Saat:17:49
Haqqımızda

Ermənistana güzəşt etmək niyyətimiz yoxdur, lazımi məqamı gözləyirik

2024-09-24 16:44:38

Ermənistana güzəşt etmək niyyətimiz yoxdur, lazımi məqamı gözləyirik

“30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistanın işğalçılıq, soyqırımı, təcavüz siyasətinin nəticələri göz önündədir. İkinci Qarabağ müharibəsindən sonra bu nəticələri həm özümüz gördük, həm də faktlarla, sübutlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yeraltı və yerüstü sərvətləri, ekologiyamızı, infrastrukturumuzu darmadağın edib. Təkcə Ağdam şəhərinə baxanda vəhşiliyin miqyası bəlli olur. Bu bizim Ermənistana qarşı hüquqi müstəvidə iddia qaldırmağımız üçün kifayət qədər əsas verir”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Musavat.com-a şərhində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib.

xeyal.jpg (31 KB)

Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistana qarşı beynəlxalq hüquqi müstəvilərdə iddia qaldırmaqla bağlı mövqeyini bildirsə də, hazırkı məqamda bunun sülhə mane ola biləcəyini nəzərə alır:

“Bəzi məsələlərdə olduğu kimi, bunu da aktuallaşdırmamağımız o demək deyil ki, Ermənistana güzəşt etmək niyyətimiz var. Azərbaycan dəfələrlə mina xəritələrinin təhvil verilməsini tələb etsə də, Ermənistan bundan boyun qaçırdı. Sülhə, münasibətlərin normallaşmasına mane olmaması üçün Azərbaycan mina xəritələri verilmədən hərbçilərin mübadiləsini həyata keçirdi. Həmçinin, uzun zaman alacağını nəzərə alıb Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası prosesinin paralel aparılmasına razılıq verdi. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan 10 noyabr bəyannaməsi ilə öz üzərinə öhdəlik götürsə də, Azərbaycan bunun növbəti mərhələlərə saxlanması, sülh gündəliyindən çıxarılması ilə razılaşdı. Eyni zamanda hüquqi müstəvidə Azərbaycan dövlətinə və xalqına vurulmuş zərər də bu qəbildən olan məsələlərdəndir.

Bundan başqa, itirilmiş gəlirlər amili var. Azərbaycanın müharibə üçün sərf etdiyi vəsait, bu səbəbdən şəhid ailələri, qazilər və digər istiqamətlərə yönləndirdiyi vəsaitlər Ermənistanın işğalçılıq, düşmənçilik, təcavüzkar soyqırımı cinayətlərinin məntiqi nəticəsidir. Azərbaycan bütün bu məsələlərin qaldırılması hüququna sahibdir.

Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında real, səmimi sülhün əldə olunması üçün bütün məsələlər həllini tapmalıdır. Prosesi yoxuşa aparan məsələlərdə Azərbaycan hər zaman olduğu kimi, konstruktiv yanaşma tərzini ortaya qoyub. Bundan sonra da belə olacaq. Bu o demək deyil ki, Ermənistan hüquqi məsuliyyətdən kənarda qalacaq. Dünyada belə vəziyyətlərlə bağlı kifayət qədər nümunə var. Bu nümunələrə əsaslansaq, Azərbaycan hüquqi müstəvidə kifayət qədər dəlilə, sübuta sahibdir. Biz lazımi məqamı gözləyirik. Hazırkı mərhələdə isə sülhə mane olmaması üçün biz bunu gündəmə gətirmirik.

Ermənistan sülh prosesini uzatmağa davam etsə, Azərbaycan paralel olaraq həm Ermənistan dövlətinin, həm də cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq addımlar atacaq”.
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.307715