Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu, Ermənistan tərəfinin son vaxtlar Naxçıvan istiqamətində törətdiyi intensiv təxribatlardan biridir.
Bəs görəsən, ermənilər təxribat üçün niyə məhz Naxçıvanı hədəf alıb?
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İrəvanın əsas məqsədi Türkiyə və Azərbaycan arasında olan yeganə quru sərhəddi təhdid altında saxlamaqdır:
“Ermənistan tərəfindən atəşə tutulan Azərbaycan ərazilərinə qarşı ermənilərin iddialarının olduğu aşkar şəkildə görünməkdədir. Onların sırf Sədərəyi hədəf alması yalnız və yalnız Türkiyə ilə Azərbaycan arasında yeganə quru sərhədin bağlanmasına və ya heç olmasa, oranın təhdid altında saxlanmasına hesablanıb. Digər tərəfdən isə, Ermənistan ABŞ-la hərbi əməkdaşlıqdan kifayət qədər yararlandıqdan sonra, artıq cəsarətlənməyə başlayıb və Qərbi Zəngəzurdan Laçın və Naxçıvan istiqamətində atəşkəsi intensiv şəkildə pozur”.
Ekspert Ermənistan təxribatlarına qarşı mütləq şəkildə cavab tədbirlərinin görülməli olduğunu qeyd edib:
“Bütün bunlar ondan xəbər verir ki, Ermənistanın cəzalanması üçün təcili tədbirlər görülməlidir. Ermənistan tərəfi törətdiyi bu təxribatlara görə, ciddi şəkildə cəzalandırılmalıdır. Burada Ermənistan tərəfinin atəş açdığı mövqelər üzərində Azərbaycan bayrağı və Azərbaycan əsgəri yerləşdirilməlidir. Ən pis halda həmin mövqelərə Ermənistan silahlı qüvvələrinin əsgərinin yerləşdirilməsinə imkan verilməməlidir”.