüldükdən sonra Fransa prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb: "Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını tələb edib. Azərbaycan dövlət başçısı isə ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir. Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub. Bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub. Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşdə liderlərin görüşünə qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması tələbini irəli sürür".

Politoloqun sözlərinə görə, Şarl Mişel Nikol Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək: "Onu da qeyd edim ki, Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz. Odur ki, Rusiya prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır. Onun Azərbaycan prezidenti İlham Əliyevə son zənginin əsasında məhz bu amil dayanır. Fransa prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq. Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərksilah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanunu adı ilə çağırardılar, daha "Mardakert", "Martuni" ifadələrindən istifadə etməzdilər".

"Sülhməramlılar təxribat mövqeyini davam etdirir, separatçılar açıq şəkildə meydan oxuyur"

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz duelinin yaşandığını qeyd edən siyasi şərhçi Asif Nərimanlı isə bu qənaətdədir ki, Kremlin məqsədi qondarma "dqr"-in mövcudluğunu saxlamaq, bunun üzərindən isə bölgədə varlığını davam etdirməkdir: "Ruslar Ağdərə və Xocavəndini "Mardakert" və "Martuni" adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edir. Azərbaycanın haqlı etirazına rəğmən, mövqelərini dəyişmir və iddialarını "əllərindəki xəritələrlə" əsaslandırırlar. Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma "dqr"-in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir. Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır".

Siyasi şərhçi əlavə edib ki, Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə təqdim edə, fəaliyyətin bunun əsasında qurulması tələbini qoya bilərik: "Ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı "istinad mənbələrini" zəiflətməyə nail ola, hər dəfə "əlimizdəki xəritə" deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik. Onu da qeyd edim ki, Qarabağda baş verənlər Fərrux əməliyyatından öncəki hadisələri xatırladır. Belə ki, sülhməramlılar təxribat mövqeyini davam etdirir, separatçılar açıq şəkildə meydan oxuyur. 26 noyabr gecədən 27 noyabr səhər saatlarına qədər atəşin davam etməsi təxribatın bu dəfə daha genişmiqyaslı və kəskin xarakterli olduğundan xəbər verir. Odur ki, bu qədər təxribatın bir cavabı olmalıdır".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR