Saat:18:28
Haqqımızda

Ərdoğanın Şuşa səfərindən sonra etdiyi anons - Putinlə görüş niyə ləngiyir?

2021-07-24 10:29:00

Ərdoğanın Şuşa səfərindən sonra etdiyi anons - Putinlə görüş niyə ləngiyir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ayın ortalarında Bakıdan qayıtdıqdan sonra demişdi ki, tezliklə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onun açıqlamasının üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, indiyədək görüş barədə bir xəbər yoxdur.

Ərdoğanla Putinin “saat əqrəblərini tutuşdurması”nı zəruri edən isə indi həm də Qərbin, özəlliklə Fransanın Qarabağ mövzusu ətrafında fəallaşması, Ermənistandan “peşka” kimi istifadə edib regiona “arxa qapıdan” girmək istəməsidir.

Bəs iki liderin görüşü tezliklə reallaşa və bölgədəki duruma hansı pozitiv təsirləri göstərə bilər?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu sual ətrafında bəzi məsələlərə diqqət çəkdi: “Bir şeyi bilməliyik ki, regional səviyyədə ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklərdən əsas birini qeyd etsəm, bu ABŞ və Rusiya prezidentlərinin görüşüdür. Digər tərəfdən biz görürük ki, Rusiya üçün əhəmiyyətli olan ”Şimal axını" layihəsində ciddi dəyişikliklər baş verir. Eyni zamanda biz onun da şahidi oluruq ki, Rusiya-Qərb münasibətlərində hansısa dəyişikliklər yaşanır. Rusiya-Türkiyə münasibətlərində görürük ki, Türkiyə-Qərb, Rusiya-Qərb münasibətləri regional siyasətdə iki dövlətin bir-birinə yaxınlaşmasını təmin edir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Bu görüşdən qabaq tərəflər real imkanlarını daha da dəqiqləşdirib...”

Türkiyə-Qərb münasibətləri ilə bağlı bir nüansı da qeyd edim ki, Brüsseldə NATO sammiti çərçivəsində gördük ki, bu münasibətlər yaxşılaşmağa doğru gedir. Putin-Bayden görüşündən sonra bizə bəzi məqamlar deməyə əsaslar verir ki, orada hansısa razılaşma əldə olunub. Bölgəyə gəldikcə bilməliyik ki, bu iki proses Türkiyə-Rusiya tandeminə də öz təsirini göstərir. Dəfələrlə qeyd etmişəm ki, oradakı tərəfdaşlıq çox maraqlı bir xüsusiyyətə malikdir. Rəqabətlə yanaşı, orada hansısa məsələlərin kompromis səviyyədə təmin olunması təcrübəsi mövcud idi. Biz görürük ki, Qərb faktorundan həm Rusiya Türkiyəyə qarşı istifadə edir, həm də Türkiyə eyni ilə bu faktordan Rusiyaya qarşı yararlanmağa çalışır. Biz prosesə böyük bir məsələnin konteksində baxmalıyıq. Dediyiniz Ərdoğan-Putin görüşünün anonsu Şuşada verilib. Bəlkə bu görüşdən qabaq tərəflər real imkanlarını daha da dəqiqləşdirib, bu vəziyyətdə görüşə gəlmək istəyirlər".

azer.JPG (24 KB)

Azər Hüseynov: “Buna xüsusilə Rusiyanın ehtiyacı var”

Politoloq Azər Hüseynov görüşə Rusiyanın ehtiyacının olduğunu düşünür: “Zənn edirəm ki, Putin Ərdoğanla görüşməlidir. Nə üçün? Buna xüsusilə Rusiyanın ehtiyacı var. Rusiya maraqlarının Cənubi Qafqazda nəzərə alınmasının bir yolu var. Bu da Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdır. Paşinyan onsuz da bir gün ”Merinin uşaqlarına" qoşulmaq arzusu ilə alışıb yanır. Çünki narıncı layihənin sonuncu adamıdır. Layihənin tamamlanması üçün ruslarla “boşanmaq” lazımdır. Ruslar da, əlbəttə, istəyirlər ki, Cənubi Qafqazda tək inhisar olsunlar. Amma bu mümkün deyil. Çünki buna resursları yoxdur. Ona görə bölgədə “urvatlı qalmaq” siyasəti üzərində işləyirlər. Bu Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq, Ermənistanda isə təzyiq edən müxalifət kimi qalmaqdır. İkinci bizim üçün də uyğun deyil. Amma hələ ki, Ermənistanda rusyönlü hakimiyyət aşağı yuxarı 15-20 il çətin olar. Biz hadisələri nəzarətdə saxlamalıyıq. Ona görə Ərdoğan və Putin birgə işləməlidir. Bu qarşılıqlı sevgidən deyil, keçici maraqlardan doğur.

Bu regiona nə verəcək? İlk öncə Azərbaycana milli dövləti gücləndirmək imkanı verəcək. Amma bir şərtlə, ruslar maddi və maliyyə proyektlərində iştirak edəcək, burada kolon şəbəkəsi qurmayacaqlar. Gürcüstan və Ermənistan da anlamalıdır ki, “narıncı” maraqları deyil, xalqı qorumaq lazımdır. Biz də iqtisadi prosesi tez gücləndirməliyik ki, hər bir vətəndaş qalib olmanı sosial rifahında hiss etsin".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR