Saat:18:13
Haqqımızda

Ermənistan sülh istəmirsə, onda HƏRBİ TƏZYİQLƏR QAÇILMAZ OLACAQ

2022-06-28 11:34:00

Ermənistan sülh istəmirsə, onda HƏRBİ TƏZYİQLƏR QAÇILMAZ OLACAQ

Məhəmməd Əsədullazadə: "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin sentyabr ayından start götürməsi gözlənilir"

Elxan Şahinoğlu: "Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi"

Kənan Novruzov: "Rusiya istəyir ki, yenidən özü "sükan arxasına keçsin", əvvəlki moderatorluq rolunu bərpa edə bilsin"

Azərbaycan regionda qalıcı sabitlik yaratmaq istədiyini, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu və bunun üçün maksimum əmək sərf etdiyini bəyan etsə də, rəsmi İrəvan sərhədlərin müəyyənləşdirilməsini və sülh müqaviləsinin imzalanmasını əsassız olaraq yubadır. Qeyd edək ki, Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən məhz bu məsələyə toxunan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq", deyə bildirib.

Prezident onu da əlavə edib ki, dünyanın aparıcı qüvvələri artıq postmüharibə reallıqlarını qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar: "Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçib. Bu müharibəni unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər".

Bəli, həqiqətən də bu gün əksər dünya dövlətləri postmüharibə reallıqlarını qəbul edib. Misal kimi, bugünlərdə ölkəmizdə rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət yetirmək olar. Belə ki, Minsk qrupunun fəaliyyətini dayandırdığını elan edən Lavrov postmünaqişə həll prosesi üçün bazanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı olduğunu qeyd edib: "Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığı itirdi".

"Rusiyanın Azərbaycana ciddi təzyiq etmək üçün rıçaqları əlindən çıxıb və Bakı regionda kifayət qədər müstəqil siyasət həyata keçirir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri xüsusilə Ermənistan-Azərbaycan arasında proseslərdə Kremlin aktiv rolunu artırmaqdan ibarətdir: "Demək olar ki, bu səfərin Azərbaycan üçün strateji əhəmiyyəti yoxdur. Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməməsi Moskvanın imperiya ambisiyalarını möhkəmləndirməyə hesablanıb. Ümumiyyətlə, Rusiyanın Azərbaycana ciddi təzyiq etmək üçün rıçaqları əlindən çıxıb və Bakı regionda kifayət qədər müstəqil siyasət həyata keçirir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin sentyabr ayından start götürməsi gözlənilir: "Rusiya sərhəd komissiyanın növbəti dəfə başlayan prosesini tormozlaya bilməyəcək. Hazırda Ermənistan tərəfinin Laçın istiqamətində dövlət sərhədində atəşkəsi mütəmadi pozması əsasən strateji yüksəkliklərdə mövqe ələ keçirməyə hesablanıb. Bu da mənasız gedişdir və Ermənistan tərəfi ikitərəfli komissiyanın işini ləngidə bilməyəcək. Ermənistan müxalifətinin etiraz aksiyalarına gəldikdə, xalqın geniş kütləsinin dəstəyini ala bilmədiyindən bu prosesdə nəticəsiz oldu. Demək olar ki, Nikol Paşinyan üçün daxili təzyiqlər neytrallaşıb. Müxalifətin parlamentdən getmək xətti götürməsi mümkündür. Artıq müxalifətin əlində bir rıçaq qalıb. Ümumiyyətlə, Ermənistanda məhz Qarabağa görə xalqın etirazı gözlənilmir. Xalq ikinci Qarabağ müharibəsində acı məğlubiyyətə görə yenidən müharibənin başlanmasında maraqlı deyil".

Milli Cəbhə Partiyasının sədr müavini onu da qeyd edib ki, prezident İlham Əliyevin Silahlı Qüvvələr Günündə hərbi geyimdə Laçın və Kəlbəcərə səfəri Ermənistana mesajdır: "Sülh yoxdursa, erməni tərəfi danışıqları imitasiya edirsə, hərbi təzyiqlər qaçılmazdır. Avqustun əvvəlində Brüsseldə gözlənilən görüş ərəfəsində prezident bununla qarşı tərəfə mesaj verir".

"Bunlara riayət edilərsə münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə, nəsə dəyişməyəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdakı açıqlamalarında Azərbaycanla Ermənistan arasındakı mövcud durumu müsbət dəyərləndirməyə çalışdı: "Halbuki, müharibənin bitdiyi il yarımda ortada nə sülh sazişinin mətni, nə qarşılıqlı ərazi bütövlüklərinin tanınması, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədin müəyyənləşməsi var. Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi. Bu da sırf Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalarıyla əlaqəlidir. Rusiya ilə gərginlik istəmirik. Bizə qarşı təxribatlar etməsinlər, əleyhimizə reportajlar yayımlamasınlar, erməni separatçılarını müxtəlif yollarla cəsarətləndirməsinlər, 3 il yarımdan sonra da 2020-ci il 10 noyabr bəyanatının bəndinə görə hərbçiləri məmləkətimizi tərk etsinlər. Bunlara riayət edilərsə münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə, nəsə dəyişməyəcək".

"Ukraynadakı müharibə ilə əlaqədar olaraq Moskvanın Bakının dəstəyinə ehtiyacı var"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov də hesab edir ki, Sergey Lavrovun Bakıda "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" deməsi öz-özlüyündə müsbət haldır və maraqlarımıza uyğundur: "Lakin Rusiya XİN başçısının bu bəyanatı məqsədsiz də deyil. İlk növbədə qeyd edək ki, indi Ukraynadakı müharibə ilə əlaqədar olaraq Moskvanın Bakının dəstəyinə ehtiyacı var. Odur ki, Lavrov Azərbaycanın rəğbətini qazanmaq istəyir. İkinci bir tərəfdən yenə də savaşla bağlı olaraq Rusiya ilə ABŞ və Fransa arasında müəyyən fikir ayrılıqları yaranıb. Xüsusilə, Moskva ilə Vaşinqton arasında "soyuq yellər əsir". Belə olan halda Kremlin həmin dövlətlərlə eyni platformada olmaq istəməməsi normaldır. Elə buna görə də Kreml Minsk qrupunun artıq olmadığını söyləyib. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya Cənubi Qafqaz regionunda münasibətlərinin normallaşması prosesində Qərbin vasitəçiliyindən narahatdır. Rusiya Qərb ölkələrinin artıq təşəbbüsü ələ aldıqlarını görür. Rusiya buna mane olmaq niyyətindədir".

Ekspertin fikrincə, şimal qonşumuz istəyir ki, yenidən özü "sükan arxasına keçsin", əvvəlki moderatorluq rolunu bərpa edə bilsin: "Elə ona görə də Minsk qrupuna alternativ olaraq Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sənədin baza prinsiplərini xatırladıb. Bu, açıq-aydın Kremlin bölgə ilə bağlı maraqlarına və Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyinə işarədir. Lavrov "mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığını itirdi" cümləsi ilə isə əslində Azərbaycanın 44 günlük savaşda Minsk qrupunun işini gördüyünü etiraf etdi. Rusiya XİN başçısının mətbuat konfransı zamanı Azərbaycanın müharibəyə dair neytral mövqeyini yüksək qiymətləndirməsi də birbaşa olaraq rəğbət qazanmaq, xoşa gəlmək üçündür. Təmaslar bundan sonra da davam edəcək. Yaxın günlərdə liderlər arasında telefon danışıqlarının olacağı da mümkündür. Bütün hallarda indi Bakı ilə Moskva arasında iki əsas müzakirə predmeti var: Qarabağ və Ukrayna. Birinci məsələ daha çox bizim, ikinci isə Rusiyanın maraqları çərçivəsindədir. Azərbaycan bu məsələdən istifadə edərək regiondakı sülh və sabitlik üçün nəticəyönümlü addımlar ata bilər".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149564