Ərdoğan yanan əraziləri fəlakət zonası elan elədi
Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kütləvi meşə yanğınlarından zərər çəkmiş bölgələri fəlakət zonası elan edib.
Ərdoğan öz rəsmi “Tvitter” səhifəsində yazıb: “Meşə yanğınlarından zərər çəkmiş regionlarımızı fəlakət zonası elan eləmişik. Millətimizin yaralarını sarımaq, düşdüyü zərərin əvəzini ödəmək üçün lazım gələn bütün addımları atmağa davam edəcəyik”.
Adana, Antalya, Muğla, Mərsin və Osmaniyye əyalətlərindəki yanğına məruz qalan rayonlar fəlakət zonasına daxildirlər. Hazırda ölkədə 98 meşə yanğınından 88-i lokallaşdırılıb. Antalyada 3, Mərsində 3, Muğlada 2, Adanada və Osmaniyyedə 1 yanğın hələ də söndürülməyib.
Türkiyənin cənubundakı yanğınlar çərşənbə günü başlayıb və qısa müddət ərzində bir neçə regionda yayılıb. Dörd nəfər həlak olub, 183 nəfər zərər çəkib. Yüzlərlə hektar ərazidə dağ meşələri və zeytun bağları yanıb. Eyni vaxtda baş vermiş yanğınların səbəbləri araşdırılır.