“Əmisi dedi ki, Nərminin meyitini qapıma ata bilərlər”

2022-06-08 17:05:00

“Əmisi dedi ki, Nərminin meyitini qapıma ata bilərlər”

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Hurriyyet.az xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə kənd sakini Ürfət Əliyev dindirilib. O deyib ki, Nərminin əmisi yanmış meyit tapılmamışdan iki-üç gün əvvəl kənd sakinlərindən birinə deyib ki, onun qapısına Nərminin paltarı, ayaqqabısı, özü atıla bilər: “Həmin vaxt uşaq təxminən 45 gün idi ki, itmişdi. Üstündən iki gün keçəndən sonra yaxınlıqdan yanmış meyit tapılıb. Yoldaşım gəlib dedi ki, Arif səni çağırır. Çıxdım, dedi ki, göz-qulaqda ol, birdən Nərminin ayaqqabısından, paltarından gətirib atarlar qapına, dərhal xəbər ver bizə, qonşuyuq, düşmən edərlər bizi. Nərminin əmisinin hansı məqsədlə belə bir söz dediyini, başqa kənd sakinlərinə də belə bir müraciətinin olub-olmadığını bilmirəm”.

Məhkəmədə İlkinin bacısı oğlu Nicat Eminov da dindirilib. O, Nərminin 47 gün ərzində saxlandığı iddia olunan otaqla bağlı ifadə verib: “Mən Bakıda yaşayıram. Dekabrın 15-də sinif yoldaşımın toyuna görə kəndə gəldim. Dekabrın 18-nə qədər orada qaldıq, iki toya getdim. Toya gedəndə Nərminin saxlandığı iddia olunan otaqda geyimimi dəyişdim. Otaqda heç kim yox idi. Anamla yanaşı, mənlə toya gələn dostum Orxan da bunu təsdiq edə bilər. Hər iki toyda iştirakım və geyimlərlə bağlı video və fotoşəkilləri məhkəməyə təqdim edə bilərəm.

Dayımın saxlandığını yanvarın 6-dan bilirdik. Lakin bizi əmin edirdilər ki, İlkin Süleymanovun izahatı alınıb buraxılacaq. 2020-ci il yanvarın 10-da internetdən oxudum ki, dayım Nərminin qatili kimi təqdim edilərək həbs olunub. Dərhal kəndə getdim. Polis rəisi Şirzad Əsgərov və səhv eləmirəmsə, icra başçısı gəldi. Şirzad məni hədələdi ki, səni də basaram dayının yanına. Dedi ki, sənə vaxt verirəm kənddən çıxmaq üçün, yoxsa dayının yanına göndərəcəyəm səni. Dedim, nə istəyirsən, elə. Şirzad yanıma iki polis qoşdu, gətirdilər məni "üçyol"dan avtobusa mindirib kənddən çıxartdılar. Avtobus sürücüsünün nömrəsini götürmüşdülər, tez-tez zəng edib soruşurdular ki, düşməmişəm?”

Məhkəmədə Tovuzdakı mərkəzi bazarda satışla məşğul olan Müslüm Əliyev də dindirilib. O, İlkin Süleymanov üçün alınan isti alt paltarı ilə bağlı ifadə verib. Belə ki, istintaq zamanı həmin paltarın üzərindən Nərmin Quliyevanın paltarının lifinin tapılması haqda ekspertiza rəy verib. İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanov bildirib ki, həmin alt paltarını qardaşı polis şöbəsində olduğu vaxt - 8 yanvar 2020-ci ildə bazardan alıb. Yeməklə birlikdə Tovuz Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verib. Müslüm Əliyev də məhkəmədə bu faktı təsdiqləyib: “Mən yanvarın 6-da Bakıya mal almağa gəlmişdim, 7-də rayona qayıtdım. 8-də bazara çıxdım. Həmin vaxt Bəhruz gəldi, isti alt paltarı istədi. Dedi ki, İlkin üçün istəyir. Biz sellofandan açdıq, baxdıq ki, İlkinin ölçüsünə uyğun olsun. İlkin onda tutulmuşdu, polis şöbəsində idi”.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya