Saat:03:38
Haqqımızda

Ermənistan-Azərbaycan münaqişəsinin TARİXİ

2021-09-21 00:30:00

Ermənistan-Azərbaycan münaqişəsinin TARİXİ

 

Müəllif: Rikardo Sançes Serra

 

“Azərbaycan və Ermənistan SSRİ-nin süqutundan sonra müstəqillik əldə ediblər. Bundan dərhal sonra Yerevan Azərbaycana qarşı silahlı münaqişəyə başlayaraq, onun Qarabağ regionunu işğal edib. Ermənistan bu torpaqlara, yəni Yuxarı və ya Dağlıq Qarabağ adlandırılan əraziyə iddia edirdi. Beynəlxalq hüquq isə bu münaqişədə hər zaman Azərbaycanı dəstəkləyib”.

 

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. “1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrə əsasən, erməni qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmalı idi. Bənzər sənədlər başqa beynəlxalq təşkilatlarda da qəbul edilsə də, Ermənistan onları icra etməyib”, - deyə nazir müavini bildirib.

 

E.Məmmədovun sözlərinə görə, ötən illər ərzində Ermənistan danışıqlar prosesini uzatmaqla məşğul olub, işğalı qanuniləşdirmək üçün status-kvonu gücləndirməyə çalışıb, eyni zamanda, məsələn, Livandan olan erməni ailələrini bu torpaqlara köçürüb, orada Azərbaycan mədəni irsini məhv edib və d.

 

Məmmədov erməni qoşunlarının 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törətdiyini bildirib. O zaman Xocalıda 613 mülki azərbaycanlı qətlə yetirilibmiş. “Bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan özü də etiraf edib. O, müsahibələrindən birində deyib ki, “biz bu qətliamı törətməsəydik, azərbaycanlılar heç zaman bizi ciddi qəbul etməyəcəkdilər””.

 

İkinci Qarabağ savaşına gəlincə, nazir müavini həmin vaxt Azərbaycanın müharibəni özünün erməni işğalında olan torpaqlarında apardığını xatırladıb: “Ermənistan isə münaqişə bölgəsi olmayan, həmin ərazilərdən xeyli uzaqda yerləşən Gəncə şəhərini, həmçinin Horadiz, Tərtər şəhərlərini raket atəşinə tuturdu. Nəticədə bu şəhərlərdə yüzdən çox dinc sakin həlak olub, 400-dək mülki şəxs yaralanıb. Məqsəd əlbəttə ki, azərbaycanlıları qorxutmaq, onların mübarizə ruhunu sındırmaq idi”.

 

Bu yerdə haçiyə çıxmaq istərdim. Mən Gəncədə olmuşam. Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncə münaqişə bölgəsindən ən azı 100 kilometr uzaqda yerləşir. Orada ermənilərin ballistik raketlərinin dağıtdığı əraziləri öz gözlərimlə görmüşəm. Həmin hücumlar nəticəsində aralarında uşaqlar da olmaqla, 26 dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Halbuki, mülki ərazilərə hücum hərbi cinayət sayılır.

 

E.Məmmədov qarşı tərəfdə də mülki şəxslərin öldüyü haqda iddialara belə cavab verib: “Ermənistanın belə iddiası varsa, qoy qurbanların adlarını açıqlasın. Deyirlər ki, 30 mülki şəxs həlak olub. Nəsə demək asandır. Qoy sübut etsinlər. Azərbaycan heç vaxt mülki hədəfləri vurmayıb. Bizim peyklərimiz var və hərbi hədəfləri asanlıqla görə bilirdik. Onu da görürdük ki, Ermənistan öz hücum silahlarını mülki əhalinin yaşadığı yerlərə yerləşdirir… Peyk vasitəsi ilə çəkilmiş şəkillərdən aydın olurdu ki, özünü “Dağlıq Qarabağın prezidenti” elan etmiş Arayik Arutyunya hərbçilərlə bağça ərazisində görüşür, hərbi planları orada müzakirə edir. Bu, humanitar hüququn ciddi şəkildə pozulmasıdır”.

 

Artıq Bakının niyyəti yaxın gələcəkdə Ermənistanla sərhədləri delimitasiya və demarkasiya etmək, problemə birdəfəlik son qoymaqdır. Lakin nazir müavinin dediyi kimi, bu istəyə Yerevandan heç bir cavab yoxdur: “Bunun üçün Rusiya çox konstruktiv təkliflə çıxış edib. Söhbət sərhədlərin demarkasiyası üçün Ermənistan, Azərbaycan və Rusiya təmsilçilərindən ibarət komissiyanın yaradılması təklifindən gedir. Biz təklifi qəbul edirik, amma ermənilər razılaşmır”.

 

Bütün bunlarla yanaşı, Bakı ermənilərin təxminən 10 min kvadrat kilometr ərazini minalaması ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, həmçinin Haaqa Məhkəməsinə müraciət edəcək. O, həmin torpaqlarda mədəni irsinin məhv edilməsindən də şikayətçidir.

 

(İspan dilindən tərcümə - WorldMedia.Az)

 

Mənbə: Expreso

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR