“Ermənistanın Qarabağdakı qoşunu çıxarmaq niyyəti yoxdur” - Deputatdan xəbərdarlıq

2023-02-15 17:04:00

“Ermənistanın Qarabağdakı qoşunu çıxarmaq niyyəti yoxdur” - Deputatdan xəbərdarlıq

Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində altında olan Qarabağın dağlıq hissəsində yerləşən ermənilərə məxsus qeyri-qanuni silahlı birləşmələr bölgədən çıxarılmadan Ermənistanla sülh müqaviləsi imzalamaq olmaz. Onun fikrincə, Ermənistana güvənmək düzgün deyil, ona görə ki, bu dövlət 10 noyabr sazişinin bəndlərinə hələ də əməl etməyib. 

Bundan savayı, deputat hesab edir ki, sabah Azərbaycanla imzalanacaq sülh müqaviləsinin altında Ermənistanın imzası olsa belə, erməni tərəfi yenə də müqavilənin müddəlarını poza bilər. Millət vəkilinin sözlərinə görə, birinci şərt o cür qoyulmalıdır ki, bölgədəki qeyri-qanuni silahlı birləşmələr çıxarılsın, daha sonra sülh müqaviləsi imzalansın. 

Mövcud təklif ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirovla əlaqə saxladıq.

Millət vəkili Yenisabah.az-a açıqlamasında ölkə başçısından sitat gətirərək bəyan edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə çıxışlarında söyləyib ki, hətta Ermənistanla sülh müqaviləsinin imzalanmasının özü belə hələ regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün tam qarantiyanı vermir, çünki Ermənistandan istənilən vaxt istənilən hərəkəti gözləmək mümkündür. 

E Nəsirov onu da vurğulayıb ki, əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini ayaqlar altına atıb tapdalayırsa, eləcə də beynəlxalq hüquqa bu qədər həqarətli davranış ortaya qoyursa, belə olan vəziyyətdə onun imzasını qoyduğu sənədə də etibar yoxdur. 

Müsahibimiz hesab edir ki, Ermənistanla sülh müqaviləsinə gedərkən və o sənəd imzalanmamışdan öncə, ilk növbədə, 2020-ci ilin 10 noyabr sənədinin 4-cü bəndinin tam icrası təmin edilməlidir: 

“4-cü bənddə 2 hissə var: birinci hissə ondan ibarətdir ki, Rusiya Sülhməramlı Qüvvələri Qarabağa gətirilməli; paralel şəkildə isə qeyri-qanuni erməni hərbi birləşmələri bölgədən çıxarılmalıdır. Bu bəndin ikinci hissəsi isə hələ də yerinə yetirilmir və onlar həmin silahlıları çıxarmaq niyyətlərinin olmadığını da söyləyirlər”. 

Parlament üzvü sual edib ki, əgər 3 dövlətin liderinin imzasını Ermənistan icra etmirsə, belə olan vəziyyətdə Ermənistan tərəfinin Ermənistan və Azərbaycan siyasi liderlərinin imza atdığı sənədi icra edəcəyinə hansı qarantiyalar və inam mövcuddur? 

“Ona görə də, ilk növbədə, sənəd imzalanmamışdan öncə qeyri-qanuni hərbi birləşmələr ərazilərimizdən çıxarılmalıdır. Bu isə nəticədə etimad mühitini yaratmış olar. Məlum olar ki, Ermənistan üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirir”. 

“Təsəvvür edin ki, bu gün 10 noyabr sənədi icra edilmir, bunun ardınca Ermənistanla sülh müqaviləsi imzalayırıq və ümid edirik ki, Ermənistan o sənədi icra edəcək. Məncə, bu, düzgün olmaz. Mövqeyim ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsindən öncə 10 noyabr sənədinin müvafiq bəndləri icra edilməlidir, xüsusilə də 4-cü bəndin 2-ci hissəsi”, - deyə o, deputat həmkarı ilə eyni fikri bölüşdüyünü bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.408515