Ermənistan parlamentində müzakirə: Təhlükəsizliyimizin təminatçısı Türkiyədir, Azərbaycanla...

Ermənistan hakimiyyəti Rusiya ilə Aİ arasında seçim etməkdən danışmaqla ictimaiyyəti çaşdırır.
Hurriyyet.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının üzvü Armen Rüstəmyan parlamentdə “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinə dair dinləmələr zamanı deyib.
Onun fikrincə, ölkə üçün real alternativ Moskva və ya Ankaradır, çünki Ermənistanın təhlükəsizliyinin təminatı Aİ deyil, Türkiyədir.
"Rusiya ilə Aİ arasında seçim etməkdən danışanda xalqı aldatmış olursunuz. Bizim təhlükəsizliyimizin təminatçısı Aİ deyil, Türkiyədir. Əslində hakimiyyət ölkəni Rusiya və Türkiyə arasında seçim qarşısında qoyur", - Rüstəmyan bildirib.
Onun sözlərinə görə, hakimiyyət özü də etiraf edir ki, Ermənistana qarşı bütün əsas çağırışlar Türkiyə və Azərbaycanın ona münasibəti ilə bağlıdır. Ona görə də biz onlarla dialoq aparmalıyıq.
Bundan əlavə, parlamentari qeyd edib ki, qanun layihəsi Ermənistanı geosiyasi qarşıdurmaya cəlb edir və bu, onun həyat qabiliyyətinə birbaşa təhlükə yaradır. Bu prosesin nə qədər çəkəcəyi məlum deyil.
Deputat hesab edir ki, Avropa dəyərlərinin həyata keçirilməsi üçün yeni sənədin imzalanması vacib deyil, xüsusən də hakimiyyət Aİ ilə mövcud razılaşmanın 40%-ni belə yerinə yetirməyibsə.
“Bizə qanunun aliliyi, demokratiyaya əsaslanan dövlət qurmaq, plüralizmi təmin etmək və korrupsiya ilə mübarizə aparmaqda heç kim mane olmur”, - o vurğulayıb.
Publika.az
