Erməni xadimdən Bakıya təklif: “Xankəndi ilə təmasa girin, İrəvana barışıq heyəti göndərin...”

2022-07-30 12:00:00

Erməni xadimdən Bakıya təklif: “Xankəndi ilə təmasa girin, İrəvana barışıq heyəti göndərin...”

Artur Ağacanova görə, erməni xalqı sülh istəyir və Qarabağ erməniləri ilə də əlaqə yaratmağa dəyər - siyasi şərhçilər isə bunu bir halda mümkün sayırlar...

Erməni ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.az-a müsahibəsində bildirib ki, əksər hallarda Ermənistan sakinləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, qonşu Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirlər. Onun sözlərinə görə, məhz Azərbaycan kimi qonşu ilə dost olmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və olmalıdır.

“Bu, Ermənistan üçün faydalıdır. Erməni əhalisinə bunu anlamağa kömək etmək lazımdır. Paşinyan və onun fraksiyasının səhvi odur ki, xalqın qarşısına izahatla çıxmırlar”, - deyə o qeyd edib.

Ağacanovun fikrincə, yaxşı olardı ki, Azərbaycandan Ermənistana nümayəndə heyətləri getsin, görüşlər keçirilsin: “O cümlədən Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında, Qarabağ erməniləri ilə əlaqə yaratmağa dəyər. Ermənistan və Azərbaycandan kənarda yaşayan erməni millətinin nümayəndələri, o cümlədən Bakı erməniləri belə sülhməramlı fəaliyyətlərə cəlb oluna bilərlər. Onlar Ermənistana gedə, insanlarla görüşə, məsələləri müzakirə edə və Azərbaycanla qonşuluğun təhlükə olmadığına inandıra bilərdilər. Bu alınacaqmı, bilmirəm. Ancaq bu barədə düşünməyə dəyər. Ermənilər münasibətlərin normallaşmaması və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün əllərindən gələni edən ekstremistlərə qulaq asmamalıdırlar. Hər halda, hesab edirəm ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması qaçılmazdır. Proses yavaş gedir, istərdim ki, daha sürətli getsin”.

Ağacanov azsaylı ermənilərdən sayıla bilər ki, ağıllı və düzgün fikirlər səsləndirib. O anlayır ki, ölkəsinin nicatı Bakı və Ankara ilə əlaqələri yoluna qoymaqdan, Zəngəzur dəhlizini açmaqdan keçir. Amma bu təklifləri nə dərəcədə reallaşa bilər? İrəvana nümayəndə heyətlərinin getməsi, Qarabağ erməniləri ilə birbaşa təmaslar mümkündürmü və bu cür görüşlər faydalılıq baxımdan nə verəcək? Türkdən “qaniçən” obrazı düzəltməyə davam edən Rusiya buna əngəl yaratmazmı?

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, səslənən fikirlərin bir hissəsi real görünür, amma mümkün görünməyənlər də var: “Əvvəla, gəlin yada salaq ki, Brüsseldə və Rusiyada üç görüş keçirilib, habelə, xarici işlər nazirləri, baş nazirlərin müavinləri səviyyəsində də çoxsaylı müzakirələr aparılıb. Həmçinin Sərhəd Komissiyasının yaradılmasına görə baş nazirlərin müzakirəsi baş tutub. Eyni zamanda, Ermənistana 5 baza prinsipi ilə təkliflər göndərmişik. Həmin 4 bəndlik təklifdə hər şey aydın göstərilib - ərazi bütövlüyünü tanımaq, sülh sazişi bağlamaq və s.

Əvvəlcə İrəvan razı olduğunu söylədi, sonra 6 bəndlik təklif göndərildi. Hazırda Ermənistan hakimiyyətində monolitlik yoxdur. Baş nazirin dediyini xarici işlər naziri başqa cür söyləyir. Belə vəziyyətdə İrəvana nümayəndə heyəti göndərməklə proseslərə müsbət təsir göstərə bilməz. Ermənistan iqtidar konkret istək ortaya qoyarsa, barışıq heyəti də göndərilə bilər".

Siyasi şərhçi Qarabağ erməniləri ilə birbaşa təmasa gəlincə, qeyd etdi ki, nə qədər orada silahlı erməni tör-töküntüsü qalıb, Araik Aryunutyan separatçı rejimi var, təmas mümkün deyil: “Onlar bölgədən çıxarılmalı, dinc erməni sakinləri Azərbaycanın üçrəngli bayrağı altında yaşamağı qəbul etməlidirlər. Buna qədər yalnız antiterror əməliyyatı ilə ”təmas" mümkündür. Azərbaycan Prezidenti mövqeyini açıq şəkildə söyləyib ki, erməni əsilli vətəndaşlarımızın sülh içində yaşamasına təminat veririk. Sadəcə, nə qədər ki, qondarma rejim mövcuddur, bu mümkün olmayacaq.

Ermənistan üçtərəfli sənəddəki 4-cü bəndi icra etməyə məcbur olacaq. Artıq Ermənistan Silahlı Qüvvələri öz hərbi texnikasını Qarabağdan çıxarır, ora daha hərbçi göndərməyəcək. Yerdə qalır separatçı rejimlə haqq-hesabı çürütmək və bunu da Azərbaycan Ordusu hər an həyata keçirməyə hazırdır. Sadəcə, bu həddə qədər biz xəbərdarlıq edirik ki, məsələ dinc yolla həll olunsun. Əgər eşitməyəcəklərsə, güc yolu ilə problemə son qoymaq hüququmuzu özümüzdə saxlayırıq. Ona görə hələlik onlarla birbaşa təmas real görünmür".

Fuad Əliyev - VHP

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev isə bunu bir halda mümkün sayır: “Ermənistan götürdüyü öhdəlikləri tam yerinə yetirsin. İlk növbədə nəqliyyat-kommunikasiya xətləri işə düşməlidir, İrəvan Bakının şərtlərini sözdə yox, əməldə qəbul etməlidir, Zəngəzur dəhlizi maneəsiz keçid olaraq açılmalıdır, Qarabağdan terrorçu erməni dəstələri rədd olmalıdır. Bundan sonra barışıq heyətləri də bir araya gələ bilər, Bakıdan ziyalılar, siyasətçilər Xankəndinə gedərək mülki ermənilərlə görüşüb onlara vədlər də verə bilər. İndiki halda beyni zəhərlənmiş həmin ermənilər ”artsax" xülyası ilə məhv olmaqdadırlar. Qarabağın dağlıq ərazisində olduqca az erməni qalıb, Xankəndi küçələri bomboşdur, insanların sabaha ümidi qalmayıb, amma yenə də Araik, Vitali, Bako kimilər onlara nağıllar danışır. Onlarda bizə nifrət aşılayır, belə şəraitdə Qarabağdakı ermənilərlə birbaşa təmas alınarmı? Üstəlik, sülhməramlılar da onları arxayın salıb və bir hasar hörüblər. Yəni təmas mümkün görünmür. Ona görə real addımlar atılmalıdır".

Partiya sədri təklif edir ki, bir neçə lokal hərbi əməliyyatla separatçı rejimin yuvasını dağıtmaq olar: “Azərbaycan ərazisində terrorçu qruplaşmalar qalmamalıdır. Biz bu məsələdə sərt olmalıyıq. Çünki iki ilə yaxındır ki, 10 noyabr sazişinin müddəalarının icrası yubadılır. Ermənistan vaxt qazanır, qondarma rejim sülhməramlılara arxayınlaşıb, hələ azmış kimi revanşist fikirlər səsləndirirlər. Bu zaman barışıq heyəti onlarla nəyi müzakirə edəcək? Onlar ancaq ”Dəmir yumruq"dan anlayırlar. Başqa cür başa düşmürlər.

Ağacanov tələsməsin, tezliklə özləri barışıq heyəti göndərəcəklər, ayağımıza düşüb bir daha yalvaracaqlar. Deyəsən, kapitulyasiya az oldu, iti axıra qədər qovmaq lazımdır. Çünki Avropa İttifaqının və Rusiyanın moderatorluğu ilə keçirilən bütün görüşlərin yekununda Ermənistan yenə cığallıq etməkdədir. Paşinyan da, Araik də bunkerdə gizlənmək üçün darıxıblar".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000128