Ermənistan sülhə niyə maraqlı deyil? – ŞƏRH
Beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşması Cənubi Qafqazda daimi sülh və təhlükəsizliyin təminatına heç vaxt imkan verməyəcək.
Son üç il ərzində Moskva, Brüssel və Vaşinqton formatlarında aparılan danışıqlar və bundan sonrakı müzakirələr də ciddi bir nəticəyə gətirib çıxarmayacaq. Çünki hər bir güc mərkəzi iki ölkə arasında sülh müqaviləsinin öz geosiyasi maraqları əsasında imzalanmasını istəyir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bəyan edib ki, regional təhlükəsizlik arxitekturası yalnız beynəlxaq hüququn normaları əsasında formalaşmalıdır.
“Biz ədalətə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - deyə Haciyev vurğulayıb.
Bildirək ki, ən münasib həll yolu Azərbaycan və Ermənistanın dövlət rəsmilərinin Gürcüstanda bir araya gəlib intensiv danışıqlar aparmasından keçir. Bu danışıqlarda qarşılıqlı razılaşma əldə edildikdən sonra Bakı və İrəvan beynəlxalq hüququn normaları əsasında sülh müqaviləsi imzalaya bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babalı Cebhe.info-ya açıqlamasında bildirib ki, Tiflis formatında qarşılıqlı fəaliyyət regional təhlükəsizlik arxitekturası üçün daha münasib mexanizm hesab oluna bilər:
“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən üç il keçməsinə baxmayaraq Ermənistan hələ də regionda sülhün bərqərar olunmasında maraqlı deyil.
Ona görə də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkün hala çevrilib. Ermənistan nə normal dövlət kimi davranır, nə də müstəqil siyasət yürüdür.
Üç il ərzində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün regional və beynəlxalq səviyyədə münasib imkanlar yaranmışdı. Ancaq İrəvan bilərəkdən bunların heç birini dəyərləndirmədi. Əgər Ermənistan öz davranışlarından əl çəkməsə, öz mövqeyini dəyişməsə və məsuliyyətini dərk etməsə, istənilən format çərçivəsində sülh danışıqları nəticəsiz olacaq.
Regionda geosiyasi maraqları olan xarici güc mərkəzlərinin təsir dairəsindən Ermənistan xilas ola bilərsə, təbii ki, Tiflis formatında intensiv danışıqlar aparmaqla daha səmərəli nəticələr əldə etmək mümkün olar. Tiflis formatı Azərbaycanın maraqlarına tam uyğundur.
Rəsmi Bakının mövqeyi budur ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik yalnız həmin regiona aid olan ölkələrin iştirakı ilə bərqərar olunmalıdır. Təəssüf ki, Ermənistan bu kimi perspektivləri tam olaraq dəyərləndirə bilmir.
Hesab edirəm ki, regionda sülhün təmin olunmasına yönələn ən opital mexanizm məhz Tiflis formatıdır. Çünki region ölkələri bu format çərçivəsində qarşılıqlı fəaliyyət göstərməklə öz maraqlarını təmin etməsi mümkündür.
O ki qaldı Moskva, Brüssel və Vaşinqton formatına, bu üç beynəlxalq güc mərkəzi regionda yalnız öz geosiyasi hegemoniyasını möhkəmləndirməkdə maraqlıdır”.
Yunis Abdullayev