Saat:00:09
Haqqımızda

Ermənistan NATO-ya necə üzv olacaq: İrəvan Rusiyanın "təhlükəsizlik çətiri"ndən imtina edir

2024-02-10 22:57:37

Ermənistan NATO-ya necə üzv olacaq: İrəvan Rusiyanın

Rəsmi İrəvanın NATO-ya üzvlük planları qurmasını, eləcə də, bu alyansın hərbi platforma və texnikasından istifadə edəcəyinə bəslədiyi ümidləri ən yaxşı halda, utopiya kateqoriyasına aid etmək olar... Çünki NATO-nun "açar dövlət"lərindən biri olan Türkiyə Ermənistan üçün ən keçilməz səddir, hazırda rəsmi İrəvan ən yaxşı halda, bu hərbi-siyasi alyans üçün geopolitik alət ola bilər...

Ermənistan siyasi dairələri prioritetləri tez-tez dəyişməyə vərdişlidirlər. Rəsmi İrəvan öz xarici siyasət kursunda və gələcəyə yönəlik hədəflərində yalnız Ermənistana verilmiş vədlər üzərindən hərəkət etməyə çalışır. Yəni, rəsmi İrəvanın konkret plan və proqramı mövcud deyil. Və bu, onu göstərir ki, Ermənistanın siyasi elitası dövlət idarəçilik sistemi ilə bağlı natamamlıq kompleksi yaşayır.

Məsələ ondadır ki, müstəqillik dövründə Ermənistan birmənalı şəkildə, Rusiyanın "təhlükəsizlik çətiri" altında özünü toxunulmaz hesab edirdi. Ancaq II Qarabağ savaşında Azərbaycana biabırçı məğlubiyyətdən sonra bu hərbi-siyasi düşüncə tərzi kəskin şəkildə dəyişdi. Çünki məlum oldu ki, rəsmi İrəvanın Rusiyanın "təhlükəsizlik çətiri"nə bəslədiyi güvən ən yaxşı halda, utopik xarakter daşıyır. Yəni Rusiyanın "təhlükəsizlik çətiri" Ermənistanı qorumur. Azərbaycan ordusu Ermənistanı "rus çətiri"nın altından çəkib, kənara çıxartmağı bacarır.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Təbii ki, belə vəziyyət Ermənistanı daha etibarlı hərbi müttəfiq axtarmaq məcburiyyətində buraxır. Üstünlük, bu məsələdə Ermənistana dəstək vədi verənlər də olmamış deyil. ABŞ, Fransa, Almaniya və Avropa Birliyi Ermənistana "təhlükəsizlik çətiri" vəd edir. Halbuki, ABŞ və Qərbin boşuna kimsəyə vədlər verərək, onları reallaşdırmaq vərdişləri yoxdur. Qərb verdiyi vədlərin əvəzində konkret "xidmətlər" tələb edir. Və "xidmətlər"in göstərilməsindən sonra vədlərin yerinə yetiriləcəyinə isə heç bir təminat yoxdur.

Hazırda rəsmi İrəvandan tələb edilir ki, Ermənistan KTMT-dan, Avrasiya İqtisadi İttifaqından, MDB-dən çıxsın, Rusiya ilə hərbi müttəfiqliyini pozsun. Ancaq bu, çox təhlükəli tələblərdir. Çünki rəsmi İrəvan onları yerinə yetirmək niyyətinə düşərsə, Rusiyanın buna Ermənistanı geopolitik xəritədən yoxa çıxara biləcək addımlarla cavab verəcəyi qətiyyən şübhə doğurmur. ABŞ və Qərb Ermənistanı Rusiyadan müdafiə edəcəyinə təminat vermir. Və belə situasiyada rəsmi İrəvanın ABŞ və Qərbin tələblərini yerinə yetirməsi Ermənistan üçün intihar anlamı daşıya bilər.

Göründüyü kimi, Ermənistan olduqca çətin seçim qarşısında qalıb. Rusiya ilə münasibətləri tamamilə qoparmaq rəsmi İrəvan üçün real geopolitik riskdir. Halbuki, Ermənistan indiki situasiyada belə risklərə gedə biləcək resurslara sahib deyil. Bu baxımdan, rəsmi İrəvan Ermənistanı qorumaq üçün ən utopik variantlara belə, əl atmağa meyl göstərir. Və bu variantların Ermənistan üçün əlçatmaz olduğu inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ermənistan son vaxtlar Avropa Birliyinə və NATO-ya üzv olmaq "xəyal"ına düşüb. Rəsmi İrəvan hesab edir ki, bu iki nüfuzlu beynəlxalq quruma üzv olacağı təqdirdə, Ermənistan həm inkişaf etmək şansı qazanacaq, həm hərbi təhlükəsizlik maraqlarını təmin etmiş olacaq. Əslində, bu, tamamilə doğru variantdır. Sadəcə, bu variant Ermənistan üçün ümumiyyətlə, əlçatmaz hədəfdir.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Birincisi, Avropa Birliyi Ermənistan kimi, zəif və iqtisadi perspektivləri olmayan ölkələri öz sıralarına qəbul etməkdə qətiyyən maraqlı deyil. Üstünlük, Ermənistanın qonşu ölkələrlə yaşadığı kəskin problemlər də buna imkan vermir. Avropa Birliyi Ermənistan kimi ölkələri öz sıralarına qatıb, onların problemlərinə ortaq olmağa həvəsli beynəlxalq qurum deyil. Və bu baxımdan, rəsmi İrəvanın Avropa Birliyinə üzvlük ehtimalını unutması daha praqmatik yanaşma olardı.

Digər tərəfdən, təbii ki, eyni üzvlük standartları NATO-ya da aiddir. Belə ki, NATO hərbi, siyasi və iqtisadi cəhətdən heç bir perspektiv ifadə etməyən Ermənistanı heç vaxt öz sıralarına buraxmaz. NATO Ermənistan kimi heç bir faydası olmayan zərərli yükü daşımağa həvəs göstərəcək qədər qeyri-ciddi hərbi-siyasi alyans deyil. Və bu baxımdan, rəsmi İrəvanın NATO planları baş tutmayacaq "xəyallar"dan başqa bir şey deyil.

Təbii ki, hətta rəsmi İrəvanın bu planlar çərçivəsində formal addımların atılması belə, Ermənistan üçün "fəlakətə meydan oxumaq" anlamı daşımış olardı. Belə ki, Kremlin rəsmi İrəvana belə cəhdləri bağışlamayacağı qətiyyən şübhə doğurmur. Hər halda, Ukrayna hazırda rəsmi Kiyevin "NATO planları" ucbatından Rusiyanın hərbi müdaxiləsinə məruz qalıb. Kreml Ukraynanı bir dövlət kimi geopolitik xəritədən silmək qərarı verib. Və rəsmi İrəvan Ukraynanın taleyindən nəticə çıxartmasa, daha ağır zərbələrə məruz qala bilər.

Eyni zamanda, Ermənistanın reallığa dönə bilməsi üçün Gürcüstan örnəyi də mövcuddur. Hər halda, Rusiya Gürcüstana da məhz NATO üzvlüyü barədə planlar qurduğuna görə hücum etmişdi. NATO isə nə Ukraynanı, nə də Gürcüstanı Rusiyanın aqressiyasından müdafiə etməyə həvəs göstərmədi. Əksinə, NATO həm Gürcüstanı, həm də Ukraynanı Rusiya qarşısında müdafiəsiz və dəstəksiz buraxıb, bir kənara çəkilməyə üstünlük verdi.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Nəhayət, rəsmi İrəvan hətta bütün bu problemləri aşmağa nail olsaydı belə, NATO-nun qapısından içəri keçə bilməzdi. Çünki Türkiyə Ermənistanın NATO üzvlüyünə heç vaxt imkan verməz. İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesində Türkiyənin bu hərbi-siyasi alyans üçün nə qədər önəmli bir dövlət olduğu açıq-aşkar ortaya çıxmış oldu. Və rəsmi Ankaranın mövqeyi Ermənistan üçün ən keçilməz sədd rolunu oyna bilər.

Məsələ ondadır ki, Türkiyə hazırda NATO-nun "açar dövlət"lərindən biridir. Türkiyə ordusu NATO-nu təmsil edən ən güclü hərbi qüvvələrin sırasına daxildir. Bu baxımdan, rəsmi Ankara nəinki Ermənistanın NATO üzvlüyünə imkan verməz, eyni zamanda, bu hərbi-siyasi alyansın erməni dövlətinin ordusunu yenidən qurmasına da razılaşmaz. Yəni, NATO-nun Ermənistana təhlükəsizlik sahəsi üzrə texnoloji platforma açılmasına imkan verməz.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın NATO-ya üzvlük planları, bu alyansın hərbi platforma və texnikasından istifadə edəcəyinə bəslədiyi ümidləri ən yaxşı halda, utopiya kateqoriyasına aid etmək olar. Dünya isə utopik xəyallarla deyil, məhz reallıqlarla idarə olunur. Mövcud situasiya onu göstərir ki, Ermənistan heç vaxt NATO-nun üzvü ola bilməyəcək. Rəsmi İrəvan indiki halda, yalnız NATO-nun geopolitik aləti olan bilər. Və bu, Ermənistana "təhlükəsizlik çətiri" deyil, məhz daha böyük kataklizmlər vəd edə bilər.\\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR