Ermənistanın Qarabağdakı uzantıları kəsilir! - İrəvan sonuncu “patronlarını” atır

2022-01-15 14:20:00

Ermənistanın Qarabağdakı uzantıları kəsilir! - İrəvan sonuncu “patronlarını” atır

2022-ci ilin region üçün dönüş ili olması qaçılmazdır; Azərbaycan o vaxt sakitləşəcək ki...; politoloq: “Bu il Cənubi Qafqazda çox şey aydınlaşacaq...”

Rəsmi İrəvanın Qazaxıstan hadisələri fonunda təxribatlar törətməklə Azərbaycanla sərhədə KTMT-ni, daha dəqiqi, Rusiya silahlı qüvvələrini cəlb eləmək planı iflas oldu. Həm də neçənci dəfə. Təsadüfi deyil ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sərhəddəki son toqquşma ilə bağlı sırf növbətçi, şablon açıqlama ilə kifayətləndi. Bildirdi ki, Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.

Mariya Zaxarova: “Bakı və İrəvana səbir arzulayıram”

Zaxarova həmçinin gərginlikdən qaçmağın əsas həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü söyləyib. Bir daha qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.

Göründüyü kimi, Kreml İrəvanın iddia elədiyi kimi, heç də Azərbaycan Ordusunun Ermənistan ərazisinə girdiyi qənaətini bölüşmür. Eyni zamanda, tərəflər arasında sərhədlərin dəqiqləşməsi üçün prosesi sürətləndirməyi vacib sayır. Bu isə məhz erməni tərəfinin günahı üzündən gecikmədədir. Çünki təzə ilin ilk ayında delimitasiya və demarkasiya ilə bağlı ikitərəfli komissiya öz işinə başlamalıdır.

*****

Zaman göstərdi ki, komissiyanın ləngiməsi ən çox Ermənistana baha başa gəlir. Çünki yeni-yenui canlı və maddi itkilərlə üzləşir. 11 yanvar sərhəd insidenti də istisna olmadı. Yeri gəlmişkən, düz bir il öncə - 11 yanvar 2021-ci ildə Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli saziş imzalanmışdı. Sənəd bölgədə tezliklə bütün nəqliyyat yollarının açılmasını nəzərdə tuturdu.

Ancaq həmişəki kimi İrəvanın qeyri-konstruktivliyi üzündən bu üçtərəfli saziş də tam icra olunmamış qalır. Ona görə ki, həm sərhədlərin dəqiqləşməsi, həm də yolların və kommunikasiyaların açılması labüd olaraq, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaq məcburiyyətində qoyacaq.

Ermenistan Başbakanı Nikol Paşinyan istifa etti - BBC News Türkçe

Hərçənd ötən ilsonu baş nazir Nikol Paşinyan bu yöndə obyektivliyə yaxın mövqe sərgiləmiş, bununla da kapitulyant ölkədə az qala, növbəti dəfə “Vətən xaini” elan edilmişdi. Hərgah, ağlı başında olan ermənilər anlamamış deyil ki, ərazi bütövlüyü tanınmayınca Azərbaycan sakitləşməyəcək, müharibə bitmiş sayılmayacaq, Ermənistan üçün isə heç bir inkişaf perspektivi açılmayacaq. Necə ki, açılmır.

İrəvanın bunun əksinə nail olması, yeni şərtlərdən yayınması üçün isə heç bir iqtisadi-maliyyə, siyasi-diplomatik və hərbi resursu yoxdur. Heç düz-əməlli insan ehtiyatı da yoxdur. Əgər 1 nömrəli müttəfiqi Rusiya da Ermənistanı saya saymırsa, İrəvana söz sahibliyi tanımırsa, demək, qatar artıq gedib və erməni tərəfi özü üçün dərs çıxarmalıdır.

*****

Başa çatmaqda olan həftədə bu xüsusda Ermənistan üçün ayıldıcı gücdə olmalı olacaq daha bir maraqlı olay yaşandı. Belə ki, Qarabağda Rusiya sülhməramlılarının yeni komandanı təyin olunan Andrey Volkov ilk səfərini Bakıya etdi və müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edildi. Məlumdur ki, onun sələfləri - Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin ilk səfərlərini İrəvana eləmiş və öncə Ermənistan müdafiə naziri ilə görüşmüşdülər. Məlumatlara görə, yalnız iki gün sonra, yəni dünən Volkov İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla da görüşüb. Amma bu, prinsipial olaraq, heç nəyi dəyişmir, artıq situasiya başqadır.

Siyasi təhlilçilərin fikrincə, bu detal Ermənistanın Qarabağda tərəf olmaqdan çıxması, Rusiyanın Qarabağı Azərbaycanın daxili məsələsi kimi qəbul etdiyi fikrini gücləndirir (Axar.az). Ehtimal edilir ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə Soçidə əldə olunan razılaşmanın praktiki mərhələyə keçidi üçün yaxın dövrdə addımların atılacağı gözlənilir. Bu da o anlama gəlir ki, Azərbaycan onun sərhədlərini tanıyacaq Ermənistanın Qarabağda tərəf olması perspektivini də sıradan çıxaracaq. Paşinyan isə keçən ilin sonunda “Qarabağın statusunun Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlaması ilə oyundan çəkiləcəyinin anonsunu verib.

Sülhməramlıların yeni rəhbəri Andrey Volkov kimdir? | Qazet.az

Andrey Volkov

Diqqət çəkən məqamlardan biri də Andrey Volkovun təyinatından bir gün sonra Putinlə Paşinyan arasında telefon söhbətinin aparılması və Qarabağın da müzakirə edilməsidir. Bəzi təxminlərə görə, mümkündür ki, Putin Qarabağdakı yeni vəziyyəti Paşinyana izah edib. Hesab edilir ki, prosesin bu istiqamətdə inkişafı Qarabağdakı erməni qanunsuz silahlı birləşmələrini yaxın dövrdə ərazimizdən çıxarılması (10 noyabr sənədinin 4-cü bəndi) prosesinin də başlaya biləcəyi ehtimalını gücləndirir.

*****

İran nə baş verdiyini biləndə Qarabağda savaş bitdi... - Fyodor Lukyanov

 Fydor Lukyanov

Rusiyalı hərbi analitik Fydor Lukyanovun proqnozuna görə, istənilən halda bu il Cənubi Qafqazda çox şey aydınlaşacaq. Bu baxımdan o, Ermənistanın Azərbaycan və Türkiyə ilə danışıqlarında irəliləyiş olacağını gözləyir. Lakin o, danışıqların Qarabağ kontekstində hər hansı perspektivini kifayət qədər dumanlı görür: “İlk növbədə də ona görə ki, ATƏT-in Minsk Qrupunun aktiv fəaliyyəti yoxdur”.

Bu il 30 illik yubileyini qeyd edəcək Minsk Qrupunun nə ilə məşğul ola biləcəyi barədə isə Azərbaycan Prezidenti  iki gün öncə yerli telekanallara müsahibəsində aydın şəkildə bildirdi. MQ həmsədrləri özlərinə başqa bir iş tapmalıdırlar - Qarabağ məsələsi xaric. Çünki bu məsələ həll olunub. Yəni, status məsələsi tarixin zibilliyindədir və əbədiyyən də orada qalacaq. Bu, həm də o anlama gəlir ki, Ermənistanın Qarabağdakı bütün uzantıları kəsiləcək.

2022-ci ilin region üçün dönüş ili olması qaçılmazdır. İrəvan sonuncu patronlarını atır...

“Yeni Müsavat”