Saat:13:19
Haqqımızda

Ermənilərin vətəndaşlıqla bağlı müraciətinə yanaşmada DİQQƏTLİ OLMALIYIQ

2022-08-18 11:35:00

Ermənilərin vətəndaşlıqla bağlı müraciətinə yanaşmada DİQQƏTLİ OLMALIYIQ

Bəhruz Məhərrəmov: "Ermənilər başa düşür ki, illərlə inandıqları və onlara təlqin olunan "böyük Ermənistan" təcavüzkar mifi əslində səfalət və faciədən başqa nəsə verməyib"

Məlum olduğu kimi, erməni fəalı, bloger İşxan Verdyan prezident İlham Əliyevə müraciət hazırlayıb və Azərbaycan vətəndaşlığına keçmək istədiyini bildirib. Onu da qeyd edək ki, Azərbaycan vətəndaşı olmaq istəyənlərə qarşı artıq Ermənistanda təqiblərə başlanılıb. Belə ki, Ermənistan iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açıb. Səbəb isə onların Azərbaycan vətəndaşı olmaq istəmələridir. Ümumiyyətlə, son vaxtlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən və buna görə, prezident İlham Əliyevə müraciət edən ermənilərin sayı durmadan artır. 

Mövzu ilə bağlı Hurriyyet.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan bölgədə qanuni şəkildə yaşayan erməni vətəndaşları üçün şans verməyə, onların təhlükəsizliklərini və hüquqlarını digər vətəndaşları kimi təmin etməyə hazırdır. O, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti nə qədər tez anlayıb Azərbaycanın şərtlərinə əməl edərsə, məhvdən bir o qədər az itki ilə xilas ola bilər: "Vətən müharibəsi ilə Ermənistanın işğalçı siyasəti iflasa uğrasa da təcavüzkar mahiyyət və revanşist niyyət hələ də qalmaqda idi. "Qisas" əməliyyatından sonra isə revanşistlər öz sonuncu inamlarını da itirdilər. Cənab prezidentin də qeyd etdiyi kimi, artıq Qarabağda yaşayan ermənilər üzərində Ermənistanın təsirinin azalması, Bakının nüfuzunun isə artması müşahidə olunur. Qarabağda yaşayan ermənilər görür ki, İrəvan onların minimal problemlərini həll etmək iqtidarında deyil. Azərbaycan isə bölgənin qalib və inkişaf edən dövləti kimi bütün istədiklərinə nail olmaqla bərabər həm də bölgədə qanuni şəkildə yaşayan erməni vətəndaşları üçün şans verməyə, onların təhlükəsizliklərini və hüquqlarını digər vətəndaşları kimi təmin etməyə hazırdır. Ermənilər anlayır ki, ya Azərbaycanın üçrəngli bayrağı qarşısında diz çöküb azdıqları yoldan geri dönməli, Azərbaycandan əfv diləyib inkişaf və tərəqqidən faydalanmalı, ya da viran Ermənistana üz tutub məhv olmalıdırlar. Ermənilər başa düşür ki, illərlə inandıqları və onlara təlqin olunan "böyük Ermənistan" təcavüzkar mifi əslində onlara səfalət və faciədən başqa nəsə verməyib. Bu mənada, əvvəllər daha tez ayılaraq Bakıya gizlicə müraciət edən ermənilərdən fərqli olaraq "Qisas" əməliyyatından sonra artıq açıq şəkildə, sosial şəbəkə üzərindən çoxsaylı erməni əsilli insan Azərbaycana, şəxsən cənab prezidentə müraciət edərək vətəndaşlıq diləyir".

Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycanda nicat axtaranlar yalnız Qarabağ erməniləri deyil, həm də Ermənistan ermənilərindən xeyli sayda açıq müraciətlər var ki, bu da Ermənistanın mənəvi cəhətdən iflası, Azərbaycanın və şəxsən cənab İlham Əliyevin hücum doktrinasının təntənəsi deməkdir: "Təsəvvür edin, ölkənin vətəndaşı öz dövlətinə özünün həyatını, sağlamlığını, təhlükəsizliyini etibar etmək istəmir, əksinə, dünənə qədər düşmənçilik etdiyi dövlət və xalqdan imdad diləyir. Bu, bir dövlət üçün artıq mənəvi son və milli kimliyin sınması deməkdir ki, Ermənistan hakimiyyəti nə qədər tez anlayıb Azərbaycanın şərtlərinə əməl etsə, məhvdən bir o qədər az itki ilə xilas ola bilər. Müşahidə olunan vəziyyət eyni zamanda, Azərbaycanın Ermənistanın havadarları üzərində də mütləq qələbəsidir".

Təbii ki, bütün ehtimalları nəzərə alaraq, deməliyik ki, ermənilərin vətəndaşlıqla bağlı müraciətinə yanaşmada Azərbaycan dövləti, qurumlarımız diqqətli olmalıdır. Çünki bu müraciətlərin arxasında təxribatçılıq məqamları da ola bilər. Necə deyərlər, ilanın ağına da nəhlət, qarasına da.

Nərmin Məmmədli,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR