Saat:04:51
Haqqımızda

Ermənistanda niyə konstitusiyanı dəyişdirmək istəyirlər?

2024-02-13 11:28:34

Ermənistanda niyə konstitusiyanı dəyişdirmək istəyirlər?

Erməni kimliyi illər boyu Dağlıq Qarabağ və Ararat dağı kimi simvolların üzərində inşa edilib. Amma ötən ilin sentyabrında Yerevan Qarabağ üzərində nəzarətini tamamilə itirdi və Ermənistan hakimiyyəti ölkənin konstitusiyası, gerbi və himninin dəyişdirilməsindən danışmağa başladı. BBC Rusca Nikol Paşinyan və onun komandasının niyə yeni, dördüncü respublika yaratmaq istədiklərini və adi ermənilərin milli simvolların itirilməsinə necə reaksiya verdiyini araşdırıb.

Ötən ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyan xalqı Konstitusiya Günü münasibətilə təbrik edərək, vətəndaşları Əsas Qanunu oxumağa çağırıb, çünki, onun sözlərinə görə, bu, “hamı üçün faydalıdır”.

O vaxtdan bəri Paşinyan ölkənin əsas sənədinə öz münasibətini dəyişib və ölkəni daha “rəqabətli” etmək üçün onun dəyişdirilməsini təklif edir.

Onun sözləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə Azərbaycanın bölgə üzərində nəzarətinin bərpasına və 100 mindən çox Qarabağ ermənisinin öz evini tərk etməsinə səbəb olan hərbi əməliyyatından sonra Bakı ilə Yerevan arasında danışıqların çıxılmaz vəziyyətə düşdüyünü əks etdirir.

Ölkə liderlərinin hər ikisi yekun sülh bağlamaqdan danışsalar da, onun şərtlərini müxtəlif cür başa düşürlər.
Paşinyan və komandası ardıcıl olaraq güzəştə gedir və bunu onunla əsaslandırırlar ki, daha güclü düşmənlə yeni müharibədən və nəticədə artıq Ermənistanın özünün müstəqilliyinin itirilməsindən qaçmaq istəyirlər.

Ermənistan lideri alleqoriyalarla danışmağı xoşlayır: o, konstitusiyanı yolunda öküzlər duran səyyahın qırmızı paltarı ilə müqayisə edir. Bu paltarları sevimli nənəsi tikib və səyyah üçün çox əzizdir. O, seçim etməlidir: sentimental düşüncülərə əsaslanaraq, təhlükəyə və riskə məhəl qoymayaraq yoluna davam etsin, ya qırmızı paltarı öküzün baxışlarından qorusun.

Baş nazir bu fevralın əvvəlində İctimai radioya müsahibəsində belə bir bənzətmə aparıb. Hərçənd Paşinyan bunun ona kənardan təzyiqlə bağlı olduğunu birbaşa deməyib, amma alleqoriyanın mənası onun auditoriyasının diqqətindən yayınmayıb.

Üstəlik, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev açıq bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişməlidir.

Qarşılıqlı asılılıq Bəyannaməsi
Əliyev konstitusiyanın dəyişdirilməsini tələb etsə də, onun nöqteyi-nəzərindən problem başqa bir sənəddə - Ermənistanın Müstəqillik Bəyannaməsindədir. SSRİ-nin formal süqutundan bir müddət əvvəl, 1990-cı ilin yayında qəbul edilmiş sənəddə “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarına istinad var.

Həmin vaxt əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində idi. Yerli muxtariyyətin deputatlarının ordan çıxmaq haqqında qəbul etdikləri qərar formal olaraq Bakıdan aralanmaq demək idi. Sovet İttifaqının dağılmasından sonra bu münaqişə iki ordu arasında genişmiqyaslı müharibəyə çevrildi.

Və Ermənistan konstitusiyasının preambulasında Qarabağla birləşmə məqsədi əks etdirilən bu Bəyannaməyə istinad olduğuna görə, Bakının nəzərində bu, Azərbaycan ərazilərinə hüquqi iddia deməkdir.

Ancaq Bəyannamədə mübahisəli bölgə ilə birləşmədən başqa, daha bir məqam da var - 1918-ci ildə çar Rusiyasının xarabalıqları üzərində qurulan və tezliklə bolşeviklər tərəfindən zəbt edilmiş ilk Ermənistan respublikasının ənənəsinin davam etdirilməsi haqqında.

1991-ci ildə yaradılarkən dövlət bu respublikanın varisliyini qəbul edib və onun himnini, o cümlədən, üzərində digər simvollarla yanaşı, İncil əfsanəsinə görə, daşqından sonra Nuhun gəmisinin dayandığı Ararat dağı (Türkiyə ərazisində yerləşən bu dağ türkcə “Ağrı" adlanır -red.) da təsvir olunmuş gerbini götürüb.
Paşinyan Ermənistanın simvolu kimi bu dağdan imtina etməyi təklif edir. O deyir ki, ölkənin ən hündür dağı Türkiyə ərazisində yerləşən Ararat deyil, Araqatsdır (azərbaycanlılar həmin dağı “Alagöz” adlandırır– red.).

Ararat Ermənistanın dövlət simvolu kimi Türkiyəni qıcıqlandırır. 1920-ci illərdə sərhədlər dəyişərkən, Ararat dağı Türkiyə tərəfdə qalıb. Beləliklə, dağılan iki imperiyanın varisləri olan Sovet Rusiyası ilə Türkiyə Cümhuriyyəti Birinci Dünya müharibəsi başa çatdıqdan sonra münasibətlərini nizamlayıblar.

Gerbin digər elementləri - dörd qədim erməni krallığının simvolları - haqqında da Paşinyan deyir ki, onların postsovet respublikası ilə heç bir əlaqəsi yoxdur.

Baş nazirin ən yaxın silahdaşlarından biri olan, Ermənistan parlamentinin sədri Alen Simonyan himnin də dəyişdirilməsini təklif edib.

Himni dəyişdirmək deputatın çoxdankı layihəsidir. Lakin o, heraldik aslanı “Facebook smaylik”i ilə müqayisə edərək, gerblə də bağlı iradını gizlətməyib.

“Ən azından Ermənistan su altında ola bilməz”, – deyə Simonyan “ümumdünya daşqının” sularında yüksələn Ararat dağının üzərindəki gəmi təsvirini belə səciyyələndirib.

Ermənistan hakimiyyəti öz təkliflərini referenduma çıxarmaq niyyətindədir və deyirlər ki, söhbət Ermənistan dövlətinin yenidən qurulmasından və 1918-1920-ci illərdə demokratik dövlət, Ermənistan SSR və bərpa olunmuş 1991-ci il müstəqil respublikadan sonra yeni dördüncü respublikanın yaradılmasından gedir.

Azərbaycandan Qərbə sarı
Ermənilər arasında yeni müharibə qorxusu Əliyevin sırf Ermənistan ərazisi ilə bağlı mütəmadi şərhləri ucbatından səngimir.

Əliyev son bir ildə onu dəfələrlə “Qərbi Azərbaycan” adlandırıb və bu ilin yanvarında bir daha bəyan edib ki, Yerevan və ölkənin cənub hissəsi Sünik (Zəngəzur) Sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş qədim Azərbaycan əraziləridir.

Tarixə olan bu marağın praktiki tərəfi də var: Azərbaycan uzun müddətdir ki, Ermənistanın cənubundan keçməklə öz Naxçıvan eksklavına “Zəngəzur dəhlizi” adlandırdığı quru yolla əlaqə yaratmağa çalışır.

Video izləyin: Zəngəzur dəhlizi: Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirən yol

Paşinyan hesab edir ki, bu, Ermənistana girişdə və çıxışda gömrük postları olan yol olmalıdır. Əliyev hər hansı bir yoxlamanın olmamasını tələb edir.

Ermənilərin bir çoxu Azərbaycanın Türkiyənin dəstəyi ilə ölkənin bir hissəsini işğal etməyə və ya güc yolu ilə dəhliz açmağa cəhd edəcəyindən qorxur. Yerevan bu narahatlıqlarını Brüsselə çatdıra bilib.

Yanvarda Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Prezident Əliyevin səsləndirdiyi ərazi iddialarını” pisləyib və Ermənistanın ərazi bütövlüyünün pozulması ilə bağlı xəbərdarlıq edib.
Ermənistan-Azərbaycan danışıqlarının gedişatına yaxşı bələd olan politoloq Tiqran Qriqoryan hesab edir ki, bəlkə də Əliyevin aqressiv bəyanatları uğurlarını təkcə Qarabağda deyil, kağız üzərində də təsbit etmək cəhdidir.

Paşinyan sülhə doğru addım kimi qoşunların sərhəddən güzgüvari şəkildə geri çəkilməsini təklif edib. Lakin Bakı onu rədd etdi. “Biz həm 2021-ci ilin mayında, həm də 2022-ci ilin sentyabrında tutduğumuz mövqelərdən bir addım belə geri çəkilməyəcəyik”, - eskalasiyalar zamanı Ermənistan Respublikasının Azərbaycan qoşunları tərəfindən tutulmuş ərazilərindən danışaraq, Əliyev deyib.

Onun nöqteyi-nəzərindən, ölkələr arasında sərhədlərin delimitasiyası aparılmadığından, bu, işğal sayıla bilməz.

Qriqoryan hesab edir ki, Azərbaycan son aylar danışıqlardan Ermənistan əhalisinin Qarabağdan köçməsi nəticəsində yaranan reputasiya itkilərini azaltmaq, dialoqda Qərb vasitəçilərindən yaxa qurtarmaq və sülh müqaviləsinin gündəliyindən sərhədlərin delimitasiyası kimi əsas məsələləri çıxarmaq üçün istifadə edib.

Könüllü “denasifikasiya”
Paşinyanın təklifləri Ermənistan cəmiyyətində “erməni olmaq nə deməkdir”, Qarabağ itirildikdən sonra və gerbdən Araratın silinməsi ehtimalı fonunda milli simvollar, milli ideya haqqında qızğın müzakirələrə səbəb oldu.

Ermənistan hakimiyyəti “öz xoşuna denasifikasiya” yolunu seçib – jurnalist Arşaluys Mqdesyan rəsmi Yerevanın Bakının tələblərinə həvəslə əməl etməsini belə təsvir edib.

Baş nazirin öküzlər və qırmızı paltarlarla bağlı alleqoriya işlətdiyi müsahibədən sonra İctimai radionun direktoru əməkdaşının siyasətçini kifayət qədər tənqidi sorğu-sual etməməsinə görə üzr istəyib və Baş nazirin sözlərini belə şərh edib: “Gəlin erməni olmağımızdan əl çəkək”. Bəyanatı direktorun qırmızı gödəkçəli fotosu bəzəyir.

23 yaşlı tələbə qız Şuşanik Hayriyan da bu fikirlə razılaşır. Şuşanik və ailəsi son münaqişə nəticəsində Dağlıq Qarabağdan qaçqın düşüb və onun üçün Paşinyanın yeni ideyaları doğma evini itirmək faciəsi ilə üst-üstə düşür.

“Bu, sanki o deməkdir ki, erməni olmağı tərgitməliyik, çünki biz erməni qaldıqca, onlar bizi öldürmək istəyirlər. Bunun heç bir mənası yoxdur”, - Şuşanik deyir.

Liberal “epress.am” nəşrin baş redaktoru Yuri Manvelyan hesab edir ki, Qarabağdan köçmək ayrı-ayrı ailələr üçün faciə olaraq qalır. Yüzlərlə fəal qarabağlılara kömək edib, onlar üçün ev axtarsa da, adi Yerevan sakini daha çox taksi qiymətlərinin ucuzlaşdığını hiss edib, ona görə ki, iş tapa bilməyən Qarabağdan olan kişilər də taksi sürücülüyünə başlayıblar. Onun sözlərinə görə, cəmiyyətdə apatiya hökm sürür.

"Bunsuz da kədərlənmək üçün səbəb çoxdur", - o, cəmiyyətdəki əhval-ruhiyyəni yekunlaşdırır. Keçən il Ermənistanda keçirilən sorğulardan ən etibarlı hesab edilən Amerika IRI tərəfindən aparılan sorğu göstərib ki, ermənilərin əksəriyyəti heç bir siyasətçiyə inanmır, hökumətdən, ordudan və məhkəmə sistemindən narazıdır.

Üstünlük təşkil edən əhval-ruhiyyə haqqında suala ən populyar cavab: "təhlükə, həyəcan, gələcək qorxusu" olub. Bu narahatlığın əsas mənbəyi ölkə və onun sərhədləri üçün xarici təhlükə idi.
Uzun müddət hesab olunurdu ki, Qarabağda ərazi güzəştinə gedən istənilən erməni lideri dərhal devriləcək - bu məsələ ermənilər üçün bu qədər vacibdir. Lakin Paşinyan əvvəlcə ərazilərin bir hissəsinin itirilməsini tanıdı, sonra isə Qarabağdan tamamilə imtina etdi. Müxalifət liderləri onu “təslimçi” adlandırıb və kütləvi etiraz aksiyaları keçiriblər. Amma heç biri uğurlu olmadı.

Sentyabrda Yerevan Şəhər Şurasına seçkilərdə müxalifət partiyaları qalib gəldi. Lakin onlar mer vəzifəsinə vahid namizədlə bağlı razılığa gələ bilmədilər və nəticədə hakim partiyanın 32,5 faiz səs qazanmasına baxmayaraq, Paşinyanın tərəfdarı mer oldu.

Təxminən altı il əvvəl küçə etirazları dalğasında hakimiyyətə gələn Paşinyan idarəçiliyə Baş nazirin iş otağından Facebook canlı formatında birbaşa yayımla başlayıb və xalqa qərarların tam şəffaflığını vəd edib.

Onun əvvəlki populyarlığından əsər-əlamət qalmayıb və selfi çubuğundan istifadə etməklə çəkilən canlı yayımlar dayandırılıb. İndi Baş nazir hərbi qəbiristanlığa gül qoymaq istəyəndə, polislər onun haqqında düşündüklərini üzünə demək istəyən, ölən əsgərlərin analarının qollarını büküb aparmalı olurlar.

Paşinyan hələ 2020-ci ildə Konstitusiya məhkəməsində islahatlar keçirmək üçün referendum təşkil etməyə cəhd edib. O zaman səsverməni pandemiya pozdu, lakin hakim partiya parlamentdə səsvermə yolu ilə lazım olan hakimləri təyin edə və Konstitusiya məhkəməsində səs çoxluğu əldə edə bildi.

Bu dəfə də hökumət əsas qanunu yenidən yaza biləcəkmi? Tiqran Qriqoryan qeyd edir ki, referendumda uğur qazanmaq üçün 600 mindən çox “lehinə” səs lazım olacaq.

“Paşinyanın aşağı reytinqini nəzərə alsaq, hətta geniş ictimai konsolidasiya [düzəlişlərə qarşı] olmasa belə, bu məqsədə çatmaq üçün inzibati resurslar kifayət etməyə bilər”.

teref.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR