Erməni separatçılarının QARABAĞA QANUNSUZ SƏFƏRLƏRİ...

2022-09-06 11:22:00

Erməni separatçılarının QARABAĞA QANUNSUZ SƏFƏRLƏRİ...

Məhəmməd Əsədullazadə: "Hazırda Rusiyadan növbəti dəfə Qarabağda yeni problem körükləmək cəhdləri müşahidə edilir"

Zaur Məmmədov: "Separatçıların "xarici işlər naziri" David Babayanın ABŞ-a səfəri və Konqresdə çıxışı Demokratların əsl simasının göstəricisidir"

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşündən sonra Xankəndi şəhərinə qanunsuz səfər edib. Heç şübhəsiz ki, Qriqoryanın bu cür önəmli məqamda baş tutan səfəri danışıqlar prosesinə mənfi təsir edə, hətta tərəflər arasında gərginliyi artıra bilər. Məhz elə buna görə də rəsmi Bakı sözügedən olaya sərt etirazını bildirib. Belə ki, Qriqoryanın Xankəndi şəhərinə qanunsuz səfər etməsini Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirən Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu, iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.

Həmçinin, bildirilib ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir: "Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir".

Məsələnin maraqlı tərəfi ondadır ki, Armen Qriqoryanın qeyd olunan qanunsuz səfəri ilə təxminən, eyni vaxtda Xankəndidəki separatçıların rəhbərlərindən biri olan David Babayan ABŞ-a səfər edib. Amerika Erməniləri Milli Komitəsi bununla bağlı bəyan edib ki, David Babayan sentyabrın 19-da Vaşinqtonda ABŞ siyasətçiləri ilə məsləhətləşmələr aparacaq, eləcə də Kapitolidə çıxış edəcək. Görünən odur ki, ABŞ bu kimi addımlarla artıq yararsız qurum olduğu təsdiqlənmiş ATƏT-in Minsk qrupunu yenidən aktivləşdirməyə və danışıqlar prosesinə cəlb etməyə çalışır. Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 5-də ABŞ-a işgüzar səfərə getməsi də bunu təsdiq edir desək, yəqin ki, yanılmarıq.

"Qarabağdakı separatçıların "xarici işlər naziri" David Babayanın Konqresdə "görüşləri" ermənilərin əleyhinə işləyəcək" 

Beləliklə, mövzuya təxminən, eyni mövqedən yanaşan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirib ki, ermənipərəst konqresmenlər tərəfindən Vaşinqtona dəvət alan Qarabağdakı separatçıların "xarici işlər naziri" David Babayanın Konqresdə "görüşləri" ermənilərin əleyhinə işləyəcək: "Separatçılar 20 ildən artıq ki, Vaşinqtona müxtəlif tədbirlərə dəvət alırlar və bu səfərlərin təşkilini Amerika Erməni Assambleyası həyata keçirir. Əgər 20 il ərzində nəyisə dəyişə bilmədilərsə, məğlub kimi bundan sonra heç nə edə bilməyəcəklər. Bu kimi səfərlər onların Qarabağdan tam çıxarılması ilə nəticələnəcək. Azərbaycanın yüksək standartlarla çəkdiyi yolla silah və hərbi yardımlar almaqla separatçılığı davam etdirmək onlar üçün baha başa gəlməlidir. Bu yol Ermənistanın növbəti təxribatlarına və separatçıların fəaliyyətinə xidmət etməməlidir. Prezident İlham Əliyev bu kimi avantüraların qarşısını alacaq".

Proseslərin Ermənistanın və Qarabağdakı separatçıların əleyhinə işlədiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, onlar dörd tərəfdən ordumuzun mühasirəsi və müşahidəsi altında ya Azərbaycana tabe olacaqlar, ya çıxıb gedəcəklər: "Əks halda, onların bu torpaqlarda yaşamaq haqları tanınmayacaq. Ermənistan rəhbərliyinin irəli sürdüyü "status" məsələsinə gəldikdə, bu məsələ Avropa İttifaqının vasitəçiliyinin gündəliyində deyil. Ermənistan hakimiyyəti sülh danışıqlarında maraqlı olsa da, cəmiyyət Azərbaycanla sülhə hazır deyil. Ona görə də bəzən Nikol Paşinyan revanşist erməni cəmiyyətinin "arzularını" ifadə edir. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, hazırda Rusiyadan növbəti dəfə Qarabağda yeni problem körükləmək cəhdləri müşahidə edilir. Belə ki, rusiyalı erməni milyarder Ruben Vardanyanın Qarabağda məskunlaşması, məhz Kremlin yeni avantürası kimi dəyərləndirilməlidir. Burada əsas məqsəd sülh prosesini pozmaq və gərginliyi günədəmdə saxlamaqdan ibarətdir. Lakin bu kimi addımlar belə, Rusiyanın planlarının reallaşmasına gətirib çıxarmayacaq".

"Azərbaycan artıq ABŞ-ın vasitəçiliyini qəbul etməməli, prosesi Brüsselin iştirakı ilə aparmalıdır"

Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında ədalətli vasitəçi ola bilməz: "30 il ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin həllində diplomatik danışıqlar ona görə müsbət nəticə vermədi ki, hər üç həmsədr erməni mövqeyindən çıxış edirdi. Odur ki, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçiliyi ən uğurlu format sayıla bilər. Çünki Brüssel formatdan həm Bakı, həm də İrəvan razıdır. Azərbaycan və Ermənistan arasında Rusiya və ABŞ-ın ayrı-ayrı formada vasitəçiliyi sülhə deyil, problemin qalmasına xidmət edir. Xüsusilə, ABŞ-ın 30 il ərzində mövqeyi demək olar ki, münaqişənin həllinə heç bir müsbət töhfə vermədi. Hazırda Brüsselin real vasitəçiliyinin davam etdiyi bir prosesdə Vaşinqtonun Minsk qrupunun fəaliyyətini qabartması erməni lobbisinin təsirinin nəticəsidir. Odur ki, ABŞ Azərbaycanla Ermənistan arasında real sülhə töhfə verə bilməz və Vaşinqtonun vasitəçilik missiyası yalnız münaqişənin körüklənməsinə xidmət edə bilər. Çünki ABŞ siyasətində erməni lobbsinin güclü təsiri var. Bu siyasət 30 il ərzində dəyişməyibsə, bundan sonra da dəyişməyəcək. Bu səbəbdən də Azərbaycan artıq ABŞ-ın vasitəçiliyini qəbul etməməli, prosesi Brüsselin iştirakı ilə aparmalıdır".

"Ümid edək ki, payızda ara parlament seçkilərində respublikaçılar revanş alarlar, əks təqdirdə, demokratların Qafqazdakı sülhə xələl gətirmə ehtimalı kifayət qədərdir" 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə bu qənaətdədir ki, Qarabağdakı separatçıların "xarici işlər naziri" David Babayanın ABŞ-a səfəri və Konqresdə çıxışı Demokratların əsl simasının göstəricisidir: "Separatçı qurumun xarici işlər naziri David Babayanın Konqresə ayaq basması ABŞ-ın Donbas Xalq Respublikası, Luqansk Xalq Respublikası, Abxaziya Respublikası, Osetiya, Dnestryanı kimi separatçılarla Qarabağdakı separatçılara eyni yanaşmanın olmaması deməkdir. Təəcüblənmirik, çünki 30 ildir ki, bu demokratlar qrupu Azərbaycana qarşı ən çirkin qərarların başında durublar. 1980-ci illərin sonunda Bayden, Kerri, Pelosi və qrupun digər üzvləri... Təsəvvür edin, düşmənləri olan SSRİ xarici işlər nazirliyinə, Şevarnadzeyə və digərlərinə məktublar yazaraq, ermənilərin Azərbaycan SSR-nin tərkibində yaşaya bilmədiklərinin, onlara qayğının artırılmasının vacibliyinə toxunur, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxarılaraq müstəqil respublika olmasının vacibliyini qeyd edirdilər. Bu, həyasızlığın ən bariz nümunəsi idi. İndi, 44 günlük müharibədən sonra Qarabağın müstəqil deyil, məhz Azərbaycanın tərkib hissəsi olması ilə necə barışa bilərlər? Axı, 30 il əvvəl elə özləri "Qarabağ Azərbaycanın tərkibində qala bilməz" şüarları ilə aləmə car yayırdılar. Ümid edək ki, payızda ara parlament seçkilərində respublikaçılar revanş alarlar. Əks təqdirdə, bu qrupun Qafqazdakı sülhə xələl gətirmə ehtimalı kifayət qədərdir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067033