"Ermənistan Azərbaycanın təklifini qəbul edərək, Qərbə deyə bilər ki..." - Politoloqdan AÇIQLAMA
Xəbər verdiyimiz ki, ötən gün Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Bu razılıq sülh sazişinin imzalanmasına necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, sülh sazişinin bağlanmasının müsbət və mənfi cəhətləri var.
"Ermənistan cürbəcür hiylələrə əl atır ki, öz tam məğlubiyyətini, Qarabağı həmişəlik itirdiyini etiraf etməsin. Buna görə də münaqişənin sona çatdığını təsdiq edən heç bir addım atmaz. Onun hamisi olan böyük dövlətlər - Rusiya, Fransa, Amerika, Avropa istəmir ki, münaqişə qurtarsın. Ona görə də Ermənistan cürbəcür hiylələrə əl atır, vaxtı uzadır, cürbəcür saxta iddiaları ortaya qoyur. Ən sadəsi Minsk qrupunun ləğvi ilə bağlıdır. Minsk qrupu nəyə görə yaradılmışdı? Dağlıq Qarabağ statusunun müəyyənləşdirilməsi üçün. Ancaq Ermənistan Azərbaycanın təklifini qəbul edərək, Avropa dövlət və təşkilatlarına deyə bilər ki, bundan sonra zəhmət çəkməyin, biz öz aramızda Qarabağ məsələsinin həllini tapmışıq. Ancaq hələ də qondarma Dağlıq Qarabağa inandığı üçün bunu etmir".
Politoloqun sözlərinə görə, sülh sazişinin imzalanması perspektivdə yaxşı nəticələrə səbəb olacaq.
"Ermənistanla Türkiyə arasında sərhədlərin açılması, Türkiyənin Ermənistana təsir gücünü 10 dəfə artıracaq. Ermənistanın iqtisadiyyatı Türkiyəninkindən qat-qat kiçikdir. Erməni cəmiyyətinin qorxusu Türkiyədir. Türkiyə Ermənistana təzyiqi edə bilər ki, Azərbaycanla münasibətləri tənzimlə. Çünki ortada həm də Zəngəzur dəhlizi söhbəti var. Türkiyə bu mövzuda maraqlıdır. Ermənistanın özü də maraqlıdır. Ancaq ona mane olurlar.
Sülh sazişini imzalamaqla heç bir təhlükə və itki olmayacaq. Sadəcə müsbət tərəfləri ola bilər. Bir-iki ildən sonra özünü parlaq şəkildə göstərəcək", - deyə Zərdüşt Əlizadə vurğuladı.
Türkan İSGƏNDƏRLİ