Saat:20:47
Haqqımızda

“Erməni kəşfiyyatının məqsədi sakitcə Azərbaycan ərazisinə sızıb...” - Zəngilanda nə baş verir?

2023-05-27 13:12:00

“Erməni kəşfiyyatının məqsədi sakitcə Azərbaycan ərazisinə sızıb...” - Zəngilanda nə baş verir?

“Ermənilər öz ənənələrinə həmişə sadiq olublar, bu dəfə də eyni cür davrandılar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, mayın 26-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki erməni təxribatından söz açıb.

Xatırladaq ki, məlum təxribatda 2 erməni diversantı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Öz növbəsində, Ü.Cəfərov xatırladıb ki, Moskvada keçirilən o mənasız görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan srağagün dediklərini ondan bir gün keçməmiş başqa bir interpretasiyada təqdim etdi, ona görə də bu, gözlənilən idi.

“O ki qaldı bunların diversiya hərəkətlərinə, ermənilər həmişə belə diversiyaları həyata keçiriblər. Onlar bu dəfə də cəhd etsələr də, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ayıq-sayıqlığı nəticəsində bu diversiya qrup aşkar edilib. Onlardan bir qrupu qaça bilsə də, 2 diversant yaxalanıb. Onlar, yəqin ki, müvafiq qurumlar tərəfindən dindirilib müəyyən məlumatlar alınacaq”, - o, əlavə edib. 

Polkovnikə görə, sərhəddə ayıq-sayıqlıq hər zaman yüksək səviyyədə olub:

“Mayın 26-da da ermənilər dövlət sərhədinin Zəngilan rayonundan keçən hissəsi istiqamətində təxribat həyata keçirmək istəyiblər. Lakin DSX o istiqamətdə dövlət sərhədini qoruyur və sərhəd-döyüş məntəqəsi orada fəaliyyətdə göstərir. Ona görə də hərbçilərimiz bu təxribatları gözləyirlər”.

Onun fikrincə, DSX-nın komandanlığı bununla bağlı sərhədçilərə müəyyən göstərişlər veriblər ki, ola bilsin, düşmən fikirləşsin ki, A nöqtəsində boşluq var, amma A nöqtəsi sərhəd-döyüş məntəqəsi tərəfindən ciddi nəzarətdədir:

“Görünür, bu dəfə də fikirləşiblər ki, diversiya qrupunu həmin nöqtədən Azərbaycan ərazilərinə sızdırsınlar. Həm də o bölgə mürəkkəb relyefə malik – dağlıq-dağətəyi yer olduğuna görə onlar bundan istifadə ediblər. Amma Azərbaycan ordusu və DSX bütün bu məsələləri bilib”.

“O ki qaldı ermənilərə, onlar hansısa bir açıq döyüşlə dövlət sərhədini yarıb keçməyə cəhd göstərməyiblər. Sadəcə, astaca və gizlincə ərazilərimizə sızmaq istəyiblər ki, sonda da onlar saxlanılıb. Bu təxribatlar Moskva görüşündən öncə də var idi, indi də var, sonra da olacaq. Prinsip etibarilə, həm DSX, həm də Müdafiə Nazirliyi bu barədə müəyyən təlimatları alıblar və özləri də bilirlər ki, bu diversiya qrupları bundan sonra da fəaliyyət göstərəcək. Yəni ermənilərin həm kəşfiyyat, həm də ki, onların xüsusi hazırlanmış hərbçiləri var ki, Azərbaycan ərazisinə sızaraq, Azərbaycan Ordusuna zərbələr və infrastruktura xətər yetirmək üçün zaman-zaman belə fəaliyyət göstəriblər və bundan sonra da göstərəcəklər”, – hərbi ekspert fikirlərini tamamlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR