Emin Əmrullayevin çıxışı eks-nazirlə professoru “üz-üzə” qoydu

2022-11-24 22:14:00

Emin Əmrullayevin çıxışı eks-nazirlə professoru “üz-üzə” qoydu

İngilis dilini bilməyən şəxs müasir elmlə necə məşğul ola və keyfiyyətli nəticə əldə edə bilər?

Elm və təhsil naziri Emin Əmrullayev doktorantların və gənc tədqiqatçıların konfransında çıxışı zamanı elm ictimaiyyətinə belə bir sual ünvanlayıb. Alimlərin bütün günü elmlə məşğul olmasının vacibliyini vurğulayan nazir, onların həm də ingilis dilini bilməsinin əhəmiyyətindən söz açıb.

"Necə ki, SSRİ dövründə elmlə məşğul olmaq üçün rus dili zəruri idi, eyni qayda müasir dövrdə ingilis dili  üçün keçərlidir. İngilis dilini bilmək zəruridir. Mənə görə alim, səhərdən axşama kimi elmlə məşğul olmalıdır. Bu səbəblə yaxşı nəticələr əldə etmək istəyiriksə, istedadlı, elmə marağı olan və bu sahəni həqiqətən sevən insanları cəlb etməyə çalışmalıyıq" - Emin Əmrullayev çıxışında deyib.

Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə yaşlı alimlərin ingilis dilini bilməməsini əsas gətirən bəzi şəxslər E.Əmrullayevin fikirləri ilə razı olmadıqlarını söyləyib. Bildiriblər ki, hansı sahədə çalışmasından asılı olmayaraq, insanların xarici dilə yönəlməsi könüllü olmalıdır. 

Bəs, kim haqlıdır: nazir, yoxsa ona irad bildirənlər?

Hurriyyet.Az bildirir ki, bu barədə Modern.az-a danışan sabiq təhsil naziri Firudun Cəlilov nazir Emin Əmrullayevə dəstəyini ifadə edib.

“Bütün dünyada ingilis dili ortaq dil olaraq işlədilir. Vaxtı ilə Azərbaycanda rus dilini bilməyənlərə vəzifə verilmirdi. Elə vaxt gələcək ki, ingilis dilini bilməyənlərə vəzifə verilməyəcək. Buna görə nazirin fikirləri gerçəkliyi ifadə edir. Mən də hesab edirəm ki, elmlə məşğul olan bütün gənclər ingilis dilini bilməlidir”,- eks-nazir söyləyib.

Professor, təhsil üzrə mütəxəssis Şahlar Əsgərov isə hesab edir ki, alimlərin ingilis dili bilməməsi ilə bağlı problem məktəbdən başlayır. Onun fikrincə, bütün alimlərin ingilis dilini bilməsi vacib deyil.

“Azərbaycan tarixi, coğrafiyası və digər sahələrlə məşğul olan alimlərin dil bilməsinə ehtiyac yoxdur. İngilis dili dəqiq elmlərlə, texnika ilə məşğul olan alimlər üçün vacibdir. Dil orta məktəblərdə öyrədilməlidir. İndiki alimlərin məktəb dövründə ingilis dili vacib dil deyildi. Ancaq müasir gənclərin hər biri beynəlxalq dil olan ingilis dilini öyrənməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123813