Saat:02:06
Haqqımızda

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

2021-07-23 11:23:00

Ərazi itkilərimizin səbəbləri və tarixi gerçəklər

1920-ci ilin ünvan təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi – 113 895,97 kv kilometr olub…

AR Konstitusiyasından:

I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

III. AR-nın ərazisi özgəninkiləşdirilə bilməz. AR öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir, yalnız AR Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər (maddə 11. I, III).

AR-nın prezidenti seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: AR prezidentinin səlahiyyətlərini həyata keçirərkən AR Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm (maddə 103).

1920-ci ilin ünvan təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi – 113 895,97 kv kilometr olub.

Azərbaycan Sovet Ensiklopediyasına görə Azərbaycan SSR 1920-ci il 28 apreldə yaradılmışdır. 1936-cı il dekabrın 5-dən müstəqil müttəfiq respublikadır.

1 yanvar 1976-cı ilə görə:

Sahəsi – 86,6 min kv.km;

Əhalisi – 5.689 min nəfər olmuşdur.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də təşkil edilmişdir.

Sahəsi – 4,4 min kv.km

Əhalisi – 156 min nəfər (1 yanvar 1977-ci il)

olmuşdur.

Kremlin ssenarisi əsasında baş tutmuş Dağlıq Qarabağ münaqişəsi sonradan yenə də Kremlin dəstəyi ilə Azərbaycan Respublikasının rayonları erməni separatçıları tərəfindən işğal olunmuşdur. İşğal olunmuş rayonların ərazisi – 9.954 min kv.km, DQMV-nin ərazisi ilə birlikdə – 14.35 min kv.km təşkil edir. Bu ərazi AR-nın 29 oktyabr 1993-cü il təqviminə olan ərazinin 16,6%-ni təşkil edir.

Bununla yanaşı, işğal zamanı 3118 nəfər mülki əhali ölmüş, 3382 nəfər əlil olmuş və Xocalı və Füzuli rayonlarının kəndləri istisna olmaqla, 613 kənd işğala məruz qalmışdır. 29 may 1918-ci ildə Azərbaycan Parlamenti (Milli Şura) Atlanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqqında qərar qəbul etmişdir.

01 dekabr 1920-ci ildən 29 dekabr 1993-cü ilədək Kremlin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan Respublikasının 1918-ci ilə olan 113.895,97 kv. km ərazisi, 1976-cı ilə 86,6 min kv.km, yəni 27,3 kv.km azalmış və 1994-cü ildə isə daha 14,35 min kv.km azalaraq 72,25 min kv.km olmuşdur.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan bütün beynəlxalq təşkilatlara və dünya dövlətlərinə bu münaqişə barədə məlumat vermişdir.

1992-ci ilin martında Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilmişdir. Bundan sonra AR-ı münaqişə ilə əlaqədar BMT-na müraciət edərək Ermənistanın təcavüzkar hərəkətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağa çağırdı. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. Baş katib isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi.

1992-ci ildə (Ali Baş Komandan ölkə prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov) Şuşanın işğalı Azərbaycanı yenidən BMT-na müraciət etmək məcburiyyətində qoydu.

1992-ci il may ayının 12-də BMT-nin TŞ-ı Dağlıq Qarabağ problemini müzakirə edərək DQ-da vəziyyətin pisləşməsindən narahatlıq ifadə etməklə, məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyini bildirdi. 1992-ci ilin aprelində Kəlbəcər rayonu işğal olundu. Bununla əlaqədar BMT TŞ-ı 30 aprel 1993-cü il tarixli, 822 saylı qətnaməsini qəbul etdi.

Qətnamədə: möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılması, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın bu yaxınlarda işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilir;

- münaqişənin ATƏM-in Minsk qrupunun sülh proses çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;

- mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edirdi.

BMT TŞ-nin 29 iyul 1993-cü il tarixli 853 saylı Qətnaməsində (Ali Baş Komandan H.Ə.Əliyev) bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi: Şuşa, Laçın, Kəlbəcər (qətnamədə Xocalı rayonun adı çəkilmir) Azərbaycan torpaqlarından çəkilməsini, 822 nömrəli qətnaməyə əməl edilməsi tələb olunurdu. Qətnamədə həmçinin 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq qəbul olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT TŞ-na müraciət etməli olduğu göstərilsə də, əslində atəşkəs haqqında razılığın qəbul olunması ifadəsi yalan idi.

1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən DQ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli təqdim olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamədə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən gücləndirilməsində, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı, yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəf adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın DQ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki, əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.

1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.

BMT TŞ-nin 874 saylı 14 oktyabr 1993-cü il tarixli qətnamənin tərcüməsindən:

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə TŞ-sı Sədrinin şuranın adından oxuduğu bəyanata əsaslanaraq, ATƏM-in DQ üzrə Minsk konfransının Sədrinin TŞ Sədrinin adına müraxiətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, AR-nin DQ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi humanitar vəziyyətlə əlaqədar və xüsusilə AR-da böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək;

1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır, BMT TŞ-nin 11 noyabr 1993-cü il (Ali Baş Komandan H.Əliyev) tarixli 884 nömrəli qətnaməsində Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır. ER-dan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi pislənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilirdi. Son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi.

1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etmişlər.

ATƏM (1995-ci ildən sonra ATƏT)-in Minsk prosesinin həmsədrlik institutuna rəhbərliyinin üç dəfə dəyişməsi və hər dəfə Rusiyadan həmsədr seçilməsi Finlandiya və İsveçin Fransa və ABŞ-nın həmsədrlərilə əvəz edilməsi heç də təsadüfi sayılmamalıdır.

Əmək fəaliyyətinin bütün mənalı hissəsini: (1941-1987-ci illər) Daxili İşlərin Xalq Komissarlığında (HKVD) sıravi işçidən tutmuş, SSRİ Dövlət Təhlükəsizlik Komitəsində Komitə sədrinin müavini, Komitə sədri (1941-1957), Azərbaycan Kommunist Partiyası MK-nin 1-ci katibi (1969-1982) və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini (1982-1987) vəzifələrdə çalışmağa həsr etmiş, SSRİ-nin 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 5 Lenin ordeni və 20-dən çox medallarla təltif edilmiş – 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti olmuş, 1969-cu ildə Laçın rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı, 1982-ci ildə: Qazax rayonunun İncidərə yaylağı, Kəmərli, Astanbəyli, Qaymaqlı kəndlərinin Kremlin göstərişi ilə Ermənistana verilməsi məhz Heydər Əliyevin Sov.İKP MK-nin Siyasi Büro üzvü olduğu vaxtlara təsadüf etmişdir. Elə bu səbəbdən Hliyev Minsk prosesi institutunun həmsədri kimi Rusiyanı seçməyə bilməzdi. Çünki torpaqların verilməsində Rusiyanın iştirakı danılmaz idi.

Ermənistan Rusiyanı seçməsi məsələsi isə münaqişənin hər iki tərəfinin razılığı ilə əldə edilmişdi. Hər iki tərəfin Rusiyanın Minsk prosesi institutuna rəhbərlik etməsində marağı vardı.

(Ardı var)

Rahib ZEYNALOV,

 

“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,

Rusiya Mühəndislik Akademiyasının həqiqi,

Azərbaycan Mühəndislik Akademiyasının

müxbir üzvü, texnika elmləri doktoru, dosent

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.142962