Ermənistan Azərbaycana hansı silahlarla hücum edəcək? - AÇIQLANDI
Rusiyalı məşhur hərbi ekspert İqor Koroçenko Ermənistanın Azərbaycana qarşı təxribatlara hazırlaşması ilə bağlı növbəti dəfə həyəcan təbili çalıb. Hərbi mütəxəssis bu dəfə açıq və konkret danışıb. O, Ermənistanın sürətlə silahlandığına diqqət çəkərək, Azərbaycan Ordusunun daim döyüşə hazır vəziyyətdə olmasını vurğulayıb.
Qeyd edək ki, son vaxtlar həm yerli, həm də xarici hərbi ekspertlər də Ermənistanın hərbi arsenalını gücləndirdiyinə dair dəfələrlə xəbərdarlıq ediblər. Hazırda bu sual aktualdır: 44 günlük Vətən müharibəsindən sonra, Ermənistan ordusunun hərbi arsenalına hansı yeni silahları daxil edib? Həmin silahlar Azərbaycan ordusu üçün nə dərəcədə təhlükəli sayıla bilər?
Yenisabah.az bu mövzunu araşdırıb. Məlum olub ki, 2020-ci ildə uğradığı ağır məğlubiyyətdən sonra İrəvanın qarşısında dayanan potensial vəzifə silah tədarükünü artırmaq olub. Ermənistan ötən 4 ildə ABŞ, Fransa, Hindistan, İran kimi ölkələrdən çoxlu sayıda müxtəlif təyinatlı silahlar tədarük edib. kapital bank vakansiya
Ermənistana ən çox silah satan ölkələrin başında Hindistan gəlir. İrəvanla Dehli 2022-ci ilin sentyabrında 250 milyon dollarlıq silah tədarükü ilə bağlı razılığa gəlmişdi. Ermənistanın aldığı başlıca texnikalar “Pinaka” raket sistemlərinin və onların sursatları, “ATAGS” və “MArG” özüyeriyən haubitsalarıdır.
İrəvanı silahla təmin edən bir digər ölkə isə İrandır. Özünü müsəlmanların “himayədarı” kimi qələmə verən Tehran ermənilərə xeyli sayıda silah tədarük edir. Ermənistan mediasında dərc olunan xəbərlərə görə, İrandan 740 ədəd “Dahlaviyeh” raket kompleksinin, eləcə də 210 ədəd “Almas” raket kompleksinin tədarük edildiyi bildirilir.
Ermənistana ən təhlükəli və müasir silah-sursatı isə Fransa tədarük edir. 2020-ci ildən bəri Parislə İrəvan arasındakı silah və hərbi texnikaların tədarükü ilə bağlı sövdələşmələrə əsasən, GM200 radar sistemləri və digər elektron döyüş avadanlıqları, "Panhard General Defense Systems" VBL zirehli nəqliyyat vasitələri, "MBDA" Raket sistemləri, "Safran" Elektron döyüş sistemləri və PUA texnologiyaları Ermənistana göndərilib.
Xatırladaq ki, Yunanıstan, Serbiya, Ruminya və Kipr kimi ölkələr də Ermənistana yüngül silahlar və hərbi sursatlar tədarük etməkdədir. ABŞ isə yaxın vaxtlarda İrəvana müxtəlif təyinatlı hərbi texnikalar göndərəcək. /Yenisabah.az/