Ermənilərin sözünə inanmaq olar? - “Sakit dayanmağın yeri yoxdur”

2022-08-26 16:47:00

Ermənilərin sözünə inanmaq olar? - “Sakit dayanmağın yeri yoxdur”

“Əslində, həmin separatçı rejimin “özünümüdafiə ordusu” adlandırdığı və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan bütün erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması üçtərəfli bəyanatda öz əksini tapıb, çünki bu, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən biridir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov deyib.

O, ötən gün erməni mətbuatında separatçıların rəhbəri Arayik Arutyunyanın qondarma “özünümüdafiə ordusu”nu tərksilah edəcəyi ilə bağlı erməni polkovniki Tatul Petrosyanın iddiasına münasibət bildirib.

Siyasi şərhçinin sözlərinə görə, son dövrlərdə baş verənlər, xüsusilə də Ermənistanın özündə keçirilən aksiyalar bütün vəziyyəti izah edir:

“Belə ki, İrəvanda Rusiya sülhməramlılarının əleyhinə keçirilən aksiyaların ardınca Xankəndidə də bir qrup erməninin Rusiyaya dəstəklərini ehtiva edən aksiyalar keçirməsi bir mənaya xidmət edirdi: Bu da ondan ibarət idi ki, əgər Ermənistanda və eləcə də dünyanın ayrı-ayrı ölkələrində yaşayan erməni lobbiləri öz aksiyalarında Rusiya sülhməramlıların regiondan çıxarılması və onların digər beynəlxalq hərbi birləşmələrlə əvəz olunmasına çağırış edirdilərsə, əksinə, Xankəndidə keçirilən aksiyalarda Rusiyaya dəstək göstərildi”.

AMİP funksioneri əlavə edib ki, Nikol Paşinyan və Vladimir Putin arasında olan sonuncu görüşdə Rusiya tərəfinin imzalanmış bəyanatlarda Ermənistanın üzərinə düşən öhdəliklərinin icrasının vacibliyi ilə bağlı çatdırdığı məqamlar ola bilər ki, hansısa şəkildə ermənilərə təsir göstərib:

“Başqa sözlə, biz bundan bir neçə gün öncə Zabux, Sus və Laçın şəhərindən köçməyə hazırlaşan ermənilərə evlərin yandırılmaması ilə bağlı çağırışlar etdiyini, habelə evlərini yandırmayan adamların Xankəndidə mənzillə təmin olunacağının və s. söhbətlərin şahidi olduq. Amma o məlumatlar da var idi ki, həmin çağırışlardan dərhal sonra ayrı-ayrı şəxslər vasitəsilə yenə də həmin ərazilərdə ermənilərə eyni qaydada evlərin yandırılması və digər göstərişlərin verildiyi də olmuşdu”.

R.Bayramovun fikrincə, separatçı rejimin “başçısının” bu cür “sərəncam” imzalayacağı ilə bağlı olan məqam inandırıcı deyil:

“Əgər belə bir şey olacaqsa da, bu, sadəcə beynəlxalq birliyi sakitləşdirməkdən savayı başqa heç bir şey olmayacaq. Əslində isə oradakı erməni silahlılarının doğrudan da tərksilah olunacağı və regiondan çıxarılacağı ilə bağlı məsələlərə biz nəzarət etmək imkanında olmayacağıq. Çünki bu, birbaşa Rusiyanın nəzarətində olan bir məsələdir. Ona görə də düşünmürəm ki, həmin hərbi hissələr tərksilah olunacaq. Olunacaqsa, lap yaxşı, çünki belə olduğu təqdirdə biz bunu üçtərəfli bəyanatın nəhayət ki, icra olunması kimi qiymətləndirəcəyik. Lakin olmayacaqsa, burada sakit dayanmağın da yeri yoxdur. Çünki əgər tərəflərdən biri öhdəliklərdən imtina edəcəksə, bu halda Azərbaycan tərəfin müvafiq olaraq üçtərəfli bəyanatın icrasını dayandırmalı və alternativ olaraq verilən yeni Laçın yolunun bağlanması haqqında qərar qəbul edərək oradakı erməni hərbi birləşmələrinin çıxarılması üçün antiterror əməliyyatlarına başlaması artıq zəruri olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058139