Saat:12:21
Haqqımızda

Erməni diversantların əvəzinə mina xəritələri...

2021-12-07 12:00:00

Erməni diversantların əvəzinə mina xəritələri...

Düşmənin təqdim etdiyi xəritələr yararsız çıxdıqdan sonra, Rəsmi Bakının yenidən eyni qərarı verməsi nə ilə bağlıdır?

Taliyət Əliyev: “Şübhələr var ki, Azərbaycan hər hansı təzyiqin müqabilində sözügedən əsirləri qarşı tərəfə təhvil verib”

Rahib Qərib: “10 nəfəri təhvil verib, əvəzində min nəfərin həyatını xilas edəcəyiksə, bu yalnız alqışlana bilər, amma...”

Turan Rzayev: “Rəsmi Bakı bu addımı ilə bir daha göstərdi ki, onun  niyyəti heç də erməniləri əbədi olaraq əlində saxlamaq deyil...”

Məlum olduğu kimi, 2021-ci ilin 4 dekabrında Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Eyni zamanda, aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

DTX-nin məlumatında həmçinin mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkür  bildirilib.

Xatırladaq ki, bir neçə ay öncə də tərəflər arasında belə bir mübadilə həyata keçirilmişdi. O zaman Azərbaycan prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində bildirmişdi ki, “Ermənistanın Azərbaycana təqdim etdiyi  mina xəritələri 75 faiz, onun havadarlarının diqtəsi ilə yeritdiyi siyasət isə 100 faiz  saxta, yanlış və həmin mina xəritələri kimi yaşadığımız region üçün çox təhlükəlidir”. Hansı ki, Rusiya da bundan istifadə edərək “sülhməramlı”adı altında Azərbaycan ərazilərində yerləşdirlmiş hərbi kontingentin  burda qalma müddənin 5 il illə məhdudlaşmamasına və həm Ermənistana, həm də Azərbaycana təsir və təzyiq rıçaqlarını davamlı olaraq gücləndirməyə və genişləndirməyə  çalışır. Lakin Rusiyanın dünyanın digər regionlarından çıxma məcbiriyyəti tarixinin məntiqinin Cənubi Qafqaz bölgəsinə də gəlib çıxacağı labüd bir tarixi reallıqdır.

Belə olan təqdirdə, Ermənistanın bu dəfə də bizə saxta xəritələr vermədiyinə nə dərəcədə inanmaq olar? Bu suala cavab tapmaq üçün mütəxəssislərə müraciət etmişik.

“Bu, Azərbaycan hökuməti üçün olduqca mənfi haldır...”

ADP sədrinin müavini Taliyət Əliyev:

Нет описания фото.

“Bundan əvvəl də Azərbaycan tərəfi mina xəritələrinin qarşılığında  erməni təxribatçılarını öz ölkələrinə  təhvil vermişdi. Amma yəqin xatırlayırsınız, Azərbayan prezidentinin özü bəyan etdi ki, erməni tərəfinin verdiyi xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir, yəni 75 faizi saxtadır. Bir neçə gün əvvəl Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin verdiyi rəsmi məlumatda isə deyilirdi ki,  humanizm prinsipləri əsas götürülərək, 10 erməni əsiri  qarşı tərəfə təhvil verildi, bunun müqabilində isə Ermənistan Azərbaycana mina xəritələrini təqdim etdi və bu proses Rusiya tərəfinin vasitəçiliyi ilə həyata keçirildi. Amma xəritələrin hansı ərazilər üzrə verilməsinə dair rəsmi məlumat hələ ki, açıqlanmayıb. Bu da istər-istəməz cəmiyyətdə müəyyən suallar yaradır. Bilirsiniz ki, 10 noyabr  bəyanatından üzü bəri Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən bütün danışıqlar, razılaşmalar tam yerinə yetirilməyib. Bu üzdən şübhələr var ki, Azərbaycan hər hansı təzyiqin müqabilində sözügedən əsirləri qarşı tərəfə təhvil verib. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı ictimaiyyətə açıq davranmalıdır, yəni bu işdə şəffaflıq olmalıdır. Şəffaflıq olmasa, istər-istəməz cəmiyyətdə suallar, şübhələr yaranacaq. Nə qədər və hansı rayonların xəritələri təqdim olunub, onların səhihliyi yoxlanılıb, ya yoxlanılmayıb, bütün bunlar cəmiyyətə açıq şəkildə bildirilməlidir. Amma təəssüf ki, Azərbaycan hökuməti bununla bağlı cəmiyyətə heç bir açıqlama vermir. Ümumiyyətlə, Dağlıq Qarabağla bağlı razılaşmaların yerinə yetirilməsi, aparılan danışıqlar - bütün bu mövzularla bağlı informasiyanı əsasən Ermənistan mətbuatından almaq məcburiyyətində qalmışıq. Azərbaycan mətbuatında rəsmi məlumatlarla bağlı sanki xəbər qıtlığı yaşanır. Ermənistan tərəfi isə əksinə aparılan bütün danışıqlarla bağlı öz ictimaiyyətinə vaxtaşırı məlumat verir. O üzdən Azərbaycan junalistləri sözügedən aktual mövzular haqda məlumat almaq üçün üzünü Rusiya və Ermənistan mətbuatına tutur. Bu isə Azərbaycan hökuməti üçün olduqca mənfi haldır. Çünki idarəçilikdə hesabatlılığın, şəffaflığın olmaması bütün sahələrdə neqativ hallar yaradır, cəmiyyətdə narazılıqların meydana gəlməsinə səbəb olur.

Bununla bağlı həm partiya olaraq, həm də bir siyasətçi kimi fərdi qaydada Azərbaycan hökumətinə dəfələrlə çağırışlarımız olub. Təəssüflə qeyd edirəm ki,  Dağlıq Qarabağla bağlı danışıq və razılaşmalara, mina xəritələrinə, azad olunmuş torpaqlarda aparılan bərpa işləri ilə bağlı həyata keçirilən layihələrə, həmin layihələrdə iştirak edən xarici şirkətlərin iştirakına, tenderlərin keçirilib keçirilməməsinə dair heç bir hesabatlılıq yoxdur. Bəs nəticədə nə olur? Nəticədə bütün bu problemlərə görə Azərbaycan cəmiyyəti əziyyət çəkməli olur”.

“Saqqallı Monte Melkonyanla dəstəsinin basdırdığı minaların yerini Paşinyan hardan bilsin?”

Hərbi jurnalist Rahib Qərib:

        

“Mən, ümumiyyətlə, ermənilərlə hər hansı danışıqlara girməyi, onlara zərrə qədər etibar etməyi düzgün hesab etmirəm. Hətta basdırılmış minaları gözümlə görsəm, erməni tərəfinin təqdim etdiyi xəritələrin dəqiq olduğu sübuta yetsə belə, yenə də bu işdə bir hiylə, qurğu olduğunu düşünəcəyəm. Əsirlərin xəritələrlə mübadiləsi əslində müsbət addımdır. O mənada ki, hər mina bir, yaxud bir neçə insanın həyatı deməkdir. Azad olunmuş ərazilərdə isə minlərlə mina var. 10 nəfəri təhvil verib, əvəzində min nəfərin həyatını xilas edəcəyiksə, bu yalnız alqışlana bilər. Amma dürüstlük olsa. Erməniyə isə “dürüst” sözünün heç bir aidiyyatı ola bilməz. Ümumiyyətlə, onların mina xəritələrini cızmalarına şübhə edirəm. Götürək 1-ci Qarabağ savaşını. O vaxt minalar  necə, harda, kimlər tərəfindən basdırılıb, bunu dəqiq bilmək olarmı? Saqqallı Monte Melkonyanla dəstəsinin basdırdığı minaların yerini Paşinyan hardan bilsin? Yaxud yüzlərlə, minlərlə terrorçunun basdırdığı minaların yerini Sarkisyan hardan bilsin? Hələ ən düzənli işləyən Azərbaycan tərəfidir, bizim tərəfdə belə, bəzi minaların yerini  bilmirik. Çünki ölkənin müqəddəratı Surət, Əlikram, Nəcməddin kimi satqınlara tapşırıldığı vaxtlarda müxtəlif ərazilərdə çoxlu sayda minalar basdırıb. Biz həmin minaları necə tapa bilərik? Mən sözügedən prosesin aparılmasına gülürəm, ağlayıram, acıyıram. Hesab edirəm ki, bu ayıb bir şeydir. Diversantları mina xəritələri ilə dəyişdirmək mənasız işdir. Əvəzində mina təmizləmə əməliyyatları aparılmalı, ciddi işlər görülməlidir. Bunun üçün peşəkar texnika var. Mən silah sərgilərində həmin texnikanı ardıcıl olaraq izləmişəm və ANAMA-nın fəaliyyəti haqda sənədli film çəkib, ANS-də nümayiş etdirmişəm. Distant idarə olunan maşınlar  var, onlardan istifadə etdikdə ümumiyyətlə insan tələfatı olmur. Minaları müxtəlif yollarla təmizləməyə qadir müxtəlif qurğular mövcuddur, onları satın alıb  minaları təmizləməliyik. Torpaqlarımız qarış-qarış, addım-addım minalardan təmzlənməlidir ki, soydaşlarımız dədə-baba yurdlarına köçüb, orada rahat yaşaya bilsin. Bu məsələnin başqa yolu yoxdur”.

“Əgər bu xəritələrlə də bağlı problem yaşansa...”

Politoloq Turan Rzayev:

Возможно, это изображение (один или несколько человек, люди сидят, люди стоят, в помещении и текст «QRAF AXAR Operativ TELEQRA LİKA z xobor TELE AR v xeber PUBLİKA asilosiz xoba PUPI Fa XAR xeber QRAF LİK IZV b:»)

“Əvvəla, qeyd etmək lazımdır ki, bundan əvvəl verilən xəritələrlə bağlı üzləşdiyimiz xoşagəlməz hallar istər-istəməz erməni tərəfinin bu məsələdə nə dərəcədə səmimi olduğunu sual altına alır. Amma sözügedən xəritələrin 100-də 50-i faizi düz çıxsa belə, biz bu  xəritələri almalıyıq. Məsələ ondadır ki, bu xəritələrin gecikməsi azad olunmuş ərazilərdə bərpa işlərini, eləcə də böyük qayıdış prosesini ləngidir. Bu isə heç bir halda rəsmi Bakının maraqlarına uyğun deyil. Bununla belə, saxta xəritələrin də qarşısı alınmalıdır və Azərbaycan tərəfi öz haqlı etirazını həm Kremlə, həm də rəsmi İrəvana nota formasında təqdim etməlidir. Zənnimcə, indi alınan xəritələrdə saxtakarlıq halları aşkar edilsə, növbəti mərhələdə ermənilər artıq bizdə olan diversantları (onlara hərbi əsir adı verilsə də, əslində diversant olduqları heç kəs üçün sirr deyil-red.), kimlərinsə vasitəçiliyi, yaxud üçüncü tərəfin müdaxiləsi ilə  geri ala bilməyəcəklər. Düşünürəm ki, bundan sonra  Paşinyan hakimiyyəti daha ciddi təzyiqlərə məruz qalacaq.

Ümimilikdə xəritələrin indiki halda geri qaytarılmasına gəldikdə isə, demək olar ki, Brüssel görüşü öncəsi tərəflərin belə bir addım atması birinin digəri üzərində müəyyən üstünlük qazanmaq istəyi kimi də qiymətləndirilə bilər. Rəsmi Bakı bu addımı ilə bir daha göstərdi ki, onun  niyyəti heç də erməniləri əbədi olaraq əlində saxlamaq deyil, sadəcə bu şəxslər Ermənistanın atdığı qeyri-konstruktiv addımlara cavab olaraq hazırda Azərbaycanda saxlanılır. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə, onların Azərbaycanda saxlanılmasında heç bir qeyri-qanuni əməl yoxdur. Əgər rəsmi Bakı indiki halda bu şəxsləri öz ölkələrinə qaytarırsa, qarşı tərəf olan Ermənistandan da anoloji addım atmağı tələb edir. Hər halda Brüssel görüşünə qədər xəritələrin nə dərəcədə səhih olub-olmadığı müəyyənləşəcək. Əgər bu xəritələrlə də bağlı problem yaşansa, Azərbaycan tərəfi yüksəl səviyyəli Brüssel görüşündə Avropa dairələrinə də bu barədə məlumat verəcək. Deyiləcək ki, baxın, beynəlxalq hüquqa görə diversantları qarşı tərəfə verməyə borclu olmasaq da, sözümüzü tutub onları Ermənistana təhvil verdik, amma Ermənistanın bizə verdiyi xəritələrdə yenə yanlış koordinatlar qeyd edilib. Yəni Brüssel görüşü öncəsi bu, rəsmi Bakının atdığı doğru bir addımdır. Ermənistan tərəfinin təqdim etdiyi xəritələrdə hər hansı qeyri-dəqiqlik aşkarlansa, bu, onun sülh prosesinə qeyri-konstruktiv yanaşmasını bir daha sübuta yetirəcək və Bakının əlini gücləndirəcək”.

RUNA

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR