Ermənistan müxalifətindən “Qarabağ” bəyanatı: “Əgər onlar Əliyevdən qorxmurlarsa...”

2022-05-27 10:25:00

Ermənistan müxalifətindən “Qarabağ” bəyanatı: “Əgər onlar Əliyevdən qorxmurlarsa...”

“Dağlıq Qarabağ tənzimlənməsinin Qarabağın Azərbaycanın tərkibində olmasını ehtiva edən heç bir yekun variantı Ermənistan üçün məqbul sayıla bilməz”.

Hurriyyet.az xəbər verir ki, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun bildirir ki, baş nazirin istefasını tələb edən müxalifətin mayın 26-da ölkənin Milli Məclisinə təqdim etdiyi “bəyanat layihəsində” belə deyilir. Layihədə Milli Məclisdən tələb edilir ki, Yerevan sərhədin demarkasiyası üçün ön şərt kimi Bakıdan bütün əsirlərin qaytarılmasını və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması tələbini irəli sürsün.

Bu da qeyd olunur ki, demarkasiya zamanı Ermənistanın ərazi bütövlüyünün pozulması istisna olunmalıdır. Bəyanatda deyilir ki, Ermənistan-Türkiyə yaxınlaşması üçün imzalanacaq istənilən razılaşmada “erməni soyqırımı” inkar oluna bilməz.

Müxalifət etirazlarının lideri, Milli Məclis spikerinin müavini İşxan Saqatelyan iqtidar deputatlarından parlamentə gəlib mövqelərini bildirmələrini tələb edib: “Əgər onlar Əliyevdən qorxmurlarsa qoy parlamentə gəlib bu erməniyönlü sənədə münasibət bildirsinlər. Deyirlər ki, siyasi gündəlik yoxdur. Buyurun, biz çox konkret tərtib olunmuş sənəd təqdim etmişik”.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından başqa bir deputat - Armen Rustamyan deyib ki, iqtidar bu bəyanatı qəbul etməsə, deməli “Türkiyə-Azərbaycan tandeminin” maraqlarına xidmət edir.

Azatutyun yazır ki, iqtidar müxalifətin iki fraksiyası tərəfindən irəli sürülmüş bu təşəbbüsə hələki münasibət bildirməyib. Müxalifət parlamentin növbədənkənar sessiyasını iyunun 3-ə çağırıb.

Azatutyun qeyd edir ki, parlamentdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların həmin iclasa gəlib-gəlməyəcəyi və bu bəyanatı müzakirəyə çıxarıb-çıxarmayacağı məlum deyil.

Artıq uzun müddətdir ki, Ermənistan müxalifəti iqtidardan “Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağına” dair bəyanat verməsini tələb edir. Hakim fraksiyanın katibi Artur Ovannisyan deyib ki, onlar bu məsələyə öz münasibətlərini iclasda açıqlayacaqlar.

Başqa bir iqtidar deputatı - Vladimir Vardanyan isə kinayəli şəkildə deyib: “Bunu müxalifətin parlamentə qayıdışı kimi qiymətləndirmək lazımdır?”

Lakin müxalifətdən olan millət vəkili Armen Rustamyan deyib ki, o və yoldaşları parlament işi ilə küçə yürüşlərini paralel aparacaqlar. Aprelin sonlarından demək olar hər gün aksiyalara çıxan müxalifət baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana birtərəfli güzəştə getməkdə ittiham edir.

İqtidar bu ittihamı rədd edir və bildirir ki, Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ ermənilərinin, status da daxil maraqlarını müdafiə edəcək. Hakimiyyət rəsmiləri bunu da deyirlər ki, müxalifətin geniş xalq kütlələri arasında nüfuz və dəstəyi yoxdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya