Ərdoğan ilə Əsəd arasında görüş baş tuta bilər?

2022-08-23 20:15:00

Ərdoğan ilə Əsəd arasında görüş baş tuta bilər?

Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır. Kremlin son zamanlar bu məsələyə daha çox fokslanmasında bir digər səbəb də şübhəsiz rəsmi Ankaranın İsrail və ərəb ölkələri ilə buzları əritmə, münasibətləri normallaşdırma səylərindən irəli gəlir. Rusiya da öz növbəsində dəstəklədiyi Əsəd ilə Türkiyə arasında münasibətlərin normallaşmasına çalışır. Hətta Putin tərəflərə müzakirələr aparmaq üçün görüş təklifi belə edib.

Ankaranın mövqeyi

Məsələyə Türkiyə tərəfinin yanaşması “hələlik” müsbət olmasa da əvvəlki illərə nəzərən sərt və birmənalı da deyil. Misal üçün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə başçısının görüşünə dair sualları cavablandırarkən deyib ki, “hazırda belə bir görüşdən söhbət belə gedə bilməz”. Bununla belə Çavuşoğlu qeyd edib ki, “iki ölkənin xüsusi xidmət orqanları vasitəsilə danışıqlar başlanılıb”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ritorikasında Suriya ilə bağlı yumşalma hiss olunur. Belə ki o, son açıqlamaların birində açıqca qeyd etdi ki, "Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”. Halbuki Ərdoğana bir neçə il öncə istər Əsədlə, istərsə də ölkəsinin Suriya ilə bağlı mövqeyində kifayət qədər sərt və təhdidkar ritorikaya üstünlük verirdi.

Göründüyü kimi, münasibətlərin normallaşmasında rəsmi Ankara üzdə istəksiz görünsə də əslində bunda maraqlıdır.

Dəyişən şərtlər

Aydın məsələdir ki, öncəki illərdən fərqli olaraq dünya geosiyasətində kifayət qədər dəyişikliklər baş verib. Bunu Türkiyə də başa düşür və dəyişən şərtlər ilə ayaqlaşmağa çalışır. Digər bir faktor isə Türkiyədə qarşıdan gələn 2023-cü il prezident seçkiləridir. Türkiyə prezidenti daxildə eloktoratlarını itirdiyinin fərqindədir. Məhz buna görə seçki öncəsi ölkələr ilə gərginlikləri minimuma endirib münasibətləri normallaşdırmağa üstünlük verir. İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir ilə münasibətlərin normallaşması, Ermənistan ilə sərhədlərin açılması, Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyası və s. buna misal ola bilər. Bütün bunların fonunda rəsmi Ankaranın Suriya ilə də münasibətləri normallaşdırması mümkündür.

Ərdoğan Əsədlə Səmərqənddə bir araya gələ bilər!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində görüşə bilərlər. Məsələ ondadır ki, Rusiya Prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Putin, həmçinin Əsəddən də bu görüşdə iştirak etməsini istəyib.

Hələlik nə Ərdoğan, nə də Əsədin görüşdə iştirak edib-etməyəcəyi bəlli olmasa da bunun baş tutması belə tərəflər arasında ikli görüşün olacağı mənasına gəlmir.

Mümkündür ki, Ərdoğan ilə Əsəd arasında ilkin olaraq telefon danışığı baş tutsun. Bu daha real bir versiyadır. Hesab edirəm Ərdoğan Əsədlə görüşmədən öncə həm daxili auditoriyanı, həm də müxalifəti bu görüşə hazırlamalıdır. Təsadüfi deyil ki, Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçəkin Suriyaya səfər edəcəyi və Prezident Bəşər Əsədlə görüşməsi gözlənilir.

Perinçəkin Suriyaya səfər etməsi və Əsədlə görüşməsi diqqət çəkir. Belə ki, Ərdoğanın bir müddət öncə çıxışlarının birində “Mən həmişə deyirəm, demokratiyanın ən mühüm xüsusiyyətlərindən biri güclü müxalifətdir. Təbii ki, bizim güclü müxalifətimiz yoxdur. Problem buradadır. Yəni Suriyada baş verənlərdən xəbərləri yoxdur” sözlərini deməsidir. Ərdoğanın bu sözlərindən qısa müddət sonra Perinçəkin Suriyaya səfər etməsi bir daha onun Əsədlə görüş öncəsi müxalifəti bu görüşə hazırladığından xəbər verir.

Nəticə etiabrilə 2023-cü il seçkiləri öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüşün keçirilməsi mümkündür. Görüş öncəsi isə tərəflər arasında telefon danışıqlarının olması zəruridir.

 

Müəllif: Politoloq Turan Rzayev

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.078582