Saat:09:07
Haqqımızda

Ermənistanı ovcunda tutan oliqarxiya: ABŞ və Avropada yaşayan oliqarxlar

2022-01-16 00:14:00

Ermənistanı ovcunda tutan oliqarxiya: ABŞ və Avropada yaşayan oliqarxlar


 
ABŞ və Avropada yaşayan oliqarxlar
 
Kaspar Karampetyan
 
Kaspar Karampetyan 1948-ci ildə Yunanıstanda Afina şəhərində anadan olmuşdur. 1992- 1996 və 2011-ci illərdə Yunanıstanda yerləşən “Erməni Milli Komitəsi”nə rəhbərlik etmiş, 2004- 2010-cu illərdə isə Yunanıstanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Ermənistanda “Hellenik Aid” proqramlarının həyata keçirilməsinə nəzarət edən komitəyə başçılıq etmişdir. O həm Ermənistan, həm Yunanıstan, həm də Lüksemburq vətandaşlığına sahibdir. 2012-ci ildən bu günə qədər Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”nın (European Armenian Federation for Justice and Democracy) prezidentidir.
 
Qarabağda yerləşən qondarma rejimin prezidenti tərəfindən 2014-cü ildə “Vaçaqan Barepaşt” ordeni, 2018-ci ildə isə “Mesrop Maştots” ordeni, 2014-ci ildə isə Ermənistan Respublikası Prezidenti tərəfindən “Mxitar Qoş” ordeni ilə təltif edilmişdir. 2014-2018-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhəddini Ermənistan ərazisindən dəfələrlə qanunsuz keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gəlməsinə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq səviyyədə təbliği məqsədilə Azərbaycan Respublikasının suverenliyinə qarşı, habelə ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr olduğundan 2018-ci ildə fevralın 20-də Kaspar Karampetyan barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.


 
Karampetyan həm də Avropa Parlamentinin deputatları ilə yaxın münasibətlərə malikdir və buna görə də o Avropa Parlamentində Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsinə və bəyanatların verilməsinə təsir edə bilir. 2021-ci ilin noyabrın 19-da Avropa Parlamentinin 33 deputatı anti-Azərbaycan bəyanatı imzalayaraq hökumətlərarası təşkilatlara, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, Avropa Komissiyasının vitse- prezidenti Josep Borrell-ə ünvanlamışdır. Bəyanatda deyilir ki, “Azərbaycan Silahlı Qüvvələri noyabrın 16-da Ermənistanın şərq sərhədi boyunca hücuma keçib və Ermənistanın ərazi bütövlüyünə qəsd edib”. Karampetyanın rəhbərlik etdiyi “Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası”-da bu bəyanatı alqışlayaraq bununla bağlı bəyanat vermişdir. Daha sonra məlum olmuşdur ki, bəyanatı imzalayan deputatlar Karampetyan ilə yaxın dostluq və işgüzar əlaqələrinə malikdirlər və bəyanatın verilməsində onun da rolu vardır.
 
Karampetyan həm də Lüksemburqda Azərbaycan əleyhinə aktiv işlər aparmaqdadır. O dörd Erməni əsilli Lüksemburq vətəndaşı ilə cəmiyyət quruluşunda təşkilat yaratmış və orada müxtəlif platformalarda təmsil olunaraq Xarici İşlər Nazirliyi və Lüksemburq Parlamenti ilə yaxın əlaqələr qurmuşdur. Bu məqam özlüyündə Lüksemburqun Azərbaycanla bağlı qərəzli mövqeyini izah edir. Lüksemburqun Deputatlar Palatasının 2020-ci il dekabrın 25-də Qarabağla bağlı qərəzli qətnamə qəbul etməsində də qeyd etdiyimiz faktorlar böyük rol oynamışdır.
 
Noubar Afeyan
 
Noubar Afeyan Livanda anadan olmuş və vətəndaş müharibəsi zamanı ailəsi ilə birlikdə oranı tərk edərək Kanadaya köçmüşdür. Afeyan Kanadada oxuduqdan sonra ABŞ-a getmiş və orada doktorluq dərəcəsi almışdır. 2008-ci ildə ABŞ vətəndaşlığını qəbul etmişdir. 2021-ci ilin məlumatlarına əsasən onun varidatı 3.5 milyard dollardan çox qiymətləndirilir.


 
Afeyan biotexniki inkubatoru olan “Flagship Pioneering” şirkətinin yaradıcısı və baş direktorudur. Şirkət əczaçılıq, elektron və tibbi qurğulara investisiya yatırmaqla məşğuldur. Şirkət ümumi dəyəri 30 milyard dollara qədər yüksələn 100-dən çox elmi müəssisənin inkişafına, minlərlə patentin reallaşmasına, 50-dən çox kliniki dərmannın yaradılmasına dəstək vermiş və bu prosesdə iştirak etmişdir. Bundan başqa Afeyan 2009-cu ildə ABŞ-da yaradılmış Moderna (keçmiş adı ModeRNA Therapeutics) şirkətinin həmtəsisçisi olmuşdur və hazırda onun sədri kimi fəaliyyət göstərir. O, Moderna şirkətinin səhmlərinin 19,5%-nə sahibdir və ən böyük səhmdarıdır. Moderna şirkəti dərmanların inkişafı və peyvənd texnologiyaları ilə məşğul olur və baş ofisi Massaçusets ştatının Kembric şəhərində yerləşir. Şirkət tərəfindən bir çox geniş yayılmış viruslara qarşı peyvəndlər və dərman preparatları hazırlanır.
 
Moderna şirkəti həm də Covid-19 pandemiyası ilə mübarizədə ən effektiv peyvəndlərdən birinin ( Moderna COVID-19) yaradıcısıdır və dünya üzrə geniş şəkildə tətbiq edilir. Pandemiya əleyhinə peyvəndin hazırlanmasında uğurlu olduğundan şirkətin dəyəri 2020-ci ildən sonra kəskin şəkildə yüksəlmişdir. Belə ki, şirkətin dəyəri 2018-ci ilin dekabrında 5 milyard dollar olduğu halda 2021-ci ilin sentyabr ayında 181 milyard dollara qədər yüksəlmişdir. Bu həm də Afeyanın adının Forbesin ABŞ-ın 400 ən varlı adamı siyahısına düşməsinə səbəb olmuşdur.
 
Afeyan Dünya İqtisadi Forumunun “İnkişaf Etməkdə olan Texnologiyalar üzrə Qlobal Gündəm Şurası”nın sədridir. O, həmçinin Ermənistan Respublikasında iqtisadi inkişafa kömək etmək üçün özəl-dövlət tərəfdaşlığı olan “Milli Rəqabət Fondunun” həmtəsisçisi və idarə heyətinin üzvüdür. Ermənistanda lider banklardan olan Ameriabank-ın idarə heyətinin üzvüdür. 2000-ci illərin əvvəllərində Afeyan Ruben Vardanyan ilə birlikdə Ermənistan 2020 layihəsini başlatmışlar. Layihənin məqsədi Ermənistanın 2020-ci ilə qədər strateji inkişafı və perspektivlərini müəyyənləşdirmək olmuşdur. Ermənistan 2020 layihəsi sonrakı illərdə müxtəlif sosial, biznes və xeyriyyə təşəbbüslərinə təkan vermişdir. Bu təşəbbüslərdən biri həm yerli ictimaiyyəti, həm də beynəlxalq təşkilatları Ermənistanın inkişafı naminə uzunmüddətli sosial-iqtisadi proqramların yaradılmasına cəlb edən özəl, qeyri-kommersiya fondu olan IDeA Fondunun (Ermənistanın İnkişafı Təşəbbüsləri Fondu) yaradılması olmuşdur. Digər bir təşəbbüs, Erməni Elm və Texnologiyaları Fondu (FAST) 2016-cı ildə təsis edilmişdir. Təşkilat, həm Ermənistanda, həm də diaspora erməniləri arasında texnologiya və elmi yeniliklərin tətbiqi və inkişafı üçün şərait yaratmaq məqsədi daşıyır. Təsisçiləri Ruben Vardanyan, Noubar Afeyan, Mesrop Aramyan və Artur Alaverdiyandır. 15 milyon dollarlıq büdcəsi olan fond dörd əsas istiqamətdə fəaliyyət göstərir təhsil, tədqiqat, start-up və istehsalat.


 
Vaçhe Manukyan
 
Erməni diasporunun ən uğurlu iş adamlarından biri olan Manukyan 1945-ci ildə Livanda, Beyrut şəhərində doğulmuşdur. O, Kiprdə internat məktəbində və Böyük Britaniyada mühəndislik məktəbində təhsil almışdır. Vaçe Manukyan uzun müddət Bruney şahzadəsinin ən etibarlı adamlarından biri olmuşdur. Özünün ilkin kapitalını da Manukyan məhz Bruneydə əldə etdikdən sonra özünün biznes planlarını həyata keçirməyə başlamışdır. Daha sonra İngiltərədə məskunlaşan Manukyan özünün böyük biznes imperiyasını qurmuşdur. Onun biznes maraqlarına əsasən bank işi, əczaçılıq, biotexnologiya, bərpa olunan enerji və istirahət sahələri daxildir. O, bir neçə holdinq və trast şirkətlərinə, Böyük Britaniyada böyük mülklərə sahibdir. İngiltərənin London şəhərində yerləşən Dorchester Hotelinin səhmdarı (Bruney sultanı ilə birlikdə), Londonun mərkəzində, məşhur “Biq Ben” saatından bir neçə addımlıq məsafədə yerləşən “Adelfi Hoteli”nin sahibi və “MARS” assosiasiyasının təsisçisidir. O, həm də Ermənistanda Midland Armenia Bank-ın yaradıcısı, HSBC Bank Armenia-nın təsisçi və sədridir. Manukyan “HSBC- Armenia” bankının səhmlərinin 30%-nə sahibdir. Onun HSBC bankı ilə tərəfdaşlığı məşhur bankın Ermənistanda belə tez görünməsinə səbəb olmuşdur. Manukyan həm də London Kral Opera Evinin baş sponsoru, fəxri üzvü və eyni zamanda UNICEF Amerika Birləşmiş Ştatları Fondunun direktorudur. Onun biznes maraqları Lixtenşteyn Knyazlığına da gedib çıxır. Onun varidatının 500 milyon ABŞ dollarından çox olduğu təxmin edilir.
 
Aktiv diaspor ermənisi sayılan Manukyan yeni iş yerləri yaratmaq məqsədi ilə Ermənistanda bir neçə şirkətə sərmayə qoymuşdur. Bu şirkətlərə Coca-Cola Ermənistan, Britaniyanın HSBC bankı və bir dərman şirkəti aiddir. O, bir neçə məktəb və kilsənin tikintisini və təmirini maliyyələşdirmişdir. Manukyan Ermənistanda yerləşən Nork-Maraş müasir tibb mərkəzinin də sponsorlarından biridir. O, təkcə bu mərkəzin tikintisi üçün 12 milyon dollar xərcləmişdir. Onun indiyədək Ermənistana yatırdığı investisiyaların həcminin 65 milyon dollardan çox olduğu qeyd edilir.
 
Manukyan və həyat yoldaşı həm də “Vatçe və Tamar Manukyan Fondu” vasitəsilə aktiv xeyriyyəçiliklə məşğuldur. Fond əsasən mədəniyyət və təhsil sahələrinə aid olan layihələri, o cümlədən İngiltərədə və Vatikanda böyük erməni sərgilərinin təşkili, qədim erməni mədəniyyəti, dini və incəsənəti haqqında kitabların nəşrini maliyyələşdirir. Bu fond vasitəsilə ABŞ-ın Harvard, Böyük Britaniyanın Kembric univerisitetlərində və digər məhşur univerisitetlərdə Erməni tələbələrin təhsili maliyyələşdirilir. Onların dəstəyi ilə 1700-dən artıq erməni tələbə xaricdə təhsil almışdır. Fond həm də Londondakı Müqəddəs Yeqişe Erməni Kilsəsini təmir etdirmişdir. Ermənistanın paytaxtı Yerevanın fəxri vətəndaşı olan Manukyan Ermənistanda həyata keçirdiyi xeyriyyəçilik işlərinə görə “Kilikiya Şahzadəsinin Nişanı” və “İşıqlandırıcı Müqəddəs Qriqori” ordeni ilə təltif edilmişdir. Bu, Erməni kilsəsi tərəfindən verilə biləcək ən yüksək mükafatdır.
 
 
Eduardo Eurnekian
 
Eduardo Eurnekian erməni əsilli argentinalı milyarder iş adamıdır. 2021-ci ilin sentyabr ayının məlumatlarına görə Eurnekian 1.4 milyard dollar sərvət ilə Argentinanın beşinci ən varlı adamıdır. O, 1932-ci ildə Argentinada erməni mühacir ailəsində anadan olmuşdur. Onun ailəsi tekstil məhsullarının istehsalı ilə məşğul olan biznes qurmuş və Argentina iqtisadiyyatının çiçəkləndiyi dövrdə məhşur idman geyimləri firması olan Puma-nın mühüm təchizatçısına çevrilmişdir. Eurnekianın biznes fəaliyyəti əsasən hava limanı və media sektorlarını əhatə edir. Eurnekianın rəhbərlik etdiyi Aeropuertos Argentina 2000 adlı konsorsium 1998-ci ildə Argentinanın əsas hava limanlarının 33-nü idarə etmək üçün 30 illik konsessiya əldə etmişdir. Konsorsium hazırda dünyada, əsasən Argentina, Cənubi Amerikanın digər ölkələri və Ermənistanda 76 hava limanında fəaliyyət göstərəir. 17 dekabr 2001-ci ildə Eurnekianın Corporacion America şirkəti Ermənistanın ən böyük hava limanı olan Zvartnots Beynəlxalq Hava Limanının əməliyyatlarına rəhbərlik etmək üçün Ermənistan hökuməti ilə 30 illik güzəşt müqaviləsi imzalamışdır. Şirkət hava limanının beynəlxalq standartlara cavab verən yeni terminalının inşasına başlamışdır. Layihənin ümumi dəyəri 50 milyon dollardan çox olmuşdur.


 
Mediya sahəsindəki fəaliyyətinə gəldikdə isə Eurnekian 1988-ci ildə Cablevision S.A şirkətini almış və onu Argentinanın ikinci ən böyük televiziya şirkətinə çevirmişdir. 1994-cü ildə o, şirkətdəki səhmlərinin 51%-ni 350 milyon dollara, 1997-ci ildə isə qalan səhmlərini yerli investisiya şirkəti olan “CEI Citicorp Holdings SA”-ya 320 milyon dollara satmışdır. Eurnekian həmçinin America TV, dörd radio stansiyası və Buenos-Ayresdə nəşr edilən gündəlik maliyyə xəbərləri jurnalı olan “El Cronist”-nın nəzarət paketinə sahib olmuşdur. Ümumilikdə, hesablamalar göstərir ki, Eurnekian 1990-cı illərin əvvəllərindən bəri təxminən bir milyard dollar dəyərində olan media imperiyası qurmuşdur.
 
Eurnekian hava limanları ilə yanaşı Ermənistanda aqrobiznes sektoruna da milyonlarla dollar sərmayə yatırmışdır. 2004-cü ildə İrəvanda yerləşən Eurnekiana məxsus “Tierras de Armenia” şirkəti ilə “Maks Qrup” şirkəti birgə müəsisə quraraq Ermənistanın Armavir regionunda 60 kvadrat kilometrlik ərazidə meyvə bağlarının salınması və emal zavodunun tikintisi üçün 25
milyon dollar sərmaye qoymuşdur.
 
2021-ci ilin iyul ayında Ermənistanın Baş Naziri Paşinyanla görüşən Eurnekian Ermənistanda investisiya layihələrini davam etdiriəcəyini bildirmişdir. O, baş nazir ilə Ermənistanda aeroportların tikintisi ilə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyətini müzakirə etmiş və bu istiqamətdə də yeni layihələr icra etməyə hazır olduğunu bildirmişdir.
 
Vartan Sirmakes
 
Frank Müller Qrupun (Franck Muller Group) həmtəsisçisi və icraçı direktoru olan Vartan Sirmakes 1956-cı ildə İstanbulda erməni zərgər ailəsindən doğulmuşdur. O, 1952-ci ildə, 18 yaşı olanda əmisinin məsləhəti ilə Cenevrəyə köçmüşdür. Sirmakes İstanbulda məşhur fransız məktəbi olan “Saint Benoit kolleci”ndə oxumuş və orada fransız dilini mükəmməl mənimsəmişdir. Cenevrəyə gəldikdən sonra 1974-cü ildə o, Antonio Bertolininin yanında zərgərliyi öyrənməyə başlamışdır. Zərgərlik sahəsində diplomunu aldıqdan sonra Cenevrənin Eaux-Vives ərazisində öz emalatxanasını qurmuşdur. Qısa müddət ərzində Sirmakes Ebel və Cartier kimi məhşur saat və bijuteriya şirkətləri ilə əməkdaşlıq etməyə başlamış və onun kiçik emalatxanası tezliklə böyük bir şirkətə çevrilmişdir. Daha sonra o biznesini genişləndirərək saat istehsalı sahəsinə keçmiş və məhşur qolbaq və saat qutusu istehsalçısı olan Pierre Ecoffey ilə əməkdaşlıq etməyə başlamışdır. Daha sonra bu əməkdaşlıq uğurlu olmuş və onlar Daniel Roth kimi nüfuzlu müştəriləri öz şirkətlərinə cəlb edə bilmişdir. Bundan sonra Sirmakes əsas diqqətini bahalı saatların istehsalına yönəltmişdir. Bunun üçün o, Frank Müller ilə əməkdaşlıq etməyə başlamış və onlar 1991-ci ildə Frank Müller Qrupu yaratmışdır. Frank Müller hazırda dünyada mövcud olan ən məhşur saat brendlərindən biridir. Şirkət yüksək keyfiyyətli və mürəkkəb quruluşa malik olan saatların istehsalı ilə məşğul olur. 2003-cü ildə Müller özünün şirkətdəki payını Sirmakesə sataraq biznesi tərk etmişdir.


 
Hazırda Sirmakes 7 müxtəlif brendin istehsalı ilə məşğul olur və İsveçrədə 14 istehsal müəsisələrinin sahibidir. Bu müəsisələrdən ən böyüyü Cenevrədə yerləşir və 800-dən çox işçisi vardır. Sirmakes həm də Ermənistanın böyük banklarından biri olan ArmSwissBank özəl və investisiya bankının yaradıcısıdır. Bank 2005-ci ildə Yerevanda yaradılmışdır. Onun səhmlərinin 80%-i Lüksemburqda qeydiyyata alınmış HVS Holding S.a.r.l. şirkətinə, qalan 20%-i isə Niderlandda fəaliyyət göstərən Jongo B.V. investisiya şirkətinə məxsusdur. Hər iki şirkət Sirmakesin nəzarəti altında fəaliyyət göstərir. Ermənistanda həm də “Franck Muller” şirkətinin yeganə rəsmi nümayəndəliyi fəaliyyət göstərir və ölkə iqtisadiyyatına böyük investisiyalar yatırır. Sirmakes İsveçrədəki erməni diasporunun əsas maliyyə donorudur. O, həm də uzun müddət “Ararat” futbol klubunun ortaq sahibi olub və erməni futbolunun inkişafına külli miqdarda pul yatırıb. Ermənistanın əvvəlki Prezidenti Sarkisyanın sərəncamı ilə Vartan Sirmakes Ermənistan Respublikasının Fransadakı baş konsulu vəzifəsinə təyin edilib. O, 2011-ci ildə Ermənistan hökuməti tərəfindən Vətənə xidmətə görə medalı ilə də təltif edilib. İsveçrənin Bilan jurnalının 2019-cu ildə nəşr etdirdiyi “İsveçrənin 300 ən varlı sakini” reytinqində Sirmakes 706.8 milyon dollar varidat ilə 177-ci yerdə qərarlaşmışdır.
 
Sirmakes Ermənistanla yanaşı Qarabağda da fəaliyyət göstərmişdir. O, Qarabağın işğalda olduğu dövrdə orada dağ-mədən sənayesində sahəsində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə cəlb edilmişdir və bununla separatçı rejiminə böyük maliyyə dəstəyi göstərmişdir. Belə ki, Zəngilanda yerləşən Vecnəli qızıl yatağını işğal dövründə istismar etmiş Gold Star şirkəti Sirmakesə məxsus idi. 2019-cu ildə bu şirkət Qarabağdakı qondarma rejimin dördüncü ən böyük vergi ödəyicisi olmuşdur. Bundan başqa Sirmakes işğal dövründə Kəlbəcərdə yerləşən Söyüdlü qızıl yatağının da istismarına cəlb edilmişdir. Onun Qarabağda qeyri-qanuni olaraq hasil etdiyi qızıl İsveçrəyə göndərilərək həm birjalarda satışa çıxarılır, həm də öz şirkətlərində saat istehsalına cəlb edilirdi. Bununla əldə edilən gəlirlər isə dolayı olaraq Ermənistan və Qarabağda müxtəlif layihələrə cəlb edilirdi.
 
Sirmakesin Qarabağda qanunsuz fəaliyyəti təkcə dağ-mədən sənayesi sahəsi ilə məhdudlaşmırdı. 2015-ci ildə o, Suqovuşan kəndində əsasən balıq kürüsü istehsalı məqsədilə balıq ferması tikdirmişdi. Fermanın gəlirli işləmə dövrünün 2021-ci ildən başlanacağı gözlənilirdi. 2019-cu ildə Sirmakes Ermənistanda bank qızıl külçələrinin əridilməsi üçün zavod inşa etmək niyyətində olduğunu da dilə gətirmişdir. Sirmakesin Qarabağda qeyri-qanuni fəaliyyəti ilə əlaqədar olaraq onun barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015- ci ildə cinayət işi açılmışdır və o, beynəlxalq axtarışa verilmişdir.
 
Ceyms Tufenkian
 
Ceyms Tufenkianın ailəsi 1890-cı illərdə Ermənistandan Amerika Birləşmiş Ştatalarına köçərək Kaliforniya və daha sonra Oreqon ştatlarında məskunlaşmışdır. Ceyms 1985-ci ildə hüquq fakültəsini bitirdikdən sonra ənənəvi Tibet xalçalarına müasir estetikanın tətbiq edilməsi ilə bağlı biznesə başlamışdır. O, 1980-ci illərdə xalça sənayesinin dəyişməsinə və inkişafına mühüm tövhə vermişdir. Fəaliyyətə başladığı ilk dövrlərdə Ceyms Nepal və Ermənistandakı sənətkarları xalça istehsalı prosesinin bütün mərhələləri ilə bağlı işlərlə təmin edirdi. 1986-cı ildə Manhettendə onun dizaynı əsasında ilk əl işi əsasında hazırlanan xalça mağazası açılmışdır. Onun bu sahədə fəaliyyəti genişləndikdən sonra dünyada məhşur olan Tufenkian Xalçaları (Tufenkian Carpets) brendini təsis etmişdir. Tufenkianın dizayner xalçaları səkkizi ABŞ-da, biri Londonda və biri İrəvanda fəaliyyət göstərən 10 salonda təqdim olunur. O, həm də Ermənistanda yerləşən Tufenkian hotel şəbəkəsinin sahibidir.


 
1993-cü ildən etibarən isə Tüfenkian Ermənistanda da fəaliyyət göstərməyə başlamış və öz fəaliyyəti dövründə Tufenkian biznes təşəbbüslərindən ermənilərin həyatını yaxşılaşdırmaq və ölkəsinin iqtisadi inkişafını dəstəkləmək üçün istifadə etmişdir. Bu məqsədlə o, 1999-cu ildə ABŞ- da “Tufenkian Fondu”nu təsis etmişdir. Fondun əsas məqsədi beynəlxalq yardım təşkilatlarının və hökumətin əhalinin ehtiyaclarını qarşılamaq üçün Ermənistanda icra edə bilmədikləri layihələri maliyyələşdirmək və Ermənistanın sosial-iqtisadi inkişafına dəstək verməkdir. Fondun fəaliyyəti həm də Ermənistanda ətraf mühitin qorunması, sosial müdafiə və demokratiyanın inkişafı istiqamətlərini də əhatə etmişdir. 2003-cü ildən etibarən isə fond Qarabağda işğal dövründə qeyri-qanuni fəaliyyət həyata keçirməyə başlamışdır. Fondun Qarabağda icra etdiyi layihələr əsasən əhalinin təcili ehtiyaclarının ödənilməsi, təhsil, infrastrukturun inkişafı, evlə təminat və digər istiqamətləri əhatə etmişdir.
 
Tufenkian Fondu 15 ildən çox müddətdə Qarabağda qanunsuz tikinti və təmir layihələrinə 4 milyon dollardan çox vəsait xərcləmişdir. Bu layihələrə klinikaların, bağçaların, məktəblərin, parkların tikintisi aid olmuşdur. Bu layihələrin əksəriyyəti 44-Günlük Müharibədən sonra Azərbaycanın nəzarətinə keçmişdir. 2004-2006-cı illərdə əvvəl işğalda olan Cəbrayıl rayonunda Tufenkian Fondunun maliyyə dəstəyi ilə Arajamux (Arajamugh) kəndi salınmışdır. Bu layihə üçün fond tərəfindən 1.5 milyon dollar həcmində vəsait ayrılmışdı. Müharibədən öncə bu kənddə tikilmiş evlərin sayı 24-ə çatmışdır və gləcəkdə 50-ə çatdırılması planlaşdırılırdı. Layihənin müddəti on il olsa da Cəbrayıl rayonu işğaldan azad edildiyinə görə layihə yarımçıq qaldı. Arajamux kəndi yaxınlığında eyni zamanda fond tərəfindən 6 hektar ərazidə nar bağları da salınmışdı.
 
2013-cü ildə Tufenkian Fondu Britaniyadakı “Erməni İcması Şurası” ilə birlikdə Zəngilan rayonunun Əlibəyli kəndində istixanaların salınması layihəsinə başlamışdı. Layihə çərçivəsində ümumi ərazisi 480 kvadrat metr olan 2 istixana tikilmişdi. Bu istixanalarda 2014-cü ildə 2 tona yaxın pomidor yetişdirilmişdi. 2015-ci ildə isə fond tərəfindən Qubadlının bir neçə kəndinin (əhali sayı 295) su təchizatının yaxşılaşdırılması məqsədilə su borularının, nansoslarının və su quyularının (18 ədəd) bərpası və yenidən qurulması layihəsi icra edilmişdi.
 
Tufenkian Fondu həm də xaricdə yaşayan ermənilərin Qarabağa qanunsuz köçürülməsi prosesində də yaxından iştirak etmişdir. 2014-cü ildə fond Zəngilan şəhərində və Xınalıq kəndində suriyalı ermənilərin Qarabağa köçürülməsi ilə bağlı bir neçə layihə icra etmişdir və bu çərçivədə binaların tikintisi üçün lazım olan tikinti materialları fond tərəfindən təmin edilmişdir. 2019-cu ildə də xaricdə, o cümlədən Suriyada yaşayan 5 erməni ailəsi də fondun dəstəyi ilə Qarabağda evlə təmin edilmişdi. Bununla yanaşı, 2019-cu il ərzində fond tərəfindən sosial, kənd təsərrüfatı, tikinti sahələrində Qarabağda çoxsaylı layihələr icra etmiş və XVI əsrə aid Müqəddəs Stepanos Kilsəsinin bərpasını həyata keçirmişdir. Müharibədən sonra da fond özünün xeyriyyəçilik fəaliyyətini davam etdiməkdədir. Bu çərçivədə fond əsasən müharibə dövründə zərər görmüş evlərin və infrastrukturun bərpasını həyata keçirir.
 
Nəticə

Ermənistanda oliqarxik sistemin və əsas oliqarxların fəaliyyətinin təhlili onu göstərir ki, hazırda da Ermənistanın siyasi-ictimai həyatında və iqtisadi inkişafında oliqarxlar böyük rola malikdir. Ermənistandakı oliqarxik sistem uzun müddət əhali və ictimaiyyət tərəfindən tənqid edilsə də və yeni hökumətin bu sistemi dağıdacağı vədini versə də bu sistem öz fəaliyyətini davam etdirməkdədir.


 
Paşinyan hakimiyyətə gəldikdən sonra oliqarxik sistemi dağıtmaq əvəzinə onu öz mənafeyi üçün istifadə etməyə başlamışdır. Bu da təbiidir, ona görə ki, olqarxik sistem uzun illər Ermənistandakı siyasi və iqtisadi proseslərə əsaslı şəkildə təsir etmişdir. Ermənistanda dərinləşən bu sistemi dağıtmaq asan deyildir və bu hakimiyyətdə olan istənilən qüvvənin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Ona görə də öz siyasi hakimiyyətini qorumaq üçün Paşinyan da bu sistemdən istifadə etməyə çalışır və ona qarşı olan oliqarxları isə təqib edərək ölkədən getməsinə onu qarşı olmayanların isə fəaliyyətinin genişləndirilməsinə çalışır.
 
Digər tərəfdən Ermənistanda oliqarxik sistem əlavə resursların cəlb edilməsi, humanitar problemlərin həlli və əhalinin rifah halının yaxşılaşdırılmasında əsas maliyyə mənbələrindən biri kimi çıxış edir. Ona görə də, belə kapitalın ölkəyə axınını qarşısının alınması iqtisadi baxımdan sərfəli deyildir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanda oliqarxik sistem öz aktuallığını qorumaqdadır və hələ uzun illər bu sistem öz mövcudluğunu saxlayacaqdır. Hakimiyyətə gələn qüvvələr isə ən yaxşı halda bu sistemin formasını və ya strukturunu dəyişə bilərlər.
 Nağı Əhmədov, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR