Saat:12:35
Haqqımızda

Ermənistan Laçın şəhərinə və “dəhliz”dəki 8 kəndimizə iddia etdi... - Bu, nə deməkdir?!.

2021-09-16 13:07:00

Ermənistan Laçın şəhərinə və “dəhliz”dəki 8 kəndimizə iddia etdi... - Bu, nə deməkdir?!.

"Artıq 10 noyabr bəyanatından  1 ilə yaxın vaxt keçib, ancaq Laçından yan keçən yeni "dəhliz" marşrutunun çəkilişinin başlanmasına dair rəsmi məlumat verilməyib..."

Qəsbkar Ermənistan parlamentinin dünənki iclasında Azərbaycan Respublikasının suveren ərazilərinin bir hissəsinin daim ermənilərin nəzarətində qalmasına dair  növbəti sərsəm iddialar irəli sürülüb. 

Hurriyyet.az xəbər verir ki, News.am nəşrinin yaydığı məlumata görə,  Ermənistan parlamentində 15 sentyabr çərşənbə günü keçirilən "hökumət saatı" zamanı qatil eks-prezident Serjik Sərkisyanın faktiki lideri olduğu  "Şərəfim var" fraksiyasından  olan deputat Tiqran Abramyan 10 noyabr tarixli Bakı, Moskva  və İrəvan üçtərəfli bəyanatının 6 -cı bəndi ətrafında baş nazir Paşinyana suallar verib.

Haşiyə:

10 noyabr üçtərəfli bəyanatının sözügedən bəndində deyilir: 

“Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. 

Əyanilik üçün erməni deputat və baş nazir arasındakı dialoqun əsas hissələrini Ermənistan mediasında verildiyi kimi nəzərinizə çatdırırıq:

T. Abramyan N. Paşinyana öncə belə bir sual verib:

“Bu mövzuda danışıqlar gedirmi? Yeni marşrutun tikintisi üçün təsdiq edilmiş layihə varmı? Bir tərəfdən Azərbaycanın ambisiyalarını, Artsax(Qarabağ-S.L.) əhalisinin qorxularını nəzərə alsaq, digər tərəfdən yeni marşrutun təkcə bizim nəzarətimizdə olan Berdzor(Laçın-S.L.) şəhərindən deyil, Kaşataq bölgəsinin Sus və Aqavno(Zabux), eyni zamanda Şuşa bölgəsindəki Xin Şen(Kiçik Qaladərəsi), Mets Şen(Böyük Qaladərəsi), Yextsaox(Salatınkənd), Lisaqor(Turşsu), Kanaçtala(Göytala), Tasu Verst(Onverst) kəndlərindən də yan keçəcəyi narahatlıq doğurur: 

Ermənistanı Artsaxla birləşdirən belə bir marşrutun təsdiqlənməyəcəyinə açıq şəkildə düzəliş və ya zəmanət verə bilərsinizmi?"

Nikol Paşinyan cavab olaraq bildirib ki, hazırda bu mövzuda Ermənistan hökumətinin nümayəndələrinin iştirakı ilə danışıqlar aparılmır.

"Bilirəm ki, Artsax rəhbərliyi və Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə işçi müzakirələr aparılıb. Mütəxəssislərimiz “x” anından etibarən əlaqə quracaq, xüsusi bir təklif hazırlanacaq və müzakirə ediləcək. Dediyiniz kimi, bütün bunların tərəflərin razılığı ilə edilməli olduğu qeyd olunur. Təbii ki, bu müzakirələr zamanı Artsax və Ermənistan Respublikası xalqlarının maraqlarının bu kontekstdə maksimum şəkildə qorunmasını təmin etmək üçün maksimum işlər görüləcək” - Paşinyan bildirib.

Tiqran Abramyan Paşinyana daha konkret bir sual verib: "Sizin üçün bunun nəticəsində sadaladığım kəndlərin heç bir şərt altında və ya hər hansı bir statusda Azərbaycanın nəzarəti qalmayacağı heç bir marşrutun olmaması prinsip və ya prioritet məsələsidirmi? "

Paşinyan cavab verib ki, bütün yaşayış məntəqələrinin adlarını qeyd etməyə vaxtım olmayıb.

"Əlbəttə ki, qorxular ola bilər, onları səsləndirmək lazımdır. Amma aydındır ki, Artsax və Ermənistan hakimiyyəti dediyiniz ssenarinin qarşısını almaq üçün hər şeyi edəcək. Dağlıq Qarabağın kəndlərinə gəlincə, əlbəttə ki, bu həll edilməli olan prioritet məsələdir ”- deyə Paşinyan əlavə edib.

Zəruri şərh: 

Göründüyü kimi, Ermənistandakı radikal revanşist qüvvələr 44 günlük “Dəmir yumruq” zərbəsindən sonra da hələ  həyasızcasına Azərbaycan Respublikasının suveren ərazilərinə iddialardan əl çəkmirlər.  Doğrudur, insafən baş nazir N.Paşinyanın çıxışlarından bu iddialardan  uzaq olduğu və Azərbaycanın ərazi bütövlüyünü tezliklə tanıyaraq Zəngəzur yolunun da açılmasına meyilliliyi hiss edilir. Lakin əvvəla, son sual-cavabdan da göründüyü kimi,  erməni hökumət başçısı revanşist müxalifətin təzyiqləri altında onların dediyini dolayısıyla təsdiqləməyə  məcbur olur. Və bu halda Paşinyan dolayısıyla da olsa, deyir ki, Ermənistan Laçın şəhərinin və qeyd olunan 8 kəndin Azərbaycanın nəzarətinə keçməməsi üçün əlindən gələni edəcək...  

İkincisi isə heç kəs zəmanət vermir ki, sabah Moskva Robert Köçəryan və Serj Sərkisyana sadiq  Qarabağ klanını yenidən hakimiyyətə qaytara bilər. Belə hallardan sığortalanmaq üçün Laçın dəhlizi adlandırılan ərazilərimiz üzərində də Rusiya hərbçiləri ilə paralel nəzarəti ələ keçirmək,  Ermənistanla Laçın rayonunun sərhədində sərhəd, gömrük, polis və s. postlarımızı qurmaq və eyni zamanda üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın şəhərindən yan keçən yeni "dəhliz" marşrutun çəkilməsi məsələlərini mümkün qədər tez həll etməliyik...  Artıq həmin bəyanatdan  1 ilə yaxın vaxt keçib, ancaq sözügedən yeni marşrutun çəkilişinin başlanmasına dair rəsmi məlumat verilməyib...

Onu da xatırladaq ki,  ermənilərin nəzarətdə saxlamağa çalışdığı Gorus-Laçın-Şuşa yolu üzərində və ətrafında yerləşən kəndlərdən yalnız Şuşa rayonuna aid  Salatınkənd(yaxud Sarıbaba), Onverst, Göytala, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində  sovet dövründə, özü də XIX əsrin əvvəli və ortalarında Çar Rusiyası imperiyası tərəfindən köçürülmüş ermənilər Azərbaycan vətəndaşı kimi yaşayıb. Şuşa rayonunun Turşsu qəsəbəsi, həmçinin Laçın şəhəri, həmin rayonun Zabux və Sus kəndlərində isə ermənilər heç bir dövrdə kompakt şəkildə yaşamayıb. Yəni ermənilər qeyd edilən məntəqələrdə 1992-ci ildə  Şuşa və Laçının işğalından sonra qanunsuz olaraq məskunlaşıblar... Son məlumatlara görə, hazırda Şuşa rayonunun  dəhliz ərazisinə yaxın məntəqələrindən yalnız  Salatınkənd, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi  kəndləri və Turşsu qəsəbəsində az sayda erməni qalıb...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR