Ermənilər Laçın dəhlizindən niyə çıxmaq istəmədiklərinin sirrini açdılar: - Şuşa döngəsi...

2022-07-29 10:08:00

Ermənilər Laçın dəhlizindən niyə çıxmaq istəmədiklərinin sirrini açdılar: - Şuşa döngəsi...

Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisi üçün avqust ayında tender elan edəcək. Tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək. Ermənistanın Gorus şəhəri ilə Xankəndini birləşdirəcək və Laçın şəhərindən yan keçəcək 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.

O da məlumdur ki, bu vaxta qədər Ermənistan yolun onların ərazisinə düşən hissəsinin tikintisini, ümumiyyətlə, müzakirə etmirdi. Məqsəd prosesi yubatmaq idi. Ermənilər hər cür vasitəyə əl atırlar ki, prosesi pozsunlar. Ermənistanın yeni yolun açılması ilə bağlı tərəddüdləri bir neçə səbəblə izah edilirdi.

Onu da qeyd edək ki, rəsmi Bakı Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə eyni formada fəaliyyət göstərməsində israr edir. İstər 2020-ci ilin 10 noyabr, istərsə də 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyannamələrində açıq şəkildə bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir. Eləcə də, Ermənistan da Azərbaycana Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir. Hazırda Laçın dəhlizində gömrük məntəqələri yoxdur. Bu hal Zəngəzur dəhlizində də olmalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə daşımalara nəzarət üçün gömrük məntəqələrinin quraşdırılmasını təkid etsə, Azərbaycan da Laçın dəhlizində eyni şərtləri tələb edəcək.

Hələ ötən il dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransında dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır: “Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxışı və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisini israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Başqa bir səbəb Laçın dəhlizi boyunca bir neçə kəndin boşaldılmasıdır. Məlumdur ki, xaricdən köçürülmüş həmin erməni ailələri Xankəndi və ətrafına deyil, Ermənistana köçürülmələrini istəyirlər. Paşinyan hakimiyyəti isə bu köçürülmənin Ermənistanda yarada biləcəyi sosial gərginlikdən qorxur. İkinci tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın yeni yolda sərhəddə post qurması da gündəmdədir ki, Ermənistanda buna Qarabağın birdəfəlik itirilməsi kimi baxırlar. O səbəbdən, hər vasitə ilə prosesi yubadırlar. Yeni yolun açılması və Laçının boşaldılması prosesinin payıza kimi yubanacağı da gözləniləndir.

Ermənistanın “Qraparak” nəşri isə ermənilərin əsas qorxusunun nədən ibarət olduğunu yazıb. Nəşr yazır ki, Laçın dəhlizinin marşrutunun dəyişməsi də prosesə təsir edir: “Reallıq budur ki, məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır. Mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı strateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək. Şuşa-Xankəndi yolu üzərində Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.

Maraqlıdır ki, erməni nəşri sülhməramlıların da Qarabağdan çıxarılacağını da iddia edir: “Artıq Qarabağda Ermənistandan olan məcburi müddətli hərbi qulluqçular olmayacaq. Üç ildən sonra İlham Əliyev Rusiya sülhməramlı kontingentinin çıxarılmasını tələb edəndə rus əsgərlərlə birlikdə qalan ermənilər də Qarabağı tərk edəcəklər. Və bunun son müddəti 2024-cü ildir.”

Yeni yolun açılması Şuşanın strateji əhəmiyyətini daha da artıracaq. Ermənistanın Laçın dəhlizi ilə bağlı hər iki qorxu (postların qurulması və Şuşa döngəsi) səbəbindən prosesi nə qədər yubada biləcəklər? Sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmayacağı iddiası haqda nə demək olar?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli gələn il çox suallara aydınlıq gələcəyini söylədi: “Bu dəqiqə əsas problem odur ki, Azərbaycan tərəfi erməniləri, rusları kənarda qoymaq üçün müqavilənin şərtlərinə əməl etməlidir, əməl də edir. Nəticə etibarı ilə bölgədə, Şuşa şəhəri ətrafında-hansı ki, indi yol keçir-Azərbaycan neytrallaşdırma xətti yürüdür. Hazırda Şuşanın kəndləri rus sülhməramlılarının nəzarəti altındadır. Çalışırlar ki, alternativ Laçın dəhlizi işə düşdükdən sonra Azərbaycana qarşı alternativ yarada bilsinlər. Bir növ savaşı strateji zirvələr uğrundan savaşa döndəriblər. Bütün bunlar da Ermənistan və Rusiyanın fərqli məqsədlər güddüyünün göstəcisidir. Biz məntiqlə ermənilərin, rusların nə istədiyini artıq başa düşürük. Prosesləri maksimum uzatmağa, Azərbaycanı oyundan kənara qoymağa, əldə edilən qələbə nəticəsində qazanılan üstünlükləri neytrallaşdırmağa çalışırlar. Bunlar mümkündürmü? Hesab edirəm ki, mümkün deyil. Çünki prezident 10 noyabr bəyanatına istinad edəcək. Ermənilərin çıxarılması bir daha prezidentin müharibə hədəsindən sonra gündəmə gəldi. Sentyabrda onların çıxışlarının təmin olunacağı barədə söz verilib. Amma alternativ variantda da keçirlər ki, hərbi qulluqçular olmayacaq, guya yerli erməni əhali öz təhlükəsizliyini təmin etmək üçün belə bir addım atırlar. Bizim üçün ölkənin ərazi bütövlüyü prioritetdir. Bunu sülhməramlılar da daxil heç kəs poza bilməz. Onun üçün də gəlin 2025-ci ili səbirlə gözləyək. Amma mənim üçün əsas həlledici amil 2023-cü ilə bağlıdır. Gələn il Rusiyanın durumu mütləq şəkildə bəlli olacaq. Tezliklə mütləq şəkildə Zabux, Sus kəndlərinin geri qaytarılmasının, alternativ yolun işə salınmasının şahidi olacağıq. Bundan sonra prosesləri rahat şəkildə icra etmək mümkün olacaq. Antiterror əməliyyatımı olacaq, yaxud Zəngəzur dəhlizinin açılmasına məcbur edən əməliyyatmı və.s kimi sualların cavabı tezliklə müəyyənləşəcək”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının isə mövqeyi belədir: “Ermənilərin mövqeyi aydındır. Onlar istənilən yolla vaxtı uzatmağa çalışırlar. Düşünürlər k, vaxt uzanarsa, yeni şərait yarana, fərqli amillər ortaya çıxa bilər. İndiki şəraitdə onların maraqlarına cavab verən hər hansı şərt yoxdur. Azəbaycan öz mövqeyində təkidli olmalı, ermənilərin manevr etməsinə imkan verməməlidir. Şuşa döngəsi deyilən amilin, əlbəttə, təsiri var, amma Şuşa şəhəri və Fərrux yüksəkliyi bizdədir. Ona görə də Xankəndinin nəzarətdə saxlanılması ilə bağlı problem yoxdur. Yeni Laçın yolu erməniləri ciddi şəkildə narahat edir. Bu yolun çəkilişi, istifadəyə verilməsi bölgədə bütün şəraiti dəyişəcək, ermənilərin planlarını alt-üst edəcək. Onları qorxudan da budur. Bu baş verəndən sonra hətta Rusiya sülhməramlıları deyilənlərin də elə bir təsir imkanları qalmayacaq . Onlar çıxıb gedəndən sonra isə hər şey qanuni məcrada inkişafını davam etdirəcək. Ermənilərin prosesi yubatmaq imkanları tam tükənməyib, amma məhduddur. İstəyirlər k, 10 noyabr razılaşmasındakı şərtləri 3 il müddətə uzatsınlar. Amma bunun üçün ciddi arqumentləri yoxdur. Azərbaycan öz ərazisindəki işləri görüb qurtarıb, o tərəfin isə ləng hərəkətinə səbəb yoxdur. Ona görə də artıq tender etmək məcburiyyətində qaldılar. Tenderin qalibi müəyyən olunandan sonra isə işlərin axarı təbii yolla gedəcək, işi icra edən qurum tikintini daha tez yekunlaşdırmaqda maraqlı olacaq. Rusiyanın da prosesi ləngitmək üçün elə bir arqumenti yoxdur. Moskvanı narahat edən hərbi kontingentinin bölgədə saxlanılması, vaxtından əvvəl ”yola salınmaması"dır. Ona görə də bu proseslərdə öz maraqlarını qorumağa çalışır. Aydın görünür ki, “sülhməramlıların” bölgədə qalmasına artıq ehtiyac yoxdur. Onların burada qalma müddətinin uzadılmasından isə söhbət gedə bilməz. Vaxtından əvvəl getmələri isə müzakirə oluna bilər. Rusiya böyük ehtimalla, regionda təsir imkanlarının saxlanılması üçün başqa formaları axtarmalı olacaq. Hərbi güclə bu məqsədə nail olmanın vaxtı artıq keçib. Bu kobud metodlardan imtina edilməlidir. Kreml də artıq bunu anlamağa başlamalıdır".

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055194