Saat:11:20
Haqqımızda

Ermənilər Ağdam yolunu niyə seçdi? – “Bunun ardı gələcək...”

2023-08-23 11:37:26

Ermənilər Ağdam yolunu niyə seçdi? – “Bunun ardı gələcək...”

“Bölgədə olan separatçı xunta rejiminin özü müstəqil bir qurum deyil və müstəqil qərarlar qəbul etmir. Onlar sadəcə olaraq verilən təlimatlar əsasında mövqelər bildirirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, separatçı rejimin “rəhbəri” Araik Arutyunyan tərəfindən keçirilən “təhlükəsizlik şurası”nın iclasında tanınmamış “DQR” “hakimiyyəti”nin Azərbaycanın Ağdam-Xankəndi marşrutu üzrə təklif etdiyi humanitar yüklərin daşınması məsələsində razılıq verməsindən söz açıb.

“O ki qaldı qondarma rejimin “təhlükəsizlik şurası”nın toplantısında humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə göndərilməsi məsələsinin qəbuluna, bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüquqa uyğun davranır və öz ərazisində suveren hüquqlarını tam şəkildə bərpa etmək istəyir və bölgədə yaşayan ermənilərə hüquq və təhlükəsizlik təminatları verir, onların bütün problemlərini, o cümlədən humanitar. Kommunal və digər tələbatlarının ödənilməsini öz üzərinə götürdüyünü dəfələrlə bildirib”, – analitik söyləyib.

O, xatırladıb ki, bu davranışlar beynəlxalq hüquqa və ölkələrin suverenlik və müstəqillik hüquqlarına uyğun olduğuna görə BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də Fransa xaric əksər böyük dövlətlər bu mənada Azərbaycanın mövqeyini dəstəklədilər:

“Onlar bölgədə yaşayan sıravi vətəndaşların humanitar və digər gündəlik tələbat malları ilə təchizatında Ağdam-Xankəndi yolunun istifadəsinin vacibliyini qeyd etdilər. Bu durum bölgədə mövcudluğunu qorumağa çalışan separatçıları dalana dirədiyi, habelə Ermənistanın bütün hay-həşirlərinə baxmayaraq, “humanitar yardım” şousunun effekt vermədiyini gördükləri üçün məhz belə bir qərara gəliblər. Bu, onlar tərəfindən verilən ilk rasional addım kimi dəyərləndirilə bilər. Əlbəttə ki, bunun ardı gələcək və gəlməlidir. Yəni kommunal xidmət məsələsi təbii ki, Azərbaycan üzərindən həyata keçirilməlidir. Bunun ardınca digər proseslər həyata keçirilərək bölgənin Azərbaycana reinteqrasiyası prosesi artıq başlanmalıdır”.

Onu fikrincə, belə bir qərar reinteqrasiya prosesi üçün pozitiv başlanğıc ola bilər:

“Lakin bölgədəki separatçı rejim müstəqil qərar vermək imkanında olmadığı üçün daha çox Moskva və İrəvandan alınan təlimatlar üzərindən hərəkət etdiyinə görə biz daha çox həmin aktorların mövqeyini görəcəyik. Burada, xüsusilə də Rusiyanın mövqeyi aktiv olacaq. Kreml konstruktiv olaraq bölgənin reinteqrasiyasında maraqlı olacaqsa, proses normal axarı ilə davam edə bilər. Yox, əgər bu günə qədər olduğu kimi bölgədə müəyyən gərginliklər yaradaraq, təxribatlara rəvac verib vəziyyəti gərginləşdirəcəksə, o zaman qarşıda hələ xeyli görüləcək işlər olacaq”.

 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188645