Saat:23:57
Haqqımızda

ƏMLAKI OLMAYAN HƏRBÇİLƏRDƏN “ƏMLAK ARAYIŞI RÜSUMU” ALINIR – Əmlak Məsələləri Dövlət Xidmətinin yığdığı vəsait qanunidirmi?

2024-02-16 12:25:14

ƏMLAKI OLMAYAN HƏRBÇİLƏRDƏN “ƏMLAK ARAYIŞI RÜSUMU” ALINIR – Əmlak Məsələləri Dövlət Xidmətinin yığdığı vəsait qanunidirmi?

Azərbaycanda hərbi qulluqçuların, xüsusilə də müharibə iştirakçılarının və qazilərimizin hər cür dövlət qayğısına layiq olduğuna heç kim şübhə etmir. Lakin təəssüf ki, bəzi hallarda onlara qarşı müəyyən dövlət qurumlarının süründürməçiliyi, biganə, ədalətsiz, hətta qanuna zidd davranışlarına rast gəlinir...

Azərbaycanda mənzil, daşınmaz əmlak sahibi olmayan kifayət qədər böyük sayda hərbçilərimiz var. Dövlət bu şəxslərə mənzil kirayəsi üçün əlavə vəsait ödəyir ki, onlar kirayə tutduqları mənzillərin kirayə haqqını ödəsinlər. Bu məbləğ ailə başçısı üçün paytaxtda 150 manat, ailənin digər üzvləri üçün isə həmin məbləğin 50 faizi miqdarında hesablanır. Regionlar üzrə bu vəsait fərqli məbləğdədir.

Əlbəttə ki, sözügedən məbləğ bir çox hallarda kirayə haqqını tam ödəməsə də, hərbçilərimiz üçün böyük dəstəkdir. Lakin həmin vəsaiti dövlətdən almaq üçün hərbçilər onların adına daşınmaz əmlakın olmadığına dair arayış təqdim etməlidirlər. Bu arayış “ASAN” xidmət mərkəzlərinin Daşınmaz Əmlak Şöbəsindən verilir və bu zaman hərbçilərimizdən hər ailə üzvünə görə 10 manat dəyərində rüsum tutulur. Yəni, məsələn, 5 nəfər ailə üzvü olan hərbçi həmin arayışa görə 50 manat rüsum ödəyir. Lakin “AzPolitika.info” ilə əlaqə saxlayan hərbçilər bu rüsumun qanunsuz olduğunu bildirirlər. Şikayətçilər hər il minlərlə, bəlkə də on minlərlə hərbçidən “rüsum” adı altında bu formada qanunsuz vəsaitlərin toplandığını deyirlər: “Bu arayışı almaq üçün bizdən rüsum ödəmək tələb olunur. Lakin qanunla həmin rüsumu əmlakı olanlar ödəməlidir. Biz mövcud qanun pozuntusuyla bağlı müvafiq qurumlara şikayət məktubu da ünvanlamışıq. Ancaq buna məhəl qoyan yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının 31 iyul 2023-cü il tarixli qərarının III bəndində göstərilib: “Daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar istisna olmaqla) əmlak sayı 10-a qədər olduqda 10 manat, əmlak sayı 10-dan artıq olduqda hər əlavə əmlak üçün 2 manat ödənməlidir”. Göründüyü kimi, burada söhbət konkret daşınmaz əmlakı olan şəxslərdən və onların əmlaklarının sayından gedir. Bunun heç bir əmlakı olmayan hərbçilərə şamil olunması nə dərəcədə doğrudur?

Şikayətçilər mövcud anlaşılmazlığın aydınlaşdırılmasını xahiş etdikləri üçün sözügedən məsələ ilə bağlı Əmlak Məsələri Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə yaratdıq.

Qurumdan bildirildi ki, həmin vəsait vətəndaşlardan xidmət haqqı kimi tələb olunur: “Tarif Şurasının qərarına əsasən, arayış verilən zaman 10 manat xidmət haqqı müəyyən olunub. Şəhid ailələri üçün isə bu məbləğ 5 manat olmalıdır. Əmlak olsa da, olmasa da rüsum ödənilməlidir”. Ancaq Tarif Şurasının qərarında söhbətin daşınmaz əmlakın hüquqi sahibindən” getdiyini, hərbçilərinsə əmlakının olmadığını desək də, qurumdan bildirdilər ki, istənilən halda rüsum ödənilməlidir...

Hər halda, müvafiq qurumlar bu anlaşılmaz vəziyyəti və qaranlıq qalan məqamları aydınlaşdırmağa çalışacaqlar. Ancaq bu məsələnin hüquqi tərəfilə yanaşı, bir də mənəvi tərəfi var. Bu rüsum elə də böyük məbləğ təşkil etməsə belə, bir dövlət qurumunun “dirəşərək” onu hərbçilərdən tələb etməsi acı təəssürat bağışlayır. Yəni, doğrudanmı Azərbaycan dövlətinin Azərbaycan torpaqlarını qoruyan və hazırda kirayələrdə yaşayan hərbçilərdən yığılan bu anlaşılmaz, hüquqi əsası şübhə doğuran “rüsuma” ehtiyacı var? Əlbəttə ki, yox. Belə olan halda, Prezident başda olmaqla, ölkə rəhbərliyi Ordumuzun, hərbçilərimizin sosial məsələlərinin həlli üçün addımlar atarkən bir dövlət qurumunun hərbçilərimizə “ödəməlisiniz” deyib dirəşməsi nəyə xidmət edir? 

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR