Ərdoğan İƏT ölkələrini Fələstin və Çin müsəlmanlarının maraqlarını müdafiə eləməyə çağırıb

2021-11-24 14:55:00

Ərdoğan İƏT ölkələrini Fələstin və Çin müsəlmanlarının maraqlarını müdafiə eləməyə çağırıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 37-ci  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclasının iştirakçılarına videomüraciət edərək, İƏT ölkələrini Fələstinin və Çin Xalq Respublikasındakı müsəlmanların maraqlarını müdafiə eləməyə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası 24 noyabr tarixində İstanbul şəhərində öz işinə başlayıb. 

Ərdoğan qeyd edib ki, islam ölkələri İsrailin Fələstinin işğal edilmiş torpaqlarına apardığı qeyri-qanuni siyasətinin qarşısını almaq üçün fəal addımlar atmalıdırlar: “Biz İsrailin işğal etdiyi Şərqi Qüdsdə və İordan çayının qərb sahilində sakinlərin əmlaklarını müsadirə etmək, qanunsuz yerləşdirmə, məcburi köçürülmə, dağıntı siyasətinə “dur” deməliyik”.

Türkiyə Prezidenti Çindəki azlıqların da vəziyyəti məsələsinə toxunub: “Türkiyə ÇXR-dəki müsəlman azlıqların, o cümlədən Sincan-Uyğur Muxtar Rayonundakı uyğur türklərinin də vəziyyətini diqqətlə izləyir”.

Ərdoğan Əfqanıstandakı vəziyyətdən də danışıb: “40 ildir ki, əfqan xalqı silahlı münaqişələr, terrorçuluq və işğal atmosferində yaşayır. İƏT ölkələri Əfqanıstana humanitar yardımlar göndərməlidirlər”. 

Hürr Tərcüman