Saat:23:08
Haqqımızda

EMİN UÇAR TALIBOVDAN SONRA ÖZÜNƏ YENİ “KRIŞA” TAPIB? – İş adamının Naxçıvan MR Ali Məclisdəki yeni havadarları kimlərdir?

2024-02-26 13:42:06

EMİN UÇAR TALIBOVDAN SONRA ÖZÜNƏ YENİ “KRIŞA” TAPIB? – İş adamının Naxçıvan MR Ali Məclisdəki yeni havadarları kimlərdir?

Fotoda gördüyünüz avtomobil Emin Uçara məxsusdur. Bu şəxsin kimliyi haqda dəyərli oxucularımıza məlumat verməzdən əvvəl onu qeyd edək ki, maşın Naxçıvan MR Ali Məclisinin binası qarşısında dayanıb. Üstəlik, bu avtomobilə həmin ərazidə tez-tez rast gəlmək olar.

Əlbəttə, ilk baxışdan oxucularımız elə düşünə bilər ki, yəqin bu Emin Uçar deyilən zat Ali Məclisin rəhbər şəxslərindən, yaxud da orada çalışan nüfuzlu məmurlardan biridir. Çünki Ali Məclisin binası qarşısında yalnız sözügedən şəxslərin maşını dayana bilər, o da çox qısa müddətə. Yəni hansısa vəzifəli şəxs binanın qarşısında avtomobildən düşdükdən sonra, sürücü aparıb maşını Ali Məclis işçiləri üçün ayrılan xüsusi dayanacaqda saxlayır. Bir sözlə, binanın qarşısında maşın saxlamaq birmənalı olaraq qadağandır.

Odur ki, kənar şəxslərin nəinki binanın önündə maşın saxlamasına, hətta həmin əraziyə daxil olmasına mühafizəçilər qəti olaraq imkan vermir. Təbii ki, bu da anlaşılandır. Ən azı təhlükəsizlik baxımından bütün dövlət binalarının qarşısında yalnız rəsmi şəxslərin, xüsusilə də orada çalışan vəzifəlilərin avtomobillərinin dayanmasına icazə verilir. Bu, Bakıda da, Naxçıvanda da belədir.

Lakin, fotodan da göründüyü kimi, haqqında bəhs etdiyimiz Emin Uçar deyilən şəxs heç bir rəsmi vəzifə daşımasa da, onun öz avtomobilini Ali Məhkəmənin binası qarşısında saxlamasına kimsə etiraz etmir. Doğrusu, bu, indi bir qədər də təəccüb doğurur. Şübhəsiz, Vasif Talıbovun Ali Məclisə sədrliyi dönəmində Emin Uçarın həmin ərazidə maşın saxlamasına kimsə etiraz edə bilməzdi. Hətta o dövrdə E.Uçara Naxçıvanda “gözünün üstündə qaşın var” deyən də tapılmazdı. Çünki onun arxasında məhz Naxçıvan “xan”ı dayanırdı.

Emin Uçarın kimliyinə gəldikdə, oxucularımızı çox da intizarda saxlamadan bildirək ki, əslən qardaş Türkiyədən olan bu şəxs Naxçıvanda çox tanınan iş adamlarından və “xan ailəsi”nə məxsus olduğu bildirilən “Gəmiqaya Holding”in rəsmi ortaqlarından olub. Onun indi bu şirkətdə pay sahibi olub-olmadığı barədə informasiyamız olmasa da, məlumat üçün bildirək ki, Vasif Talıbovla yaxınlığı, biznes şərikliliyi sayəsində son illərədək Muxtar Respublikada ən böyük layihələrin icrası məhz E.Uçara həvalə edilib. Bu baxımdan, onun böyük sərvət sahibinə çevrildiyi haqda informasiyalar var.

Təbii ki, Vasif Talıbov Ali Məclis sədrliyindən uzaqlaşdırılandan sonra, onun qanunsuz biznes şəbəkəsinin ortaqlarının da “vurulacağı” gözlənilən idi. Lakin Emin Uçarın hələ də öz avtomobilini Ali Məclisin binası qarşısında saxlaması çoxları tərəfindən təəccüblə qarşılanıb. Kimsə düşünə bilər ki, bu şəxs yəqin Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə də “yol tapıb”. Lakin əldə etdiyimiz məlumata əsasən, F.Nəcəfli Talıbov dönəmində qanunsuz yollarla Naxçıvanda “qaz vurub, qazan dolduran” digər iş adamları kimi, Emin Uçarı da yaxın buraxmır. Hətta bir müddət əvvəl Prezidentin səlahiyyətli nümayəndəsinin özü də mediaya açıqlamasında Naxçıvanda tikinti sahəsində çoxsaylı problemlərin aşkarlandığı açıqlamış, bu səbəbdən də yeni tikintilər müvəqqəti olaraq dayandırılmışdı. Məhz bununla əlaqədar olaraq, MR-də “tikinti maqnatı” kimi tanınan Emin Uçarın Fuad Nəcəfli ilə arasının sərin olduğu iddia edilir.

O halda E.Uçar hazırda Ali Məclisə tez-tez kiminlə görüşə gedir? Şübhəsiz, onun bu gün qanunverici orqanın binası qarşısında maşın saxlaması belə deməyə əsas verir ki, E.Uçarın hələ də Ali Məclisdə havadarları var. Görünür, o, Talıbovdan sonra özünə burada yeni “krışa” tapıb. Elə bu səbəbdən də onun Məclis binası qarşısında maşın saxlamasına göz yumulur.

Maraqlıdır, bu havadarlar kimlərdir? Niyə Fuad Nəcəfli tərəfindən onların qanunsuz əməllərinə son qoyulmur? Bəlkə, həqiqətən də, bəzilərinin iddia etdiyi kimi, Naxçıvanda ikihakimiyyətlilik mövcuddur?

Hər halda, bu və digər suallara tezliklə cavab tapmağa çalışacağıq.

KƏNAN

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR