Saat:19:55
Haqqımızda

“Emin Əmrullayev, sən cavab verəcəksən...” – ƏMƏKDAR MÜƏLLİMDƏN PREZİDENTƏ MÜRACİƏT

2021-09-25 22:10:00

“Emin Əmrullayev, sən cavab verəcəksən...” – ƏMƏKDAR MÜƏLLİMDƏN PREZİDENTƏ MÜRACİƏT

Əməkdar müəllim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Həsənov İlham Musa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növəbti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Çox hörmətli Prezident!

Mən təəssüf hissi keçirirəm ki, mənim 20-ci müraciətimə də cavab gəlmədi. İndi qəti qərara gəldim ki, bütün bunlar Prezident Aparatının bir qrup işçilərinin məsuliyyətsizliyindən və Emin Əmrullayev başda olmaqla Azərbaycan respublikası təhsil nazirliyinin ədalətsiz, rüşvətxor, savadsız, yerində olmayan rəsmilərinin günahı ucbatındadır. Mən belə düşünürəm ki, Emin Əmrullayev öz komanda üzvləri ilə birgə xalqı və milləti barmağına dolayıblar. Özlərini  biabır ediblər. Artıq cəmiyyətdə çirkin əməllərinə görə ifşa olunublar. Çünki bunu hamı görür. Atalar sözüdür,“El gözü tərəzidir”. Bunlar özlərini elə aparırlar ki, guya ölkədə bunlardan böyük, bunlardan güclü adam yoxdur...

Mən bir şeyi yəqin bilirəm ki, mənim və Valeh müəllimin, yəni iki əməkdar müəllimi, 2 ictimai xadimi, 2 dövlət nümayəndəsini, 65 yaşı bəhanə edib qərəzli formada nazirliyin öz əmrinin ziddinə gedərək işdən uzaqlaşdırılmasını prezident onlara bağışlamayacaq. Gec-tez bu məsələnin üstü açılacaq. Və prezident bunu bilən kimi, sizi ciddi şəkildə cəzalandıracaqdır.

Yaxşı, necə olur ki, Gəncədə 3 əməkdar müəllimdən bizim ikimizi çıxardıb, ancaq bizdən qat-qat aşağı olan üçüncü məktəb direktoru Bəhram Imranovu işdə saxlayırsınız? Çünki bizim pulumuz və adamımız yoxdur.

Emin Əmrullayev, bir gün səndən cənab Prezident soruşacaq: “Niyə Azərbaycan təhsilini bu günə qoymusan? Niyə bu təhsili dağıtmısan? Niyə imkan verirsən ki, Gəncə təhsilində savadsız, dələduz, cinayətkar, antipot, ən nəhayət SOROS-a xidmət edən və Gəncə təhsilini rüşvət mənbəyinə çevirən Anar Qədiməliyev şəhərdə at oynatsın. Kimdir bu adamın havadarları? Kimdir bunu müdafiə edənlər? Kimdir bunun arxasında duranlar?”  Bütün bu suallara, Emin Əmrullayev, sən cavab verəcəksən. Ona görə ki, birləşib mən və Valeh müəllim kimi qabiliyyətli, işgüzar, qabaqcıl, təcrübəli təhsil işçilərini düşünülmüş formada işdən çıxartdınız. Hansı ki, bizim hər ikimiz barədə 8 saylı Ərazi Maliyyə idarəsinin rəisi Fəraid Qəhrəmanov və təhsil idarəsinin müdirini müvəqqəti əvəz edən İqbal Kərimov yüksək rəy vermişdir.  Siz isə, qaydaları pozaraq buna da əməl etmədiniz. Çünki sizlərə bizim kimi adamlar sərf etmir.

İşlədiyi 1 il müddət ərzində Anar Qədiməliyevin özünü necə aparmasından, onun necə mənfur hərəkətlərindən, törətdiyi qeyri-qanuni əməllərdən guya xəbəriniz yoxdur? Əlbəttə var. Sadəcə olaraq özü başda olmaqla, nazir müavini Muxtar Məmmədov, Orxan Abbasov, Eşqi Bağırov, Rəşad Xanlarov bunları dövlət başçısından gizlədirsiniz.

Emin Əmrullayev, bir şeyi bilməlisən ki, Anar Qədiməliyev öz hərəkətləri ilə özünü yox, sizi pis vəziyyətə salıb. Sizin üçün əlavə problemlər yaradıb. Bu minvalla ölkədə 300-ə yaxın məktəb direktorlarını, o cümlədən, təkcə Kəlbəcərdə 69,80,100, nömrəli məktəblərin direktorlarını, qonşu Göygöl, Samux, Şəmkir məktəblərinin neçə-neçə direktorlarını hansısa qaranlıq yollarla neçə illərdi saxlamısınız. Deməli, onlara olar, bizə yox. Məni qəbul edin, bütün faktları bir-bir sizə sadalayım. Bəsdirin, dayanın, işləmək istəyirsinizsə, adam kimi işləyin. Yox, işləmək istəmirsinizsə, vaxtında gedin, xalqın canı sizdən qurtarsın.

Cənab prezident!

Bir daha sizdən xahiş edirəm ki, Emin Əmrullayev və onun əlaltıları barədə ən ciddi ölçü götürəsiniz. Təhsil millətin gələcəyidir. Əgər istəyirsinizsə, Azərbaycan təhsilinin gələcəyi inkişaf etdirilib, çiçəklənsin, ən yaxın vaxtlarda qısa zaman kəsiyində Emin Əmrullayev və onun komandası təcili olaraq təhsil sahəsindən uzaqlaşdırılmalıdır. İnandırıram ki, sizin atılacaq bu müsbət addımınız bütün Azərbaycan xalqının ürəyincə olacaq.

Bəri başdan sizi bağrıma basıb öpürəm və sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR