Ermənistandan ev alan Azərbaycan vətəndaşları kimlərdir?

2022-12-21 09:07:00

Ermənistandan ev alan Azərbaycan vətəndaşları kimlərdir?

Azərbaycan və Türkiyə vətəndaşlarının iştirakı ilə aparılan daşınmaz əmlak əməliyyatlarının faizi kifayət qədər azdır. Bu barədə Ermənistanın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyan bildirib.  Petrosyanın iddiasına görə, daşınmaz əmlak alan Türkiyə vətəndaşlarının sayı  100-dən azdır. “Azərbaycan vətəndaşlarının sayı bu rəqəmdən də azdır” deyən Petrosyan əlavə edib ki, əmlak alanlar milliyyətcə azərbaycanlı deyillər.  Ermənistanda qeydiyyatda olan 450 min mənzil var, ona görə də Türkiyə vətəndaşlarının, məsələn, 50 mənzili varsa, o zaman onun fikrincə, “təhlükəsizlik baxımından heç bir narahatlıq yaratmır”.

Qeyd edək ki, bu ilin fevralında da Ermənistanın Daşınmaz Əmlak Kadastrı tərəfindən mətbuata ötürülən statistikaya əsasən, Azərbaycan vətəndaşları 2012, 2018 və 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Digər 1 mənzil isə 2012-ci ildə hədiyyə olaraq Azərbaycan vətəndaşına verilib. Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyektin alındığı deyilir. Mülk alan şəxslərin etnik mənsubiyyətinin azərbaycanlı olması barədə iddiaları Ermənistanın Daşınmaz Əmlak Kadastrı təkzib edib. Diqqətə çatdırılıb ki, söhbət Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.

Ekspertlərə görə isə milliyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının  Ermənistanda əmlak alması hüquqi baxımdan mümkün deyil. Çünki Ermənistanda və Azərbaycanda ev almaq üçün müəyyən sənədləşmə prosedurlarını keçmək mütləqdir. Lakin indiki halda Ermənistanda ev almaq mümkün deyil. Ermənistanda mövcud olan qanunlar, tələb edilən sənədlər Azərbaycan vətəndaşının orada mülk sahibi olmasını  mümkünsüz edir. Eyni zamanda qanunla buna məhdudiyyət yoxdur. Yəni Azərbaycan qanunlarında “filan ölkənin vətəndaşına daşınmaz əmlak əldə etmək qadağandır” kimi ifadə yer almayıb.

Mümkündür ki, yayılan məlumatda vaxtilə Azərbaycanda yaşamış, Ermənistana köçüb getmiş ermənilər nəzərdə tutulur. De-fakto onlar vətəndaşlığını saxlayır, Ermənistan vətəndaşlığını almayıb. Amma istənilən halda, həmin şəxslər Azərbaycanın vətəndaş qeydlərində çoxdan siliniblər.   

Ekspertlərə görə isə digər bir ehtimal Qarabağda, Xankəndidə yaşamağa davam edən ermənilərlə bağlıdır. Birinci Qarabağ müharibəsindən öncə Azərbaycan vətəndaşı sayılan, Qarabağda yaşayan hansısa erməni vətəndaşlıqdan çıxmamış ola bilər. Hər bir halda, Ermənistanda ev alanlar azərbaycanlı deyil. Hansısa başqa millətin nümayəndəsidir. Azərbaycan vətəndaşlığını qəbul edib, ikili vətəndaşlığı var, yaxud nə zamansa, Azərbaycan vətəndaşı olub və başqa ölkədə yaşasa da, de-fakto bu vətəndaşlığı saxlayır. Türkiyə ilə bağlı məsələ bir az fərqli ola bilər. Qarışıq nikahdan və ya Türkiyə vətəndaşlığı olan ermənilərin sayı kifayət qədərdir. 

Ermənistanın rəsmi qurumunun açıqladığı məlumata o zaman etibar edə bilərdik ki, həmin şəxslərin adları təqdim edilərdi. Bəs o halda Ermənistan tərəfinin yaydığı iddialarda məqsəd nədir? Bu “xəbərlər” monoetnik ölkə yaratmış Ermənistanın öz ayıblarını ört-basdır etmək  məqsədimi daşıyır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Azərbaycanın mənzil fondunda təqribən iki milyona qədər qeydiyyata alınmış daşınmaz əmlak, mənzil var: “Təqribən beş yüz mindən artıq qeydiyyata alınmamış, çıxarışı olmayan mənzillər var. Ümumən hesablasaq, Azərbaycanın mənzil fondu 3 milyondan daha çoxdur. Ermənistanın daşınmaz əmlak kadastrının yaydığı məlumatda isə bu rəqəm təqribən 450 mindir. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın mənzil fondu Ermənistanın mənzil fondundan altı dəfədən daha çoxdur. Səbəb isə odur ki, Azərbaycan daşınmaz əmlak sektoruna həm yerli sakinlər tərəfindən, həm də digər ölkə vətəndaşları tərəfindən ciddi maraq var. Aylıq alqı-satqı məlumatlarına nəzər salsaq, Azərbaycanda paytaxt Bakı daxil, demək olar ki, yüzlərlə mənzil alınır və satılır. Azərbaycanda daşınmaz əmlaka marağın artması ona görədir ki, burada əmlakların qiymətində artım var. Artıma da səbəb tələbatın çox olmasıdır ki, istənilən vaxt həmin əmlakı satıb pulu nağdlaşdırmaq mümkündür. Lakin biz Ermənistanın əmlak bazarına nəzər salsaq, bizim son 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın daha çox Zəngəzur bölgəsində, Naxçıvan və Azərbaycanın orta hissəsində yerləşən əmlakları kütləvi şəkildə satışa çıxardılar. Təqribən iki ildən artıq bir müddətdə o ərazilərdəki əmlakların qiymətlərində dörd dəfəyədək enmələr müşahidə olundu, bu enmələr hələ də davam edir. Buna səbəb odur ki, o ölkəyə maraq yoxdur. İstər gürcü vətəndaşları olsun, istər xarici vətəndaşlar tərəfindən Ermənistanın daşınmaz əmlak sektoruna yatırımlar olunmur. Buna görə də qiymətlər enir”.

Ekspert əlavə edib ki, Bakıda 30 minə qədər erməni milliyyətindən olan Azərbaycan vətəndaşları yaşayır: “90-cı illərdə Azərbaycandan köçüb gedən rus və digər milliyyətlərin nümayəndələri oldu ki, həmin dövrdə gedəndə ikili vətəndaşlığı saxlaya bildilər. Həm Azərbaycan vətəndaşı olaraq, həm də köçüb getdiyi digər ölkənin vətəndaşı ola bildilər. Həmin şəxslər hələ də ikili vətəndaşlığı qoruyub saxlayıblar. Biz nəzərə almalıyıq ki, Azərbaycan tolerant bir dövlətdir. Burada bir çox xalqların nümayəndələri ilə yüz illərdir ki,   bir yerdə yaşayırıq. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqlar yumruq kimi birləşdilər və Vətəni qorudular. Elə bir ailə yoxdur ki, onun yaxını Vətən uğrunda vuruşmasın. O baxımdan düşünürəm ki, belə bir mühitdə heç Ermənistandan daşınmaz əmlak almaz. Amma Azərbaycan vətəndaşlığını saxlayan, milliyyətçə erməni olan şəxslər Ermənistandan rahat şəkildə ev ala bilərlər. Dünyanın əksər ölkələrində bu cür məsələlərdə heç bir qadağa yoxdur. Lakin digər türk kökənli xalqların nümayəndəsinin Ermənistanda əmlak alması absurd məsələdir. İstər Azərbaycana erməni gəlsin, istərsə də Ermənistana Azərbaycan vətəndaşı gəlsin, təhlükəsizlik xidmətləri orqanları tərəfindən araşdırılır. Həmin şəxsin gəlmə niyyəti, səbəbi bəlli olmalıdır. Hansısa bir dövrdə Ermənistandan gedib bir Azərbaycan vətəndaşı mənzil alıbsa, demək ki, bu onun ora ilk gedişi deyil. Dəfələrlə gedib, müşahidə edib, seçib, daha sonra alıb. O cümlədən Türkiyədə də yetərincə milliyyətcə erməni olan türk vətəndaşları yaşayır ki, onların da gedib Ermənistanda daşınmaz əmlak almalarında heç bir qadağa yoxdur. Lakin  1988-89-cu illərdə Qərbi Azərbaycandan, indiki Ermənistandan yüz minlərlə soydaşımız məcburi köçkün düşdülər, ev-eşiklərindən didərgin düşdülər və Azərbaycanın digər bölgələrinə köçdülər. Amma Azərbaycandan köçən ermənilər tam fərqli olaraq öz əmlaklarını rahat şəkildə satdılar, əşyalarını götürüb Azərbaycandan rahat şəkildə köçüb getdilər. Bu, bir daha Azərbaycan xalqının humanist olmağının bir əsasıdır. Fikrimcə, zaman gələcək, ora da qayıdacağıq, necə ki, 28 il işğalda olan torpaqlarımız 2020-ci ildə azad olundu. Hazırda həmyerlilərimiz mərhələli şəkildə öz torpaqlarına geri dönür. Bütövlükdə Ermənistan Azərbaycan torpaqlarıdır, İrəvan Azərbaycan şəhəridir. Zamanla o torpaqdan məcburi köçkün düşmüş insanlarımız da öz torpaqlarına geri qayıda biləcək. Çünki o torpaqlar da, istər Zəngəzur, istərsə də Ermənistanın digər əraziləri olsun, qədim Azərbaycan torpaqlarıdır. Qarabağı qaytardığımız kimi həmin torpaqlar da öz sahiblərinə geri qayıdacaq. Zamanla vətəndaşlarımız həmin ərazilərdən əmlaklar ala biləcək. Çünki o torpaqlardan məcburi köçürülmüş yüz minlərlə soydaşımız var ki, onların da öz yurdlarına qayıtmaq haqları var”.          

Politoloq Qabil Hüseynli də “Yeni Müsavat”a deyib ki, ermənilər qeyri-səmimilik, faktlara qondarma yanaşma nümayiş etdirirlər: “Ermənistanın indiki əraziləri başdan-başa vaxtilə azərbaycanlıların yaşadığı məkan olub. Məgər onların orada əmlakı, torpaq sahəsi, evlər yox idimi? İrəvanın özündə 1893-cü il əhalinin siyahıya alınmasında müəyyən edilmişdi ki,  əhalinin 83 faizi azərbaycanlı idi. Demək ki, evlərin də 83 faizi azərbaycanlılara məxsus idi. Onlar həmin dövrdə mülk şəklində idi. Sovet dövründə ictimailəşdirildi. İctimailəşdirilmiş olsa da, bir qismi özəlləşdirilmişdi. Yəni sırf azərbaycanlılara aid olan özəl mülkiyyət növü idi. Bundan başqa, Ermənistanın bütün bölgələrində azərbaycanlılar yaşayıblar. Əksər bölgələrində isə kompakt halında yaşayıblar. Sovet hakimiyyəti illərində kolxoz quruluşu idi. Bu vaxt da mülkiyyətçi idilər. Fikrimcə, sonuncu deportasiyalara qədər kolxoz quruluşu ləğv edilməmişdi. Həyətyanı torpaq sahələrinə malik idilər. Bundan başqa, azərbaycanlıların yaşadıqları ərazilərdə mağazaları  var idi. Eləcə də kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin sahibləri idilər. Onların mülkiyyət hüquqlarını bu cür təhrif edirlərsə, saxtalaşdırırlarsa, bu addımı atmaqla burada azərbaycanlıların son izlərini də silmək istəyirlərsə, erməni xislətinin yeni təzahüründən başqa bir şey deyildir. Ermənilər tam saxtalaşdırılmış məlumatları yayıblar. Bu məlumatların heç bir real bazası yoxdur. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki mülklərinin dəqiq uçotu aparılmayıb. Sayı dəqiq müəyyənləşdirilməyib. Bunu müəyyənləşdirmək üçün isə Azərbaycan ərazisində yaşayan, oradan deportasiya edilmiş insanlarla bir-bir görüşüb onlardan bilgi toplamaqla hökumətimiz tədbir həyata keçirməli, inandırıcı faktlar ortaya qoymalıdır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142021