Saat:13:33
Haqqımızda

“Ermənistan Azərbaycanın tərkibində konfederativ qurum kimi mövcud ola bilər” – QAFAR ÇAXMAQLI

2022-01-25 14:27:00

“Ermənistan Azərbaycanın tərkibində konfederativ qurum kimi mövcud ola bilər” – QAFAR ÇAXMAQLI

“Ermənistan adlanan dövlət Azərbaycan türklərinin torpaqlarında qurulduğuna görə, biz o ərazilərin tamamına iddialıyıq”

“Ermənistan adlı dövlət xalqımız, bu bölgə üçün bir təhdid ünsürüdür. Bu təhdid aradan qalxmayınca biz rahat ola bilmərik”

Bu gün Ermənsitan adlanan ölkənin rusların dəstəyi ilə Azərbaycandan qoparılan torpaqlar üzərində qurulduğu tarixi faktdır. Azərbaycanın torpaqlarını geri almaq, o cümlədən 1988-ci ildə öz dədə-baba yurdlarından qovulan soydaşlarımızı geri qaytarmaq uğrunda fəaliyyət göstərən İrəvan Türk Cümhuriyyəti (İTC) 44 günlük savaş sonrası işğal altında olan ərazilərimizin azad olunması ilə yetinmək fikrində deyil. İTC rəhbəri Qafar Çaxmaqlı ilə söhbətimizdən belə aydın oldu ki, İrəvan Türk Cümhuriyyəti bu gün Ermənistan adlanan dövlətin ərazilərinin öz sahiblərinə qaytarılması məsələsində prinsipial mövqeyə sahibdir.

- Qafar müəllim, ilk olaraq İrəvan Türk Cümhuriyyətinin hazırkı fəaliyyəti haqda məlumat almaq istərdik…

- Xatırladım ki, İTC-nin elan olunması 2020-ci il mayın 9-da baş tutdu. Yəni buna qədər də bu ideya Azərbaycan ictimaiyyətində yer tapmışdı, hətta belə təşəbbüslər də olmuşdu ki, Qərbi Azərbaycan Mühacir Cümhuriyyəti elan olunsun və oradan qovulan, o torpaqları tərk etməyə məcbur olan 5 milyondan artıq insanın gələcək taleyi ilə bağlı qurum yaradılsın. Bu ideya əsasında bir təşəbbüs qrupu yaradıldı. Pandemiya səbəbindən biz “Zoom” proqramında çox sayda insanın iştirakı ilə İrəvan Türk Cümhuriyyətini elan etdik. Amma o zaman biz bu qurumu Qərbi Azərbaycan İrəvan Respublikası adıyla elan etmişdik. Sonradan adla bağlı bəzi problemlər ortaya çıxdı. Çünki “Qərbi Azərbaycan” deyəndə, bilirsiniz ki, Güney Azərbaycanın Qərbi Azərbaycan ostanı var, beynəlxalq təşkilatlara çıxınca ora başa düşülürdü. Həm də bu ərazinin türklərə aid olduğunu bildirmək kimi faktor var və bu səbəbdən biz belə yol seçdik.

İTC-də demokratik mühit hökm sürür, hər şey konsensusla həll edilir. Ad məsələsini də xeyli müzakirə edəndən sonra qurumun adını İTC kimi dəyişməyə qərar verdik. İTC-nin Millət Şurası, yəni Milli Məclisi var. Eləcə də daxilində gələcəkdə nazirlikləri əvəz edəcək 14 departamenti olan Dövlət Şurası mövcuddur. Bundan başqa, dünyanın müxtəlif yerlərinə səpələnmiş Qərbi azərbaycanlıların təmsil olunması nəzərdə tutulan Təmsilçilər Məclisi adlı qurum da var.

İTC dünyaya çıxmaq sahəsində də müxtəlif işlərə imza atmışdır. İTC-nin bayrağı və gerbi də yaradılıb. Himn də hazırlanıb, yaxın zamanda orkest ifası ilə təqdim olunacaq. Himnin müsiqisinin müəllifi tanınmış bəstəkar Cavanşir Quliyevdir. Yaxın zamanlarda bunu görəcəyik.

İTC dədə-baba torpaqlarının bizə məxsusluğu məsələsini ortaya qoydu. Biz Ermənistan adlı dövləti tanımırıq, o ərazidə qeyri-qanuni şəkildə bir dövlət qurulub. O dövlətin də Azərbaycan türklərinin torpaqlarında qurulduğuna görə, biz o ərazilərin tamamına iddialıyıq. Gec-tez o torpaqların gerçək sahibləri orada olacaqlar, oralar bizim vətənimiz olduğuna görə biz o əraziləri geri alacağıq və bizim əhalimiz mütləq və mütləq geri dönəcək, orada yaşayacaq.

- İTC yarandığı ilk aylardan səsli-küylü oldu, 44 günlük savaşdan sonra isə İTC-nin fəaliyyətində nəsə bir passivlik müşahidə olunur….

-Mən buna passivlik deməzdim. Biz müharibə dövründə bütn qüvvəmizi, gücümüzü savaşın qələbə ilə başa çatmasına yönəltdik və ideoloji anlamda İTC diqqətini bu  müharibəyə cəmlədi, bu yöndə fəaliyyət göstərdi. Bilirsiniz, aktivlik və passivlik nisbi anlayışlardır. Ola bilsin, bəzi anlarda gördüyümüz işlərin ictimaiyyətə çatdırılmasında problemlərimiz ola bilər, amma fəaliyyətimiz davam etmişdir. Torpaqlarımıza nə dərəcədə haqqımız olduğunu isbatlamaq, orada varlığımızın tanınması üçün hüquqi baxımdan fəaliyyət göstərmişik. Ayrı-ayrı təşkilatlara, müxtəlif dövlət başçılarına, beynəlxalq qurumların rəhbərlərinə, BMT-nin baş katibinə məktublar ünvanlamışıq. Sizə onu deyim ki, İTC 1918-ci ildən sonra İrəvandakı Azərbaycan türklərinin qovulmasını reallaşdıran bəzi hüquqi sənədləri də ortaya qoyub. Məsələn, 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurasının İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarı var. O sənədin ləğviylə bağlı biz aidiyyati orqanlara məktubla müraciət etmişik. Çünki Azərbaycan Milli Şurasının varisi indiki Azərbaycan Respublikasının Milli Məclisidir. Onlar da bizə cavab olaraq bu məsələnin müzakirə ediləcəyini söz veriblər. Amma indiyə qədər bu yöndə bir addım atılmayıb.

Ermənistandakı bəzi yaşayış məskənlərinin, məsələn, 1920-ci ildə Zəngəzurun verilməsi və bu qərarın ləğv olunmasıyla bağlı müraciətlərimiz, fəaliyyətimiz var. Zəngəzur 1920-ci ildə inqilab komitəsinin qərarı ilə verilib. Zəngəzurun içində olan bəzi kəndlərin, məsələn, 1929-cu ildə Nüvədi kəndinin qeyri-qanuni verilməsi, hətta Nüvədi kəndinin verilməsinin Azərbaycan SSR Ali Soveti tərəfindən 1969-cu ilə qədər təsdiq olunmaması faktı var. Əlimizdə sonrakı mərhələdə 1930-cu illərin repressiyası dönəmində orada yaşayan əhalinin qovulub-çıxarılması, sonrakı müharibə illərində Azərbaycan türklərinə təzyiqlər barədə həm Ermənistan SSR-nin qəbul etdiyi sənədlər, həm də Stalinin imzasıyla 1947-ci ildə 23 dekabrda Ermənistandan azərbaycanlıların köçürülməsiylə bağlı fərmanı var. O fərmanla bağlı məsələnin üzərinə biz daha çox getmişik, tədbirlər keçirmişik. Ötən 2021-ci il 23 dekabrda Atatürk mərkəzində böyük bir tədbir keçirmişik və müxtəlif təşkilatlara, bir sıra dövlətlərin səfirliklərinə müraciətlər qəbul olunub ki, bu sənəd ləğv edilməlidir. Stalinin 1947-ci ildəki köçürülmə ilə bağlı fərmanında əhalinin rəyi nəzərə alınmadan 150 min Azərbaycan türkünün öz torpaqlarından bir bəhanə ilə çıxarılıb, Kür-Araz ovalığına köçürülməsi prosesi baş vermişdir. Rəsmi rəqəmlər 100 min göstərilsə də, gerçək say bundan çox olub. Bu mənada biz həmin sənədin də ləğv olunması üçün aidiyyatı ölkələrə, o cümlədən SSRİ-nin varisi olan Rusiyaya müraciət etmişik. Ermənistan da, Azərbaycanda bu məsələdə iştirakçıdır. Həmin sənədin ləğvi ilə bağlı İTC ardıcıl olaraq işini davam etdirəcək.  Daha sonrakı dövrlərdə də azərbaycanlıların öz torpaqlarından çıxarılmasıyla bağlı Ermənistan SSR-nin verdiyi qərarlar, fərmanlar, sərəncamlar var. Bu sərəncamların bir çoxu toponimlərə aiddir. Oradakı toponimlərin dəyişdirilməsi ilə bağlıdır. Bir çoxları Azərbaycan türklərinə basqı ilə bağlıdır. Basqı edərək dövlət orqanlarında çalışmanın kvotaları vardı, o kvotaların verilməməsi ilə bağlıdır.

Nəhayət, 1988-89-cu illərdə yenə Ermənistanda dövlət səviyyəsində Azərbaycan türklərinin qovulub-çıxarılmasıyla bağlı faktlar ortadadır. Hadisələr var, canlı şahidlər də var. Prosesi onların köməyilə aparmaq niyyətindədyik. İTC bu məsələləri qarşısına qoyub. Əsas bu ideyanın cəmiyyət tərəfindən qəbul olunmasıdır. Həm Azərbaycan cəmiyyəti, həm Türkiyə cəmiyyəti, həm də dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycandan olan türklər bu ideyanı dəstəkləyir və bu dəstək bizi daha qərarlı addımlar atmağa sövq edir.

- 1918-ci ildə Ermənistan respublikası elan olunana qədər, Ararat muxtariyyatı adında kiçik bir parça olub, sonra Ararat adlı respublika elan olunub. Sonra artıq bunu “Yerevan” ediblər...

- O tarixə ekskursiya etsək görərik ki, çox ziddiyyətli, fərqli şeylər ortaya çıxır. Bilirsiniz, o dövrdə əvvəl Trabzonda 1918-ci ilin aprel ayında bir konfrans keçirildi, may ayında isə digər bir konfrans başlamışdı və bu konfrans Güney Qafqazdakı durumla bağlı müəyyən qərarlar verməli idi. O vaxt Zaqafqaziya Seymi dağılandan sonra bütün Cənubi Qafqazı əhatə edən Transqafqaziya Respublikası elan olunmuşdu və elan olunan hökumətin tərkibində həm gürcülər, həm ermənilər, həm də Azərbaycan türkləri var idi. Ayrı-ayrı nazirliklər, onların rəhbərlikləri var idi. Batuma qədər bunlar müzakirə edilirdi və müzakirə zamanı ortaya çıxmışdı ki, ermənilərə aid edilən ərazilər kiçik olduğuna görə, gələcəkdə Zaqafqaziyadakı seym dağılandan sonra Ermənistan Azərbaycanın tərkibində bir konfederativ qurum kimi mövcud ola bilər. Amma sonrakı Batum konfransın gedişində müəyyən mənada dəyişikliklər oldu. Ermənilər o zaman artıq İrəvana da iddialı idi və həmin dövrdə artıq Osmanlı dövlətilə ermənilərin savaşı da başlamışdı. Onlar istəyirdilər ərazilərini genişləndirsinlər ki, bir dövlət elan olunsun və artıq türklər ermənilər üçün müəyyən olunan əraziləri tutmuşdular, Gümrü şəhəri türklərin əlində idi. Ermənilər də Batum konfransına müraciət etdilər ki, bizim paytaxt elan edəcəyimiz şəhər yoxdur, İrəvanı Azərbaycan bizə güzəşt etsin. İrəvanın verilmə sürəci belə başladı. İrəvanın verilməsilə belə ermənilərə aid olan ərazi 9 min kv.km idi. indi 29,6 min kv.km-dir. Batum konfransında ermənilərin ərazisi 9 min kv.km müəyyən olunmuşdu. Bəzən ermənilər onu artırırlar, deyirlər bu ərazi 10 min kv.km olub, amma belə deyil, bu rəqəm 9 min kv.km. olub. 9 min kv.km ilə ermənilərin orada özünü dövlət elan etmə, öz müqəddaratını təyin etmə haqqının olduğunu qəbul etdilər. Batum konfransında əsas söz sahiblərindən biri Osmanlı dövləti idi. Erməni heyəti Batum konfransı ərəfəsində də, ondan sonra da İstanbula səfərə getdilər. Onların 1915-ci ildə guya ki, “erməniləri soyqırımına məruz qoydular" dedikləri adamlarla-Tələt paşa, Ənvər paşa, Xəlil paşa, Camal paşayla görüşmələri var. Bu materiallar əlimin altındadır. 1918-ci ildə çıxan erməni qəzetlərində bu faktlar yer alıb. 1920-ci ildə ermənilərin Osmanlı dövləti ilə imzaladığı Gümrü anlaşmasına görə, onların ordu saxlamaq haqqı olmayıb. Dediyim odur ki, bu ərazilər tarixi Azərbaycan əraziləridir, ondan heç vaxt vaz keçməməliyik. Çünki Ermənistan adlı dövlət xalqımız üçün, bu bölgə üçün bir təhdid ünsürüdür. Gələcəkdə də bu təhdid aradan qalxmayınca biz rahat ola bilmərik. Bu mənada Ermənistan dövlətinin varlığı Azərbaycana həmişə təhlükə vəd edir.   

-Ermənilər Türkiyəyə, Gürcüstana, hətta Krasnodara belə ərazi iddialarını ortaya qoyublar. Axısxalıların dədə-baba yurdu olan Cavaxetiyada son vaxtlar daha çox aktivləşiblər, oranı “Cavaxetiya erməni dövləti” elan ediblər. İrəvanın paytaxt olaraq onlara verilməsi xahişi haqda faktlar yəqin ki, Türkiyə arxivlərində var. Bu faktları beynəlxalq təşkilatlara çatdıra bilirsinizmi?

-Şübhəsiz ki. Biz həmişə bu sənədləri əsas götürürük, həmçinin sənədlərin surətini götürürük, yollayırıq. İrəvanın verilməsiylə bağlı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli, 10 saylı protokol var. Bu sənəd bizim arxivlərdə də, Türkiyə arxivlərində də var. Sənəd ortadadır. Siz ərazi iddiası məsələsinə toxundunuz. Erməni məsələsi elə-belə ortaya çıxmadı. O zaman Qərbin Osmanlı dövlətini bölmək, parçalamaq kimi planları var idi. Bu planı əvvəlcə "Şərq məsələsi" kimi ortaya atdılar. Daha sonra bunu "erməni məsələsin"nə çevirdilər. Erməni milləti bu plan üçün daha cəlbedici oldu. Gördülər ki, bu vasitədən yararlanmaq daha çox mümkündür. Erməni millətçiliyi də o dövrdə "böyük Ermənistan" xəyalını ortaya qoymuşdu. Xüsusən Tiflisdə "Mşak" adlı qəzet var idi. Onun ətrafına toplanan erməni millətçiləri "dənizdən dənizə Ermənistan" planı üçün fəaliyyətə keçmişdilər. Onlara həm Qərb ölkələri, həm Rusiya kömək edirdi. Təsadüfi deyil ki, Qərbi Ermənistan Respublikası da qurulub. Böyük Ermənistana Aralıq dənizindən tutmuş Qara dənizə qədər əraziləri daxil ediblər. İndi bilirsiniz ki, Türkiyə-Ermənistan arasında təmasların düzəlməsi məsələsi gündəmdədir. Artıq bu məsələ üzrə nümayəndələr təyin olunub. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başlayıb. Artıq Moskvada ilk görüşlərini keçirdilər. Ermənilər deyirlər ki, Türkiyə heç bir şərt irəli sürməsin. Amma şərt artıq öz-özlüyündə var. Ermənilər bu ərazilərə iddialardan vaz keçməsələr bu danışıqlar heç bir nəticə verməz. Çünki Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdiyi konstitusiya aktında Türkiyənin Şərqi Anadolu ərazilərinə iddiasını ortaya qoyub, orada Naxçıvan, Qarabağ və Cavaxetiya - keçmiş Axısxa da var. İndi danışıqlar prosesində istər-istəməz konstitusiyanın dəyişməsi gərəkəcək. Yəni konstitusiya dəyişməsə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması baş verə bilməz. Bundan başqa da faktorlar var- Ağrı Dağın Ermənistanın gerbində olması və s. Ermənistan bu ideologiyadan vaz keçməlidir, əsas da "soyqırımı" dedikləri o yalandan. Əslində tarixçilər tərəfindən araşdırmalarla da təsdiqlənmişdir ki, “erməni soyqırımı” yox, ermənilərin törətdiyi türk soyqırımı var. Ermənilər bunlardan vaz keçməsə, bu bölgədə qalıb-yaşamaq şansları azdır.

Həmişə o fikirdə olmuşam ki, Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən perspektivsiz dövlətdir. O dövlətin 1918-ci ildə Azərbaycanın tərkibində konfederativ şəkildə muxtar qurum kimi mövcud olmasını düzgün düşünmüşdülər. Ermənistan ya Rusiyanın tərkibində bir quruma çevriləcək, ya da Türkiyəylə inteqrasiya prosesini yaşayıb Azərbaycanın tərkibində bir qurum kimi yaşaya bilər. İdeologiyası irqçilik olan dövlət kimi bu bölgədə qalıb-yaşaması mümkün deyil.

-İş orasındadır ki, ermənilərin iddiaları təkcə Cavaxetiya ilə məhdudlaşımır, artıq azərbaycanlıların yaşadıqları Dağ Borçalı bölgəsinə-Dmanisi, Bolnisi rayonlarına da iddialı görünürlər…

-Gürcüstanda bunları bilirlər. Gürcüstanlı dostlarımız var, onlarla da söhbət edirik. O bölgədən olan alimlər, türkoloqlar var, onlarla da söhbətimiz olub. Gürcülər bunları bilirlər və erməni separatçılığının qarşısını almaq üçün tədbirlər görülür. Xüsusilə Saakaşvili dövründə onlara dərs verildi. Orada ermənilərin "Yerk"adlı təşkilatı var idi. O daha çox qabağa getmişdi, hətta oranı ikinci Qarabağ kimi qələmə verib həmin bölgəni Gürcüstandan ayırmaq kimi təşəbbüsləri olmuşdur.

-Qafar müəllim, İTC-nin qərargahı, yaxud konkret fəaliyyət göstərdiyi bir ünvan mövcuddurmu?

-Yox, hələlik bizim ünvanımız yoxdur. Nəzərdə tutmuşuq ki, həm Azərbaycanda, həm Türkiyədə ünvanımız olsun. Hələ o mərhələyə gəlib çatmamışıq. Təbii ki, olacaq. Biz əsas bu ideyanın təbliği və xalq arasında tanınması ilə məşğul olmuşuq. Bundan sonra o proseslər də olacaq. Bu da müəyyən dərəcədə maddiyyatla bağlıdır. İTC-nin elə bir yerdən gəlir mənbəyi yoxdur. Biz düşünürük ki, qərargahımızın, nəzərdə tutduğumuz televiziyamızın, internet saytımızın olması üçün maddiyyat şərtdir.

-İTC deyiriksə, ilk növbədə onu təmsil edən vətəndaşların kimliyini də ayırd etməliyik. Kimlər bu cümhuriyyətin vətəndaşları ola bilər? Yalnız Qərbi azərbaycanlılar, yoxsa istənilən vətəndaş?

-Biz heç zaman "İTC-də Qərbi azərbaycanlılar iştirak edəcək" deyə şərt qoymamışıq və bizim heyətdə Azərbaycanın müxtəlif yerlərindən, hətta Gürcüstandan olan adamlar da var. Bu Azərbaycan xalqının milli məsələsi olduğuna görə biz yalnız Qərbi azərbaycanlılar ilə kifayətlənə bilmərik. Bizim internet saytımız olacaq. Bunun üzərində iş gedir. Orada İTC vətəndaşlığı qrafası olacaq. İstənilən adam burada qeydiyyatdan keçə biləcək. Əsasən yəqin ki, Qərbi azərbaycanlılar buna başlayacaqlar. Çünki onların yaşadıqları rayonlar, kəndlər orada yer alacaq. Amma digər yerlərdən də, məsələn Gürcüstandan, Güney Azərbaycandan olan soydaşlarımız da bura qatıla biləcəklər. Buna heç bir əngəl yoxdur.

- Belə iddialar var ki, Sovet dönəmində Soçidə və Leninqradda fəaliyyət göstərən xüsusi düşərgələrdə uşaq evlərindən götürülmüş erməni körpələr azərbaycanlı, hətta bir müsəlman kimi yetişdirilib, sonradan ölkəmizə qarşı istifadə olunub…

-Mənim bu haqda xəbərim var. Erməni kəşfiyyatı müxtəlif yollarla təxribatlar törətmək üçün Azərbaycanda fəaliyyət göstərib. Şübhəsiz ki, Azərbaycan dilini bilən adamlardan da istifadə olunur. Ermənistanda dil problemi yoxdur. Onlar azərbaycan və türk dilləri barəsində çox əziyyət çəkmirlər. Onların kifayət qədər mütəxəssisləri də var. Ola bilər ki, ermənilər azərbaycanca təhsil almış uşaq evlərində böyümüş şəxslərdən istifadə etsinlər və istifadə edirlər də. Ermənistanda da dilimizi bilən kifayət qədər şəxslər var.

44 günlük savaşdakı məğlubiyyətdən sonra bəziləri belə hesab edirdilər ki, ermənilər bundan dərs alacaqlar, amma mən o düşüncədə deyiləm. Erməni şovinizmi heç zaman bundan dərs götürmür. Biz düşünməliyik. Deyək ki, Ermənistanda Azərbaycan və türk dillərini öyrənməklə bağlı problem olmasa da, mərkəzlər qururlar. İrəvan dövlət universistetində kafedra var. Ermənistan Elmlər Akademiyasında dilimizi öyrənmək üçün şöbələr var. Onların Şərqşünaslıq universitetində hətta "Osmanlışünaslıq" şöbəsi var. Orada "Azərbaycanca-ermənicə danışıq kitabı"nın təqdimatı keçirilib və tədbirdə kitabın müəllifi deyir ki, düşmənin dilini öyrənmək lazımdır. Yəni onların əlaqə, ünsiyyət qurmaqla yanaşı, hətta kitab təqdimatında belə bizə düşməncə yanaşması olur. Biz də düşünməliyik ki, onların bizə düşməncə yanaşmasını ifşa etmək üçün hansı addımları ata bilərik. Biz alimlər də bu barədə yazırıq. Mənim də bu səpkidə kitablarım var. Amma bunlar yetərmi? Düşünürəm ki, yox. Mən bu fikirdəyəm ki, Ermənistanı, erməniləri öyrənmək üçün ciddi, sistemli bir iş, strategiya aparılmalıdır. Həm erməni dilini öyrənməklə bağlı, həm "erməni məsələsi" ilə bağlı araşdırmaları aparmaq üçün sistemli dövlət siyasəti lazımdır. Bu yolda mən də əlimdən gələni etməyə hazıram.

- Azərbaycan qanunvericiliynə görə ikili vətəndaşlıq qadağan olunub. Həm İTC vətəndaşı kimi, həm Azərbaycan vətəndaşı olmaq baxımından bu məsələnin həllini necə görürsünüz? Yeri gəlmişkən, 2008-ci ildə Gürcüstanla Rusiyanın münasibətləri pozulduğu zaman Ermənistan Gürcüstanda yaşayan ermənilərə Rusiyaya çıxış üçün ikili vətəndaşlıq verdi…

-Mümkündür. Mənə elə gəlir ki, dünyada yaşayan bütün azərbaycanlılar sərbəst şəkildə Azərbaycan vətəndaşı olmaq haqqını almalıdırlar. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir. Ermənilər hətta sovet dövründə də bütün dünya ermənilərinə müraciət etmişdilər ki, bütün ermənilər Ermənistan vətəndaşlığını qəbul edə bilərlər və bütün əngəlləri də qaldırmışdılar. Müstəqillikdən sonra da istənilən erməni Ermənistan vətəndaşlığını ala bilir və hətta burada vəzifə də tuta bilir. Ermənistanın dövlət orqanlarında nə qədər xarici vətəndaşlığı olan ermənilərin olması faktı var. Bundan sonra da Ermənistan bu yolu tutub gedir. Çünki ölkə sürətlə boşalır. Ermənistanda əhali heç iki milyona çatmır. Bildiyimə görə, Ermənistan Milli Məclisində bu işi asanlaşdıracaq qanun layihəsi də hazırlanır, onu qəbul edəcəklər. Biz də ikili vətəndaşlıq məsələsini düşünməliyik, gündəmə gətirməliyik. Deyək ki, bir azərbaycanlı başqa ölkənin vətəndaşı olursa biz onu avtomatik vətəndaşlıqdan çıxarmamalıyıq. Azərbaycan vətəndaşı olaraq qalmalıdır. Əgər Azərbaycan üçün faydalı olan bir təəssübkeş azərbaycanlı vətəndaşlıq üçün müraciət etmək istəyirsə, müəyyən şərtlər daxilində ona müsbət cavab vermək olar. Bu, həm də Gürcüstanda yaşayan azərbaycanlılara aiddir. Ciddi boşluqlar var, bu məsələlərə baxılmalıdır. Xüsusən Gürcüstanda yaşayan azərbaycanlılara xüsusi statusla bağlı işə baxılmalıdır.

-Qafar müəllim, bildiyimizə görə, siz Türkiyədə yaşayırsınız. İTC-ni kənardan idarə etmək çətin deyilmi?

-Xeyr. İndiki dövrdə idarəetmə dedikdə bunu kontora yaxud kabinet kimi başa düşməməliyik. Texnologiyaların bu inkişafı dövründə dünya kiçilib. Bizim Azərbaycanda da çox dəyərli təmsilçilərimiz var. Onların idarə edilməsində müəyyən problemlər var, amma çalışırıq ki, onlar olmasın.  

Ülviyyə ŞÜKÜROVA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR