Saat:08:26
Haqqımızda

Ermənistan sərhədləri açmağa hazırdır: “Qeyd-şərtsiz... Bu, erməni xalqının maraqlarından irəli gəlir”

2022-01-17 15:40:00

Ermənistan sərhədləri açmağa hazırdır: “Qeyd-şərtsiz... Bu, erməni xalqının maraqlarından irəli gəlir”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan heç bir şərt qoymadan Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu bəyan edib.

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Ermənistanın ilkin şərt qoymadan Türkiyə ilə münasibətləri normallaşdırmağa və sərhədləri açmağa hazır olduğunu bildirib. O bildirib ki, bu, Ermənistanın və onun xalqının maraqlarından irəli gəlir.

TASS informasiya agentliyinin yazdığına görə, Arşakyan parlamentin iclasındakı çıxışında deyib: “Bizim mövqeyimiz dəyişməyib. Ermənistan sərhədləri açmağa və ilkin şərtlər qoymadan Türkiyə ilə münasibətləri nizamlamağa hazırdır. Bu, Ermənistanla erməni xalqının maraqlarından irəli gəlir”.

Bəlli olduğu kimi, ötən cümə, 14 yanvar tarixində Moskvada Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun vasitəiliyi ilə Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin iki ölkə arasında münasibətlərin nizamlanması ilə bağlı ilk görüşü keçirilib. Hər iki nümayəndə görüşün müsbət atmosferdə keçdiyini bəyan edib.

Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərdən danışarkən demişdi: “Ruben Rubinyanın (Ermənistanın normallaşdırma danışıqlarındakı xüsusi nümayəndəsi – red.) öz türk həmkarı ilə danışıqları müsbət nəticələnərsə, daha yüksək və ən yüksək səviyyələrdə görüşlər keçirilməsini gözləmək olar. Bizim üçün gündəlikdə duran, tranzit marşrutlarının yaradılması və tikintisi məsələləri mühümdür. Türkiyə ilə münasibətlərdə gündəlikdə duran ən mühüm məsələlərdən biri Ermənistan-Türkiyə sərhədlərinin və dəmir yolunun açılmasıdır. Həmçinin, aviasiya əlaqəsi də buna aiddir. Tezliklə qarşılıqlı reyslərin açılacağına ümid edirik və bunu alqışlayırıq. Bizim gözləntilərimiz  – münasibətlərin normallaşmasıdır. Amma biz başa düşməliyik ki, qarşımızda çox mürəkkəb məsələ durur, burada çox incəliklər var, Ermənistanda da bu məsələyə çox emosional yanaşırlar”.

“Yerevan Today” nəşrinin yazdığına görə, Paşinyan qeyd edib ki, Ermənistan heç vaxt “erməni soyqırımı”nın tanınması ideyasını Ermənistanın qarşısında şərt kimi qoymayıb, Ermənistan hakimiyyəti həmişə münasibətlərin ilkin şərtlər olmadan nizamlanmasının tərəfdarı olub: “Bizim hakimiyyətimiz həmişə 90-cı illərdə formalaşmış nöqteyi-nəzəri təkrarlayıb. Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağa hazırdır. Biz heç vaxt deməmişik və demirik ki, “soyqırım”ı tanıyın, münasibətlərimiz nizamlansın. Yox, belə tələbimiz yoxdur”.

 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR