"Ermənilərin demokratiya bəhanəsini rədd etmək lazımdır" - NATİQ CƏFƏRLİ

2023-01-26 12:53:00

"Separatizmin qarşısının alınması üçün dövlət bütün hüquqi addımlar atmalıdır, amma dövlətin özünün gələcəyi, rifaha və tərəqqiyə qovuşması üçün demokratiya əsas vasitəyə çevrilməlidir"

"Qarabağda 1988-ci ildə başlayan hadisələrin demokratiya, azadlıqlar və insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Sırf separatizmdir, terrordur və işğala cəhddir. Azərbaycan dünyanın ən demokratik ölkəsi olsaydı belə, Xankəndi və ətrafında yaşayan ermənilərin Rusiya, Ermənistan tərəfindən dəstəklənən və idarə edilən separatizmə son qoya bilməz. Buna görə də, ermənilərin demokratiya bəhanəsini rədd etmək lazımdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, separatizm demokratiya ilə həll edilmir, dünyanın ən demokratik ölkələrindən biri olan İspaniyada Katalon separatçıları, dünyanın on ən yüksək demokratik sistemi olan ölkələr sırasında yer alan Kanadada Kvebek separatizmi buna əyani sübutdur: "Demokratiya heç məqsəd də deyil, rifaha, ədalətli sistemə, hüququn aliliyinə, hakimiyyət qollarının bölgüsünə aparan yoldur, vasitədir. 2008-ci ildən bəri Avropada və dünyanın bir çox ölkələrində Ermənistan nümayəndələri ilə dəfələrlə müzakirələrdə iştirak etmişəm, illərdir onlar dünyaya separatizmi demokratiya uğrunda mübarizə kimi təqdim etmək cəhdlərini görmüşəm. Bir dəfə Avropa ölkələrinin birində müzakirələr zamanı Ermənistandan olan nümayəndələr Avropalı deputat və siyasətçilərin yanında Qarabağda olub-bitəni, hətta işğal etdikləri torpaqları belə demokratiya uğrunda mübarizə kimi təqdim etməyə çalışdılar. Bizim nümayəndə heyyətinin tərkibində məmurlar, hökümətə yaxın insanlar da var idi. Onlardan öncə söz alıb çıxış etdim, arqumentlərlə qarşı tərəfi başa saldım, hətta 2008-ci il 1 mart tarixində İrəvanda 10 nəfərin küçədə mitinq zamanı güllələnməsi faktını da göstərərək Ermənistanın demokratiya haqqında danışmalı olan ən son ölkə olduğunu vurğuladım. Daha sonra iqtisadiyyatlarının 70%-dən çoxunun Rusiyadan asılı olduğunu, ərazilərində Rusiya hərbi bazalarının mövcudluğunu, sərhədlərinin belə Kreml tərəfindən qorunduğunu söyləyərək, belə bir ölkənin demokratiya haqqında danışmasının gülünc olduğunu dedim. Tədbirdən sonra həmin ölkədə çalışan bizim diplomatik korpusun nümayəndələrindən biri mənə yaxınlaşıb çıxışa görə təşəkkür etdi. Açığı, gülümsədim və ona da dedim ki, müəllim, siz niyə elə bilirsiniz ki, Azərbaycan sövləti tək sizə məxsusdur, dövlət bizimdir, hamımızındır, hökumətə qarşı olmaq dövlətə qarşı olmaq deyil. Həmin şəxs əlimi sıxıb, bir daha təşəkkür edib getdi".

REAL-ın icra katibinin fikrincə, separatizmin qarşısının alınması üçün dövlət bütün hüquqi addımlar atmalıdır: "Burası aydındır, amma dövlətin özünün gələcəyi, rifaha və tərəqqiyə qovuşması üçün demokratiya əsas vasitəyə çevrilməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165256